Alatorana qayıdış…

Sabutay

...AYB, daha doğrusu, onun idealları sanki revanş götürüb…

Ötən əsrin son illərində ölkədə çoxdan unudulmuş və qarımış ədəbiyyat mənzərəsi sürətlə dəyişməyə başladı. Ədəbi bütlərin donuq və buz gözləri, ədəbi mühafizəkarlıq özünəməxsus ətalətlə bu mənzərəni – Azərbaycan çapında ədəbi intibah addımlarını izləmək məcburiyyətində qalmışdı. Bu intibah isə ədəbi təsərrüfatın bərbad halına,ədəbiyyata hakim basqıya etirazdan tutmuş mövcud ədəbi ənənələrə, eləcə də yaradıcılıq konsepsiyalarını təftiş etməyə qədər məsafəni əhatə edirdi. İndi qəzetlərin tək səhifələrində ədəbiyyat əlavələri sıx-sıx görünməyə başlayır, yeni imzalar ortaya çıxırdı. Əslində, bu proses hər tərəfdən sıxılmış cəmiyyətdə enerjinin bu şəkildə püskürməsi idi. Özü də elə bir vaxtda ki, cəmiyyətdə yenilik gətirmək əzmində olan siyasi qüvvələr belə dövrün ədəbi mühafizəkarlığının altında idi. İnqilabi çağırışlı bu şərti intibaha qoşulanlar heç də tam tərkibdə yaradıcı potensialı olanlardan ibarət deyildi. Bu sıraya AYB-yə daxil olub qocalığın əlindəki imkanlara sarı buraxılmayanlar da əlacsızlıqdan daxil olmuşdu (AYB öz səhvini son 3-4 ildə düzəltməyə başlayıb). Eyni zamanda alternativlərin sırasına qoşulmaq həm də daha tez tanınmaq idi ki, burada əsas olaraq heç də yaradıcı potensial önə çəkilmirdi. Elə bir dövr idi ki, inqilab hələlik balalarını yemirdi. Hələ də çoxları o dövr asanlıqla əldə etikləri ilə indi də yazıçı kimi manipulyasiya etməkdədir. Ədəbi səhifələr isə tezliklə öz yerini qəzetlərin tərkibində “xüsusi buraxılış”lara verdi və daha bir cəhdin növbəsi gəldi. Hətta mühafizəkarlar belə yeni ədəbi-mətbu nəşrlər yaratmağa girişdilər. Bu zamanlarda isə ilk alternativ – “Alatoran” nəşrə başladı…

İnternetin sürətli gəlişi ədəbi mətbuları da arxa plana keçirdi. Dərgilər ayq üstə durmamış, şiddətli rəqabət başlamamış internet və ədəbiyyat dueti ortaya daxil oldu.

Bəs nədən ilk növbədə məhz yazarlar özləri internetə sarı atıldılar? İlk növbədə yaradıcılara məxsus şöhrət hissinin də burada kifayət qədər rolu var. Lakin nəzərə alsaq ki, dünyanın inkişaf etmiş ölkələrində istər internet, istərsə də oxu üçün digər texniki vəsaitlər çap vasitələrini heç də üstələməyib, deməli, jurnallara ehtiyacın olmadığını deyə bilmərik. Özü də ola hələ inkişaf edib-etmədiyi bəlli olmayan bir ölkədə. Əslində isə bizim ədəbi cameənin əsasən gənclik hissəsi var-gücləri ilə ədəbiyyatı yeni texniki texnologiyaya pərçim edərkən, bir şeyi nəzərə almırdılar. İnternet nə qədər inkişaf etsə də, dünyada kağız istehsalı heç azalmamış,əksinə çap məhsulları artımına görə ona tələbat çoxalmışdı. Eyni zamanda kompüter bir anda maqnit sahəsi yaradır və xitab etdiyi beyin korteksindəki bölgələr səbəbiylə ekran qarşısında kitab oxumağı çətinləşdirir. Yüz faiz əmin olun, bu dəqiqə ədəbi saytlara sahib olmaq müharibəsi getsə də, saytlardakı ədəbi yazıları yox, ədəbi qeybətləri bir nəfəsə oxuyurlar. Özü də bu Oxucular elə əsasən yazarların özləridir. Elə bir-birilərinə təhqiramiz şərhləri də 3-4 nikdən istifadə etməklə özləri yazırlar. Saytlardan uzaqbaşı qısa şeirlər oxunur. Sayt qəzet və jurnal qədər zəhmət tələb etmir. Sorğu keçirsək ki, bu gün saytdan kim hekayə oxuyub, əmin olun, məyus olacaqsınız. Lakin əsas məsələ bu da deyil. Paytaxtın özündə belə əhali faizi kompüter və internetin imkanı baxımından azlıq təşkil edirsə, görün əyalətlər nə gündədir. Mənim nəticəm budur. Jurnalçılıqdan əl çəkmək və ya bu işi zəiflədərək internetin aldadıcı operativliyinə uymamaq lazım idi. “Alotoran” jurnalı kiçik addımlarla artıq əyalətlərə yol açdığı bir zamanda, Oxucu sayını artırarkən fəaliyyətini olduqca zəiflətdi. Əslində, bu jurnal yoxdur. Ümumi götürəndə jurnalın böyüməsi üçün yetərli iş aparılmamışdı. Saytlarda yazılar arxivlərə atılıb da diqqəti cəlb etməyə bilər, amma jurnal hər an sənin stolunun üzərindədir. Buradakı ədəbi yazını sən mütaliə qaydalarına uyğun, istədiyin vaxt oxuya bilərdin. Jurnalın üstünlüklərini daha da uzada bilərdim, lakin bircə onu deyim ki, intibahın uğur yadigarı olaraq “Alatoran” və onun təkmil konsepsiyası qalmalı idi – ən azı tarix üçün. Daha bəhs etmirəm ki, bu jurnalı həm də eyniadlı nəşriyyata çevirmək, məhz nəşriyyat arxasında daha yeni nəsil ədəbi yazarları birləşdirmək olardı. Çox sürətlə, alayarımçıq olaraq, bəhsəbəhslə keçilən mərhələlər daha çox xaosa yol açıb bəlkə də… İnternet virtullığına sığınmış ədəbiyyat real diskussiyalı, fikir mübadiləli ədəbi mühitə ehtiyacı da məhv edib.

Amma deyəsən elə bir dövr gəlib ki, inqilab öz balalarını yeyir.

Qorxuram ki, klassik mənzərəyə şahid olaq: inqilabdan faydalanmış fırıldaqçılar ədəbi yönətmənliyi ələ keçirsinlər.

Zatən prosseslər buna doğru gedir.

…AYB, daha doğrusu onun idealları sanki revanş götürüb…

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button