ALDP müxalifəti birliyə səslədi
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr aparatının iclasını keçirib. İclasda müxalifətə müraciət qəbul olunub. Azərbaycan Liberal Demokrat Partiyasının mətbuat xidmətindən xural.com-a daxil olan məlumata görə, müraciətdə deyilir:
“Azərbaycan müxalifətinin son 15 il ərzində acınacaqlı bir vəziyyətə düşdüyü bir zamanda müxalifət nümayəndələrinin sosial şəbəkələrdə bir-birilərinə qarşı ittihamları daha da intensivləşib. Artıq bu ittihamlar “hakimiyyətə satılıb”, “hakimiyyətin agenti” və başqa təhqirlər səviyyəsinə keçib.
ALDP müxalifətin bugünki parçalanmış durumda olan bir vaxtda, belə ittihamları hakimiyyətin əlində oynamaq kimi qiymətləndirir. Xüsusilə siyasi məhbuslar mövzusunda.
ALDP hesab edir ki, qarşımızda seçkilər yaxınlaşır və biz birlik nümayiş etdirib bu seçkilərə hazırlaşmalıyıq. Ancaq birlikdə biz bu iqtidara qalib gələ biləcəyik.
ALDP olaraq müxalifət partiyalara, QHT-a və müxalif fikirli soydaşlara müraciət edərək, bu ittihamlara son qoymağa və bütün müxalif qüvvələrin birliyinə çağırırıq.”
Xural.com