Ali Məhkəmə bloklanan saytlarla bağlı qərar verdi

AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytlarının Azərbaycan ərazisində bloklanması ilə bağlı məhkəmə qərardan verilən kassasiya şikayətinə baxılıb.
Bizimyol.info xəbər verir ki, hakim Mehparə Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin təmin edilməməsi barədə qərar elan olunub.

Qeyd edək ki, 2017-ci ilin martın sonundan adıçəkilən saytlara giriş əngəllənib. Həmin ilin mayın 12-də isə Səbail rayon Səbail Rayon Məhkəməsi saytların bloklanması ilə bağlı qərar çıxarıb. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib və tənqidi mövqelərinə görə təzyiqə məruz qaldıqlarını bəyan ediblər.

Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Saytların dövlət qurumu tərəfindən bloklanması ilə qanunvericiliyə yeni salınıb. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilib.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button