Ali Məhkəmə İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verib

Aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu əvvəllər həbs edilmiş Real Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb.

Plenum onların təqsirinin sübuta yetirilmədiyini hesab edərək, onlar barəsində çıxarılmış hökmləri ləğv edib və hər ikisinə bəraət verib.

Eyni zamanda məhkəmə mənəvi ziyana görə Cəfərova 57 400 manat, Məmmədova 234 000 manat ödənilməsi barədə qərar verib.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində “iğtişaşların təşkilinə görə” 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beynəlxalq təşkilatlar Məmmədovu siyasi məhbus kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsini və azadlıqdan məhrum edilməsini əsassız hesab edərək onun işi üzrə bir neçə qərar çıxarıb. Avropa Şurasının strukturları və AŞPA dəfələrlə Məmmədovu azad etmək və ona qarşı bütün ittihamları ləğv etmək tələbi ilə çıxış edib. Amma Azərbaycan hakimiyyəti uzun illər bu tələblərə məhəl qoymayıb. O, yalnız 2018-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb, amma ona qarşı ittihamlar ləğv edilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi Rəsul Cəfərovun işi üzrə də buna bənzər qərarlar çıxarıb, Azərbaycan hökuməti bu qərarlara da məhəl qoymayıb. Beynəlxalq ictimaiyyətin siyasi məhbus kimi tanıdığı Cəfərov 2014-cü ildə xidməti səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq və mənimsəmə, vergilərdən yayınma ittihamları ilə həbs edilib. İki il sonra o, əfv olunub, amma Avropa Məhkəməsinin qərarlarına baxmayaraq, ona qarşı ittihamlar ləğv edilməyib.

Ali Məhkəmənin bugünkü qərarını Turan-a şərh edən Məmmədov onu “böyük qələbə və Azərbaycanın məhkəmə-hüquq sistemində mühüm hadisə” adlandırıb.

Rəsul Cəfərov da Avropa Məhkəməsinin gec də olsa yerinə yetirilməsindən məmnunluğunu gizlətməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button