Ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu başladı

09.02.2012

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək olan müddətdə təsdiq etdirməlidirlər. “Elektron imza”dan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb edilən sənədlərin əsillərini şəxsən təqdim etməlidir.

Bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını dolduracaq. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bundan sonra bakalavrlar tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirəcəklər. “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilər.

Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılan SQK-da, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları ərizələrini ali təhsil müəssisələrində yaradılan SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirəcək.

Magistraturaya birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button