ALİ MƏHKƏMƏ Ə.ZEYNALLI HAQQINDA ÇIXARILMIŞ SAXTA HÖKMÜ QÜVVƏDƏ SAXLAYACAQMI?

915609.09.2013

Əvəz Zeynallı: “Mən ümumiyyətlə, qanunla 311-ci maddə ilə mühakimə oluna bilmərəm… Bu iş başından sonuna qədər saxtadır. Bu işin şər olduğunu yer, göy, insanlar və hətta ruhlar da bilirlər… Vaxt gələcək bu gün mənim həbsimə imza atan məmurların hamısı bu qəfəslikdən baxıb, insanlardan imdad umacaqlar. Siz öz imzalarınızın o məkrli, saxta hökmlərin altına atılmasına rəvac verməyin!..”

Sentyabrın 11-də saat  10:30-da Ali Məhkəmədə hakim İ.Cəfərovun           sədrliyilə “Xural” qəzetinin saxta ittihamlarla həbs olunmuş baş redaktoru Əvəz Zeynallının məhkəmə işinə baxılacaq.

Xatırladaq ki, bu il martın 13-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının barəsində martın 12-də BACM-nin çıxardığı 9 illik həbs hökmünü qüvvədə saxlamışdı. (https://www.xural.com/?p=16438) Ə.Zeynallının müdfiə tərəfi bu qərardan Ali məhkəməyə kassasiya şikayəti verib.

Ə.Zeynallının məhkəmələrinin açıq keçirilməsinə baxmayaraq, hər dəfə hakimlər müxtəlif bəhanələr gətitətək, prosesin audio və videoçəkilişlərini aparmağı qadağan edib. Hakimlərin ilk gündən verdikləri bu qərar hər dəfə məhkəmənin qeyri-obyektiv və ədalətsiz keçirilməsinə yol açıb. Apellyasiya məhkəməsində çıxış edən Əvəz Zeynallı haqqında qaldırılan cinayət işinin başdan ayağa saxta olduğunu deyib: “Mən təxminən hakimlərin hansı qərarı verəcəyini bilirəm. Onu da bilirəm ki, burada nə deməyimizdən, nəyi sübut etməyimizdən asılı olmayaraq, hakimlər “Müşavirə Otağına” gələn zənglə də qərar verəcəklər. Mənim 11 aylıq məhkəmə prosesim keçirildi və bu proses zamanı məni nə qədər naşı, saxta ittihamlarla həbs elədikləri sübuta yetdi. Bütün dünya bu gün bu məhkəmə prosesinin saxtalığından danışır. Məni şikayəti əsasında həbs etdirən sabiq deputat Gülər Əhmədovanın özü bu gün mənim girov saxlanıldığım Bakı İstintaq Təcridxanasında CM-nin 178-ci maddəsilə dələduzluq ittihamı ilə həbsdədir. Haqqımda 4 cildlik cinayət işi quraşdırıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin “şeytan üçbucağı” 11 ay mənim – müdafiə tərəfinin gətirdiyi bütün dəlil və sübutlara göz yumdu. 28 oktyabr 2011-ci ildə məni küçənin ortasından oğurlayıblar, 11 aydan sonra da 9 illik hökmü yükləyiblər. Nə dövlətin qanunlarına, nə Tanrının qorxusuna baxmadan saxta dəlillərlə, guya günahkar olduğumu “sübut” ediblər. Cinayət işinin bir çox materialları mənə verilməyib. Gülər Əhmədovanın mənim işimdə əsas şikayətçi, sonradan əsas şahid olmasına baxmayaraq, onu dindirə bilməmişik. Digər şahidlər də, mənə rüşvət vermədiklərini o məhkəmə salonundan dəfələrlə səsləndirdilər. 11 aylıq proses zamanı çox cinayətlərin üstü açıla bilərdi, amma hakimlər bilərəkdən bunu üstündən keçdilər. Mən hələ onu demirəm ki, Əvəz Zeynallı 311-ci maddənin subyekti deyil, hələ mən onu da demirəm ki, dövlət məmuru deyiləm, qəzetim dövlət büdcəsindən maliyyələşməyib.

Mən ümumiyyətlə, qanunla 311-ci maddə ilə mühakimə oluna bilmərəm. Birinci gündən bu günə qədər saxtakarlıqla üz-üzəyəm. Gülər Əhmədovanın şikayət ərizəsilə məni tutblar. İstintaq isə qərar verir – İstintaq idarəsinin rəisi Əli Quliyev KQMİ-nin rəis müavini Əli Nağıyevə məktub yazır: Əvəz Zeynallının və Gülər Əhmədovanın telefonlarının dinlənilməsi, SMS-lərin çıxarılması, ayrılıqda onların telefonlarına gedən və gələn zənglərin çıxarılması. Mənim barəmdə bunu ediblər. Amma heç bir əsas göstərmədən G.Əhmədovaya bu şamil edilməyib. Haqqımda şikayətçi olan admların ikisi ilə bizim məhkəmə çəkişməmiz olub və onlar sonda iddialarını geri götürüblər. Bu işin hansı formada, qanunsuz olaraq necə dirilməsini məhkəmə araşdırmadı, heç bu məsələyə toxunmadı da… Haqqımda qaldırılan heç bir cinayət işinin qanuni əsası yoxdur. Mən bir daha təkrar edirəm – mən azad sözün, müstəqil mətbuatın qurbanıyam. Mənim qarşımı ala bilmədilər və həbsimə qərar verildi. Bu gün də mənə aydın olur ki, E.Abdullayev “mandat alveri” serialını mətbuata məhz mənim həbs olunma ərəfəmdə çıxarmaq fikrində olub. Gülər də, onun arxasında duran admlar da elə düşünüblər ki, o videolar məndədir və redaksiyamdan da, evimdən də onu axtarıblar. Amma mənim o kasetlərdən ümumiyyətlə xəbərim olmayıb. Bu gün də deyirəm, mən müstəqil mətbu orqan yaratmışam və orada fəaliyyət göstərmişəm. O material mənə gəlsəydi Gülərin timsah göz yaşlarına baxmadan onu yayımlayacaqdım. Nə üçün bunu etməməli idim ki? Ona görə bu adam mənə yalvarırmış ki, “sənə məndən nə versələr dərc etmə”. Mən bu adamdan, onun fitnəsindən qaçmışam. Siz hansı təhdid və hədə qorxudan danışırsınız? Təhdid Gülərinki kimi olur. Elşada deyir ki, “ya bir milyon verəcəksən, ya da Əli İnsanovdan artıq oğul deyilsən. Onun kimi səni də bitirərik”. Şantaj, hədə-qorxu budur. Vergilərə gəlincə, bu da riyaziyyatdır. Əflatun Qasımov, siz bunu hesablamayacaqsınız, başqaları hesablayacaq.

Bu iş başından sonuna qədər saxtadır. Bu işin şər olduğunu yer, göy, insanlar və ruhlar bilirlər. Mən yaxşı qəzet buraxmışam. Peşəmi layiqincə, cəsarətlə yerinə yetirmişəm. Heç kimdən qorxub, çəkinməmişəm. Azad sözü də heç bir oliqarxın puluna qurban verməmişəm. Nə sağa, nə də sola baxmamışam. Siyasi qruplaşmaların heç birinə qoşulmamışam, özüm ayrıca güc olmuşam. Bir balaca qəzeti böyüdüb, ölkə miqyaslı, dövlət əhəmiyyətli qəzet eləmişəm. Gündə 7 dəfə qəzet çıxarmışam. Dünyanın dörd bir yanından köşə yazarları mənə yazılar göndəriblər. Və mən bütün bu işləru pulsuz həyata keçirmişəm. Getdikcə böyüyən uğurlarımız dövlətə xidmət etməyən məmurları təşfişə salıb. Deyiblər ki, bunu qarşısını almaq lazımdır. Bu yolla alıblar. Ona görə buradayam. G.Əhmədovanın şikayətilə mənə 147-148-ci maddələri də verə bilərdilər. Amma məmular artıq bu maddə ilə jurnalisti həbs eləmirlər. Hökmdə yazılır ki, “Əvəz Zeynalov rüşvət vədini qəbul etmişdir.” Bunun hüquqi açıqlaması varmı? Əlində rüşvət tutduğunuz adamları – özü də dövlət məmurlarını 178-ci maddə ilə həbs edib, 3 il hökm oxuyub, sonra sakitcə azadlığa buraxırsınız, məni isə rüşvətlə heç bir əlaqəm olmadığı halda, “rüşvət vədini qəbul etməkdə” ittiham edib, 9 il həbs edirsiniz? Gülər “şartaşart”  adamdan təhdid və şantajla 2 milyon pul alır, 178-ci maddə ilə cinayət işi qaldırırlar. Halbuki bu adam deputat olub və qanunun 308-ci maddəsi millət vəkilini “vəzifəli şəxs” olaraq tanıyır. 2 milyon dolları alan vəzifəli şəxsi sabah heç nə olmamış kimi azad etsələr təəcüblənməyəcəyəm. Çünki onun arxasında duran güclü adamlar var. Əvəz Zeynallı ağzını açmaya-açmaya “rüşvət vədini qəbul etdiyi üçün” 9 il həbsdə yatmalıdır? Hakimlikdən kənar, inancınız varsa, Allahdan qorxun. Allahın qübbəsinin altında yaşayırıq. Məni həbs edəndə qızımın 8 yaşı var idi, Güləri həbs edəndə oğlunun 8 yaşı var idi. Qarşınızda olan cinayət işi artıq tarımar olub, mən bu millətdən, xalqımdan öz ictimai bəraətimi almışam. Mən, Azərbaycanın repressiya, nankorluq qurbanı olan heç bir oğlundan artıq deyiləm. Bu gün də 563 gündür ki, həbsdəyəm. Ən çətin şeyləri belə gözə almışam.

Özüm kimi əminəm ki, vaxt gələcək bu gün mənim həbsimə imza atan məmurların hamısı bu qəfəslikdən baxıb, insanlardan imdad umacaqlar. Siz öz imzalarınızın o məkrli, saxta hökmlərin altına atılmasına rəvac verməyin! Bu cinayət işinin altında imzası olan hər kəs hesabı verəcək. Kim olursa, olsun. Nə vaxtsa bu hesabı verəcək. Əvəz Zeynallını bir məkri-zənənin şər və böhtanı ilə CM-nin 311-ci maddəsilə bura soxub, onun da altından imza atan qələmlərin hamısı hesabı verəcək. 2012-ci il iyulun 2-də başına özü kimi 50 reket yığıb Bakı Ağır Cinayətlər Məhkəməsində ən iyrənc formada üstümə hücum çəkən Gülər Əhmədovaya da demişdim ki, “sən bu qəfəsə girəcəksən. Sən bura gələcəksən…” Hamı da buna şahiddir. Budur, Gülər artıq qəfəsdədir.

İndi deyəcəklərim özümə də gülməli gəlir. Mən, Azərbaycan ədliyyə sisteminin nə cür acınacaqlı vəziyyətdə olduğundan, necə sifarişlə hökm olxumasından xəbərdaram. Amma yenə də bunu deməyi özümdə borc bilirəm – azacıq ədalətiniz varsa, sizdən tam bəraətimi istəyirəm. İstəklərimi də “müşavirə otağında kimlərlə lazımdırsa, məsləhətləşin, bura qayıdıb, hökmü qüvvədə saxlayın, biz də işimizi bilək. Artıq bu şouya baxmaq hamını yorub…”

Daha sonra vəkil Elçin Sadığov danışıb və Ə.Zeynallıya qarşı qaldırılmış bütün ittihamların saxta və qurama olduğunu sübut edib.

Dövlət ittihamçısı Ə.Zeynallının arqumentlərinin əsassız olduğunu deyib, lakin özünün “əsaslı arqument”lərini sadalamayıb. Buna baxmayaraq birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

“Müşavirə Otağı”ndan qayıdan hakim Əflatun Qasımov Məhkəmə Kollegiyasının qərarını açıqlayıb və bildirib ki, Ə.Zeynallının apellyasiya şikayəti təmin edilməsin: “AR CPM-nin 398.1.3 maddəsini rəhbər tutaraq qərara alınır: BACM-nin 12 mart 2013-ci il tarixli hökmü Zeynalov Ə.T. barəsində dəyişdirilmədən saxlanılsın. Qərardan qanuni qüvvədə olan müddətdən kassasiya şıkayəti vermək olar.”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmır və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.
Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 6 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button