Ali Məhkəmə Əvəz Zeynallının kassasiya şikayətini təmin etmədi

1151035_635016949851479_2097245081_n22.08.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2013-cü il tarixli qərarından AR Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına verdikləri kassasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqov çıxışında bildirdi ki, 2001-ci il oktyabr ayının 28-dən – Əvəz Zeynallı həbs olunduğu gündən onun vəkilidir. “Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra Əvəz Zeynallı ilə görüşə gedən zaman, mütəmadi olaraq, həm mənim üzərimi yoxlayır, kitabçamın arasında olan sənədləri, məktubları nəzərdən keçirirdilər. Bundan başqa bizim görüşdüyümüz otaq daim güdülür, nəzarətçilər qapının ağzından çəkilmirlər. Bütün bunlar isə vəkillə müdafiə etdiyi şəxs arasında konfenedensiallığın pozulmasına səbəb olur. 25 noyabr 2011-ci il tarixində Əvəz Zeynallı ilə birgə hazırladığımız vəsatət əlimdən zorla alındı. Digər görüşdə isə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə Əvəz Zeynallının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət də müsadirə yolu ilə əlimdən zorla alındı”- deyən Elçin Sadıqov bu əməllərin qanunvericiliyə zidd olduğunu vurğuladı.”Vəkillə müdafiə etdiyi şəxs görüşdə təkcə danışmalı deyil ki? Bizim müəyyən sənədlər hazırlamaq hüququmuz var. Ancaq BİT əməkdaşları hansısa sənədin hazırlanmasına icazə vermir, həmin sənədləri qanunsuz yolla əlimizdən alırlar.”

Daha sonra çıxış edən Ə.Zeynallı Ali Məhkəmədə aparılan tikinti və təmir işlərinin yüksək səviyyədə həyata keçirdiyini, məhkəmə zallarının və hətta müvəqqəti saxlanma otaqlarının yüksək standartlara cavab verdiyini dedi: “Mən çox şadam ki, vaxtilə Türkiyədə rast gəldiyim bu standartlarla artıq Azərbaycanda qarşılaşıram. Əlbəttə belə məhkəmə salonlarında ədalətli qərarlar da verilərsə, o zaman əlavə şərhə ehtiyac olmayacaq. Hesab edirəm ki, hər bir Azərbaycan məhkəməsi məhz ədalətli qərarlar verməklə dünyaya örnək olmalıdır”.

Ə.Zeynallı bundan sonra vurğuladı ki, BİT-də bütün konfedensiallıqlar pozulub və onun yuxarı instansiyalara aidiyyatı üzrə müraciətləri süni və qanunsuz yollarla əngəllənib. “Məni həbs etdirən Gülər Əhmədova o zaman deputat idi və açıqlamasında bizi silahla hədələmişdi ki, “neyləyək, bunun başına bir güllə vuraq?”. Bu səbəbsdən həyatımın təhlükədə olduğunu düşünərək, təjlükəsizliyimlə bağlı müraciət hazırlayaraq, göndərmək istəyirdim. Ancaq özümə bu imkanı vermədikləri üçün vəkilim vasitəsilə müraciəti göndərmək istəsəm də, ondan da bu sənədi qanunsuz müsadirə etdilər. Hətta vəziyyət o həddə çatmışdı ki, BİT əməkdaşları vəkilə xəbərdarlıq etmişdilər ki, əgər sənədləri verməsə, ona qarşı zor tətbiq olunacaq.Ümumiyyətlə orada otaqlar dinlənilir. Vəkilimlə ikilikdə gizli danışdığım bütün söhbətləri istintaqda müstəntiq mənə deyirdi. Hətta saxlanıldığım otaq da dinlənilir. Orada digər məhbuslarla danışdıqlarımızdan da xəbərdar olurlar. Qeyd edim ki, məmin saxlanıldığım otaqda əvvəllər də ictimaiyyətdə tanınan şəxslər – Arif Hacılı, Mövsum Səmədov, Rövşən Lənkərnski və digərləri saxlanılıb. Əminəm ki, o otağa həm kamera, həm də səsyazan qurğu yerləşdirilib. Həmin otağa 8 elektirk xətti daxil olur və bunlardan hansınansa o qurğulara aid olduğu istisna deyil” – deyən Zeynallı ona işləmək üçün komputer gətirməyə icazə verilməməsindən də narazılığını bildirdi: “Norçeçdə 77 nəfəri öldürən və 240 nəfəri yaralayan Andres Breyvikə 21 il iş verildi və onun üçün həbxsanada lüks şərait yaradılıb. Hətta o, buna rəğmən həbsxana rəhbərliyini məhkəməyə verir ki, onun kofesini soyuq veriblər. Mən isə sadəcə işləmək üçün komputer istəyirəm, onu da böyük problemə çeviriblər.

Daha sonra hakim Elçin Sadıqova müraciətlə, müdafə etdiyi şəxslə görüçdüyü otaqda kamera olub olmamasını sual etdi. Vəkil bildirdi ki, giriş tərəfdə tavana “yanğın siqnalizasiyası” olduğu deyilən qurğu yerləşdirilib və onun içərisindı kamera yerləşdirildiyi ehtimalı var. Münki bəzən BİT əməkdaşları özləri də o qurğunu göztərək,  müəyyən söhbətləri etməməyi işarə edirlər.

Hər iki iddiaçı şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

Ali Məhkəmənin hakimi İlqar Hüseynov Ə.Zeynallını və onun vəkili Elçin Sadıqovu dinlədikdən və suallarına əsaslı cavab aldıqdan sonra müşavirəyə getdilər. Müşavirədən qayıtdıqdan sonra İ.Hüseynov şikayətin təmin edilmədiyi barədə qərar elan etdi.

İddiaçılar bu işlə bağlı Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirdilər.

Məlumat üçün bildirək ki, Ə.Zeynallı və vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub.

Xatırladaq ki, bununla bağlı şikayətə birinci instansiya məhkəməsi olaraq 2012-ci il avqustun 14-də 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb. İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi müşahidəçilərdə də təəcüb yaradıb. Lakin 2012-ci il oktyabrın 11-də keçirilən məhkəmə prosesində məlum olub ki, prosesi ədalətli şəkildə idarə etməyə çalışan hakim R.Hüseynova yeni hakim  Fərmayıl Zeynallı ilə əvəz olunub. O isə öz növbəsində prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə edib.

Ə.Zeynallı 2011-ci ilin oktyabrında keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Əhmədova özü hazırda dələduzluq faktına görə həbsdədir. 2013-cü il martın 12-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Ə. Zeynalovu Azərbaycan CM-in 311.3.3 (böyük məbləğdə rüşvət alma), 311.4 (hədələmə yolu ilə pul tələb etmə), 306 (məhkəmə qərarını icra etməmə) və 213.1-ci (böyük həcmdə vergi ödənişindən yayınma) maddələri ilə təqsirli bilib bə onu 9 il həbs cəzasına məhkum edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları Əvəz Zeynallının həbsinin jurnalistlik fəaliyyətilə əlaqədar olduğunu və siyasi sifariş əsasında həyata keçirildiyini dəfələrlə bəyan ediblər.

Rəşad Vaqifoğlu

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button