Ali Məhkəmə Baş Prokurorluğun protestini təmin etmədi

111693_res_01

Ali Məhkəmədə taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayev, Emil Məlikov və onun qardaşı  Elnur Məlikovun barəsində ittiham hökmünün çıxarılmas ilə bağlı Baş Prokurorluğun protestinə baxılıb. 

Xural.com Virtualaz.org-a istinadən xəbər verir ki, əldə etdiyi xəbərə görə, prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib. Bu barədə vəkil Adəm Məmmədov öz facebook səhifəsində yazıb.

“Ali Məhkəmə ağır maddələrlə ittiham olunan 5 nəfər şəxs barəsində cıxarılmış bəraət hökmünü qüvvədə saxladı. Ali Məhkəmənin hakimi Hafis Nəsibov təqsirləndirilən şəxslərin barəsində olan Bakı Ağır Cinayətlər və Bakı Apelyasiya Məhkəməsinin bəraət qərarını qüvvədə saxlayaraq ədalətin ən ali səviyyədə bərqərar olmasını təmin etdi” – deyə vəkil yazıb.

İbtidai istintaq zamanı Natiq Əliyev, Tural Quliyev, Emil Məlikov, Elnur Məlikov və Ceyhun İsayevə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham verilib. Guya onlar 23 fevral, 2013-cü il tarixdə, təxminən saat 22:00-da Keşlə qəsəbəsində taksi sürücüsü Yusif Murudova qarşı quldurluq planı qurublar. Onlar Yusifə idarə etdiyi “VAZ-21074” markalı avtomobilinin içində həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıq ediblər.

Dəstə üzvləri taksi sürücünə bıçaqla hədə-qorxu gələrək 36 manat pulunu alıblar.

Dəstə üzvləri ayrı-ayrılıqda həbs olunublar. Hadisədən bir gün sonra Natiq Əliyev, Tural Quliyev və Ceyhun İsayev, onlardan bir necə saat sonra isə Elnur Məlikov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Əliyev, Tural Quliyev və Ceyhun İsayevə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Emil və Elnur Məlikov qardaşlarına quldurluq ittihamı üzrə bəraət verilsə də onlar azad edilməyiblər. Çünki hər iki qardaş həbs olunan zaman üzərlərindən narkotik vasitə aşkar olunub.

Narkotik ittihamı ilə mühakimə olunan Emil 3 il, Elnur 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikov qardaşlarına narkomaniyadan əziyyət çəkdikləri üçün məcburi müalicə təyin edib.

Məhkəmə cinayət işinin ibtidai istintaqını aparan Nizami Rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində xüsusi qərar çıxarıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button