Ali Məhkəmə ”Siyəzən məhbusları”nın şikayətini təmin etməyib

Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü qüvvədə qalıb

Ali Məhkəmə iyulun 17-də “Siyəzən məhbuslar”ından Zaur Şəkərov, Coşqun Bəgişov, Nizami Qəniyev və Müslim Əzimovun kassasiya şikayətinə baxıb.

Prosesə hakim Gülzar Rzayeva sədrlik edib.

Məhbusların yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, vəkil Elçin Sadıqov Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdi.

Vəkil bəraətverici əsaslarla cinayət işinə xitam verməsini istəmişdi. Ancaq məhkəmə yerində müşavirə edərək şikayəti təmin etməyib.

2016-cı il yanvarın 12-də Siyəzəndə bir qrup sakin un və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb.

Quba Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyilə keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunub. Onlar cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama) və 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib.

Bundan başqa, onlara 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) kimi maddələrlə də ittiham verilib. Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button