ALI MƏHKƏMƏ “XURAL”IN CƏRİMƏSİNİ 25 MİN MANATDAN 7 MİN MANATA ENDİRDİ

915605.11.2013

E.Sadıqov: “İndiyədək A.Tlexurayın əsassız iddialarını qismən də olsa təmin edən məhkəmələrin hakimləri nəinki Azərbaycan qanunlarını, hətta Avropa İnsan Haqları Konvensiyasının müvafiq bəndlərini kobud şəkildə pozublar”

Ə.Zeynallı: “Necə olur ki, Gülər Əhmədova qolunun altında, sumkasında gizlədərək, otağıma qədər gətirdiyi səsyazma aparatından çıxardığı hansısa yazı fakt hesab olunur, ancaq qara fəhlənin öz millətini fəlakətdən qurtarmaq istədiyi üçün çəkdiyi kadrlar fakt hesab olunmur?”

Bu gün Ali Məhkəmədə hakin Akif İsgəndərovun sədrliyilə keçirilən iclasda “Xural” qəzetinin hazırda həbsdə saxlanılan baş redaktoru Ə.Zeynallının kassasiya şikayətinə baxılıb. Baş redaktorun məhkəmədə iştirakı təmin olunub.

Məhkəmə prosesində vəkil Elçin Sadıqov çıxış edib. O bildirib ki, 2 il əvvəl Azərbaycanda fəaliyyət göstərən “Baltika-Bakı”MMC-nin Rusiyadan Azərbaycana ezam olunmuş rəhbəri Adam Tlexuray əsassız olaraq, “Xural” qəzetinə qarşı iddia qaldırıb. Ə.Zeynallının həbsindən sonra iddiaya baxan Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva cavabdeh tərəfin iştirakı olmadan sifarişli qərar çıxarıb və iddiaçı tərəfin 150 min manatlıq iddiasını qismən təmin edərək, 50 min manat cərimələdib. Halbuki “Xural” qəzetində “Baltika-Bakı”MMC-nin fəaliyyətindəki nöqsanlarla bağlı məqalələr dərc olunub, hətta bu yazıların heç biri diffamasiya maddələrinə uyğun deyil. “Məqalələrin heç birində A.Tlexurayın “şərəf və ləyaqətinə toxunulacaq bir cümlə belə yoxdur” deyən vəkilin sözlərinə görə, qəzet peşə fəaliyyətinə uygun şəkildə fəaliyyət göstərib və iddiaçı tərəf əsassız olaraq məhkəmə qarşısına çıxıb.” E.Sadıqov hesab edir ki, indiyədək A.Tlexurayın əsassız iddialarını qismən də olsa təmin edən məhkəmələrin hakimləri nəinki Azərbaycan qanunlarını, hətta Avropa İnsan Haqları Konvensiyasının müvafiq bəndlərini kobud şəkildə pozublar: “Bu gün fəaliyyəti dayandırılmış və baş redaktoru həbs olunmuş bir qəzetdən necə təkzib və üstəlik 25 min manat tələb etmək olar? Faktiki olaraq ortada iddiaçı tərəf də yoxdur. A.Tlexuray 2 ildir ki, Azərbaycanı tərk edib. Onun bu məhkəmə ilə bağlı heç bir marağının olmadığı da göz qabağındadır. Artıq neçənci instansiya məhkəməsidir ki, nə onun nümayəndəsi, nə də artıq fəaliyyətinə xitam verilmiş “Baltika-Bakı”nın vəkilləri məhkəmədə iştirak etmirlər. O zaman Azərbaycan məhkəmələrinin iddianı qismən də olsa təmin etməsi hüquqa zidd bir haldır. O baxımdan hesab edirəm ki, Ə.Zeynallının kassasiya şikayəti təmin olunmalı və 25 min manatlıq cərimə ləğv olunmalıdır”.
Vəkildən sonra çıxış edən Əvəz Zeynallı bildirdi ki, Orxan Zeynalovla bağlı Rusiyada baş vermiş hadisə yetərlidir ki, bu millətin azərbaycanlılara qarşı münasibəti aydınlaşsın: “Bu gün bütün Rusiya ayaq üstədir, harada azərbaycanlı görürlər, qanun-hüquq tanımadan ayaqlar altına salıb tapdalayırlar. A.Tlexurayın 2 ildir ki, Azərbaycandan qoxusu belə kəsilib. Nədir bu Azərbaycan məhkəmələrinin tolerantlıq sevgisi ki, adam əl çəkib, bunlar əl çəkmirlər? Biz nə yazmışıq ki? Yazmışıq ki, A.Tlexuray Gürcüstandan Azərbaycana tərkibində mikrob tapıldığı üçün qaytarılan pivələri yenidən emal edərək, Azərbaycanda istehlaka buraxır. Biz millətimizi qorumuşuq. Günahsız insanların bu pivələrdən də zəhərlənməsini istəməmişik. Jurnalistin peşəsi faktı tapıb, onun haqqında yazmaqdır. Biz də “Baltika-Bakı”da işləyən və bu vəhşiliyin şahidi olan vətənpərvər fəhlələrin öz mobil telefonları vasitəsilə lentə aldıqları materiallara baxıb, məqalə hazırlamışıq. “Baltika-Bakı” ilə əlaqə saxlamışıq, nə soruşmuşuqsa artıqlaması ilə təsdiqləyiblər. Qəzet bağlanandan sonra biz bu araşdırmamızı sonadək davam etdirə bilmədik. Hələ mən “Baltika-Bakı” rəhbərliyinin, A.Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı şirkətdaxilində elədikləri hörmətsizliklər haqda danışmıram. Azərbaycan məhkəmələri bu qədər qanunsuzluqların müqabilində hər dəfə ədalətsiz qərar çıxarırlar. Hələ Apellyasiya Məhkəməsində hakim Toğrul Əliyev mobil telefonla əldə edilmiş çəkilişin qanunsuz olduğunu əsas gətirib, iddianı qüvvədə saxlamışdı. Sonradan mən o məhkəmədə iştirak etmədiyim üçün qərar ləğv olundu. O zaman mən də Azərbaycanın çox möhtəşəm hakimlərinə sual verirəm. Necə olur ki, Gülər Əhmədova qolunun altında, sumkasında gizlədərək, otağıma qədər gətirdiyi səsyazma aparatından çıxardığı hansısa yazı fakt hesab olunur, ancaq qara fəhlənin öz millətini fəlakətdən qurtarmaq istədiyi üçün çəkdiyi kadrlar fakt hesab olunmur? Hələ mən onu da demirəm ki, G.Əhmədova “səsini yazdım” dediyi lent yazısından hüquqa zidd bir cümlə belə çıxmadı. Amma mənə 9 il iş kəsdilər, Azərbaycanın bu möhtəşəm məhkəmələri. Hörmətli hakim! Ali Məhkəmə Azərbaycanda ən son hüquqi instansiya olduğu üçün Sizdən yalnız haqqın və hüquqlarımın bərpa olunmasını, ədalətsiz qərarların ləğv olunmasını istəyirəm…”

1 saata yaxın vaxt sürən müşavirədən sonra hakim A.İsgəndərov A.Tlexurayın iddiasını qismən təmin etdi və cəriməni 25 min manatdan 7 min manata endirdi.

XuralTAC

P.S.: Xatırladaq ki, “Xural” qəzetində dərc olunan məqalələrdə “Xırdalan” və “Baltika” adı altında satışa buraxılan pivələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan maddələrin və virusun olması haqqında məlumat verilmişdi. Məlumata əsasən, Gürcüstana ixrac olunan bu pivələr Tiblis laboratoriyalarında yoxlamalardan keçirilmiş və tərkibində insan orqanizminə zərərli olan maddələr olduğu üçün geri – Azərbaycana qaytarılmışdı. Həmin vaxt şirkətə rəhbərlik edən Adam Tlexuray bu pivələrin yenidən istehsal olunaraq, yerli satışa buraxılması əmrini vermişdi. Yüz minlərlə belə pivələr Azərbaycan vətəndaşlarına satılıb.
Müəssisədə baş verən bu cinayətin videoçəkiliçini aparan işçilər sonradan bu kadrları “Xural”a təqdim edib və onun əsasında da müəllif lazımı materialı hazırlayıb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı təqib və təzyiq kampaniyası başlayan zaman A.Tlexuray qəzetə qarşı 150 min manatlıq iddia qaldırmış və Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva heç bir əsas olmadan iddianı qismən təmin edərək, qəzeti 50 min manat cərimələtmişdi. Həmin məhkəmə prosesində “Xural” qəzetinin bir nümayəndəsi belə iştirak etməyib. Məhkəmə materiallarına əlavə olunmuş sənəddə isə bildirilir ki, guya S.Quliyeva 23 yanvar 2012-ci ildə “Xural” qəzetinə və qəzetin baş redaktoru Ə.Zeynallıya bu haqda məlumat və bildiriş göndərsə də, onlar məhkəmədə iştirak etməyiblər. Halbuki həmin vaxt Ə.Zeynallı BİT-də həbsdə saxlanılıb və məhkəmə haqqında ona heç bir bildiriş göndərilməyib. Bu qədər saxtakarlıqdan sonra, işə baxan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədova vəkil Elçin Sadıqovun “Baltika-Bakı” MMC –nin cinayət xarakterli istehsal prosesilə əlaqədar təqdim etdiyi video-dəlillərə o, “Siz bu videonu icazəsiz əldə etdiyiniz üçün məhkəmə tərəfindən fakt hesab edilə bilməz” deyərək, əhəmiyyət verməyib. Bundan başqa da İlham Əsədov “Xural” qəzetinin məhkəməyə sübut kimi təqdim etdiyi digər sübutları nəzərə almadan, hətta Ə.Zeynallının məhkəmədə iştirakını təmin etmədən, bununla da “çəkişmə prinsipləri”ni pozaraq, qasnunsuz qərar çıxarmış, sonradan Ali Məhkəmə həmin qərarı ləğv etmişdi.
2012-ci il dekabrın 21-də işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası işin hallarına baxarkən müəyyənləşdirib ki, vəkil E.Sadığov məqalənin dərc olunduğu “Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallının iş üzrə həqiqətin aşkar olunması üçün dindirilməsinin zəruri olduğunu və bu səbəbdən də işə Ə.Zeynallının iştirakı təmin olunmaqla baxılmasını xahiş etsə də, hakim İ.Əsədov vəkilin vəsatətini təmin etməyib. Bununla da apellyasiya məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, MPM-nin 9, 47-ci maddələrinin tələblərini pozub”. İş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilib və ötən proses zamanı edilən qanunsuzluqların bir daha təkrarlanmaması tövsiv olunub. Lakin bu dəfə də hakim Toğrul Əliyev Ə.Zeynallının məhkəmədə iştirakını təmin etsə də, hakim İ.Əsədovun çixardığı qərarı qüvvədə saxlayaraq, bir daha siyasi sifariş həyata keçirdiklərini sübut edib.
Əlavə məlumat üçün bildirək ki, əvvəlki proseslərdə hakim Toğrul Əliyev ötən məhkəmə prosesində işin mahiyyətindən yayınaraq, israrla Ə.Zeynallının məhkəməyə gətirilməməsi üçün təpkilər vermişdi. Buna cavab olaraq, “əgər siz də sifarişlə qərar çıxaracaqsınızsa, biz prosesdə iştirak etməyək” kimi etirazlara T.Əliyev, “bura kontor deyil ki, sifarişlə qərar çıxaraq” demişdi.
Qısamüddətli məhkəmə prosesi zamanı hakimlərdən biri cəmi bir iclasdan sonra növbəti iclasa gəlməyib və T.Əliyev bunu onun məzuniyyətə çıxması ilə əlaqələndirərək, yerinə hakim Nürəddin Mustafayevin təyin olunduğunu elan edib. Lakin Ə.Zeynallının məhkəmədəki 5 dəqiqəlik çıxışından sonra N.Mustafayev israrla onu haqsız çıxarmağa çalışıb, buna nail olmadıqda isə, heç bir əsas göstərmədən özü özünə etiraz edib.
QEYD: 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib. Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, baş ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. Mənbə onu da bildirib ki, “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Zavod rəhbərliyi bu “problemin” asan yolunu tapıb. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarır. Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir. Vəkil E.Sadığov “Xural” qəzetinin redaksiyaya daxil olan şikayət ərizəsi əsasında material dərc etdiyini də məhkəmə heyətinin diqqətinə çatdırmışdı: “Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də “Xural” qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. “Xural” qəzeti “Baltika-Bakı” MMC-nin “Xırdalan Pivə”ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o “Baltika-Bakı” MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb”.
“Bakı-Baltika”nın “Xırdalan” pivələri insan üçün təhlükəli olaraq qalır!!!
“Xural” qəzeti “Baltika-Bakı” MMC ilə bağlı hazırladığı məqalələrin tam həqiqətə söykəndiyini və bu zavodun istehsal etdiyi məhsulların insan orqanizmi üçün təhlükəli olması haqda ciddi xəbərdarlıq edir. Qəzet bu istiqamətdə mübarizəsini sonadək – günahsız və heç nədən xəbəri olmayan insanları zəhərləyən cinayətkarların cəzalandırılacağı günədək davam etdirmək niyyətindədir.

“Xırdalan Pivə” nin – “Baltıka-Bakı” MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu VİDEO-dan tanış ola bilərsiniz:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button