Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Təxminən 2 ay sonra Azərbaycanda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları başlayacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) cədvəlinə əsasən, mayın 13-də II və III ixtisas qrupları üzrə, mayın 20-də isə I və IV qruplar üzrə ilk (yaz) imtahan keçiriləcək.

Abituriyentlərin universitetlərə qəbul olunub-olunmayacağı onların hazırlıq səviyyəsindən asılıdır. DİM-in illərlə apardığı araşdırmalar, birinci kurs tələbələri arasında sorğular göstərib ki, abituriyentlərin çox az hissəsi sınaqlara özləri hazırlaşır, qalanları repetitorlarla – fərdi şəkildə və ya müxtəlif qurumlar tərəfindən təşkil edilmiş xüsusi qrupların tərkibində məşğul olurlar.

Təcrübə göstərir ki, repetitorlarla fərdi olaraq məşğul olan abituriyentlərin xərcləri hazırlıq kurslarına gedənlərdən təxminən 2 dəfə çoxdur. Məsələn, repetitorlar fərdi hazırlıq üçün fəndən asılı olaraq, orta hesabla aylıq 70-120 manat ödəniş alır. Hər bir ixtisas qrupuna 5 fənn daxil olduğunu nəzərə alsaq, abituriyentlərin aylıq xərci 350-600 manat təşkil edəcək. Orta hesabla 400 manatı təxminən 85 min abituriyentə vursaq, orta və ali məktəb müəllimlərinin əlavə qazancı 3 mln. manatdan çox təşkil edir.

Hazırlıq kurslarında məşğul olanlar bundan bir qədər az ödəniş etməli olur. Bakıda belə kurslar kifayət qədər çoxdur. Bu bazarda rəqabət böyükdür, buna görə şirkətlər müxtəlif piar aksiyalarından istifadə edərək, mümkün qədər çox dinləyici cəlb etməyə çalışırlar. Müəllimlə fərdi olaraq hazırlaşan və imtahanda 650-700 bal yığan abituriyenti ölkə ictimaiyyətinə bu və ya digər kursları (Kaspi, JALAL-I, “Dərs evi”, Araz və s.) uğurla bitirdiyini deməyə razılaşdırmaq üsulu da işə salınır. Bunun əvəzində ona bahalı hədiyyə – noutbuk və ya son model mobil telefon verirlər. Amma sən reklama bax!

Təhsil məsələləri üzrə ekspert Acar Ağayev vəziyyəti Turan-a şərh edərkən bildirib ki, ölkədə məktəb repetitorluğu son illər geniş vüsət alıb. Repetitorluq problemini iki aspektə bölmək olar. Onlardan biri əlavə təhsil xidmətləri ilə bağlıdır, məktəb müəllimi aşağı siniflərdə oxuyan uşaqlara təhsilindəki boşluqları doldurmağa kömək edir. İkinci xətt ali məktəblərə hazırlıqdır. Bu, repetitorluğun müxtəlif strategiyaları, vəzifələri və müxtəlif aspektləri var. Aydındır ki, əhalinin müxtəlif təbəqələri öz imkanlarına uyğun olaraq övladlarının əlavə təhsil alması üçün vəsait yatırmağa hazırdır.

“Repetitorluq problemi birbaşa bu prosesdə əsas fiqur olan müəllimin maddi imkanı ilə bağlıdır. Müəllimlər əlavə qazanc axtarır. Buna görə onlar öz xidmətlərini təkcə məktəbdə deyil, həm də xüsusi qaydada satmaq məcburiyyətindədirlər. Repetitorluğun yayılmasının səbəblərindən biri ali məktəblərə qəbul üçün test imtahanlarının tətbiq edilməsi oldu. Məlum oldu ki, məktəb məzunlarının bilik ehtiyatları ali məktəblərə qəbul standartlarına uyğun deyil. Yeni xidmət növünə tələbat yarandı. Yadınızdadırsa, həmin illər repetitorluqla məktəb müəllimləri deyil, Elmlər Akademiyasının əməkdaşları, ali məktəb müəllimləri məşğul olurdular. İndi isə estafeti məktəb müəllimləri alıb, yeri gəlmişkən, bu gün onlar repetitorlar arasında lider mövqeləri tuturlar”, deyə Ağayev qeyd edir.

Beləliklə, repetitorluq xidmətlərinə tələbatın artması yerli ümumtəhsil sistemindəki vəziyyətlə çox əlaqədardır. Bu, kütləvi təhsilin nə ayrı-ayrı şəxslərin tələbatını, nə ali məktəblərin tələblərini qarşılamayan aşağı keyfiyyəti, keyfiyyətli dərs keçilməsinin stimullaşdırılması sisteminin səmərəsizliyi, müəllimlərin sosial-iqtisadi vəziyyətinin qənaətbəxş olmaması və s. ilə bağlıdır.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button