Alimləri, müəllimləri necə aldadıblar: elmi məqalələrin dərc olunması, diplomların tanınması…

“Elə bilib ki, onu həmin məktəbə direktor təyin ediblər, gedəndə ona deyiblər ki, sən kimsən?”

Bir neçə ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan məktəbi”nin keçmiş baş redaktoru Rahil Nəcəfovun məhkəməsi gedir. O, daha iki nəfərlə – Gözəl Mustafayeva və Amal Həsənli ilə birlikdə mühakimə olunur. Təqsirləndirilən şəxslərə qarşı mənimsəmə, dələduzluq kimi ittihamlar irəli sürülüb.

Rahil Nəcəfov və digər təqsirləndirilən şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşını aldadıb, onların pulunu ələ keçirməkdə, Elm və Təhsil Nazirliyinin ayırdığı vəsaitlərin yeyintisində ittiham olunur.

İddia olunur ki, zərərçəkmiş qismində tanınan şəxslər nazirlikdə işə düzəlmək, xaricdə alınmış diplomların Azərbaycanda tanınması, dissertasiya işi yazmaq, elmi məqalələrin başqa ölkələrdə nüfuzlu jurnallarda dərc olunması və s. üzrə aldadılıb. Onların pulları alınsa da, verilən vədlər yerinə yetirilməyib.

Rahil Nəcəfov və digərləri Elmlər Akademiyasının bir neçə əməkdaşının şikayətindən sonra cinayət məsuliyyətinə cəlb olunub.

Müxtəlif işlər görülməsi üçün pul verdiyini deyən şəxslərlə yanaşı, Elm və Təhsil Nazirliyi də zərərçəkmiş qismində tanınıb.

Fəlsəfə doktoru elmi dərəcəsi olan sabiq baş redaktor özünü təqsirli bilməyib. Məhkəmədə ifadəsində mənimsəmə ittihamını “biabırçılıq” adlandırıb. O bildirib ki, “Azərbaycan məktəbi” jurnalına rəhbər təyin olunanda redaksiya bərbad vəziyyətdə idi:

“İşçilər işə gəlmirdilər, kollektiv qohum-əqrəbadan ibarət idi. Redaksiyaya rəhbər gələndən sonra hər şeyə öz cibimdən pul xərclədim, bacarıqlı işçilər dəvət etdim. Məndən əvvəl jurnalda elmi məqalələr yox, orta məktəb səviyyəsində yazılar dərc olunurdu”.

Onun sözlərinə görə, nazirlikdən söz veriblər ki, redaksiyaya öz hesabına xərclədiyi pullar ödəniləcək. Lakin ödənilməyib:

“Bu işləri görmək üçün dostlardan borc pul almalı oldum. Biz o dövrdə nazir müavini olan Elnur Məmmədova tabe idik. Bizim işimiz nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovun kurasiyasında idi. Gəlib burada ifadə versinlər, nə necə olub, desinlər. Redaksiyanın adi kommunal ödənişlərini də ödəmirdilər. İndi necə deyə bilirlər ki, pul mənimsənilib?”

Digər təqsirləndirilən Gözəl Mustafayeva isə ifadəsində keçmiş baş redaktoru ittiham edib. O bildirib ki, hansısa işləri düzəltmək adıyla müxtəlif adamlardan alınmış pulları gətirib Rahil Nəcəfova verib. Əvvəllər müəllim işlədiyini deyən Gözəl Mustafayevanın sözlərinə görə, baş redaktor ona tapşırıqlar verirdi:

“Hər ay da öz cibindən 400 manat əməkhaqqı verirdi, guya nazirliyin işçisiyəm. Mənə deyirdi ki, “sizi Təhsil Nazirliyinə köçürəcəklər”. Günün birində bankda kredit götürmək istəyəndə sistemə baxdılar, məlum oldu ki, nə nazirlik işçisi, mən kuryer kimi rəsmiləşdirilmişəm”.

Adamlardan hansı vədlərlə pul alınması barədə danışan Gözəl Mustafayeva bildirib ki, qohumu Bakı məktəblərindən birinə müəllim kimi işə qəbul olmaq istəyib, 2 balı çatmayıb. Ona 5 min manat pul veriblər ki, işə düzəltsin.

İnarə adlı daha bir tanışları isə məktəb direktoru təyin olunmaq istəsə də, balı çatmayıb. O da pul verib ki, məktəb direktoru olsun:

“İnara xanım məktəbə gedib, elə bilib ki, direktor təyin olunub. Ona deyiblər ki, sən kimsən? Bu məktəbə sənin heç bir aidiyyətin yoxdur. Pulunu tələb elədi. Onun pulunu Rahildən alıb, özünə qaytardım”.

Onun ifadəsindən məlum olub ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləyən Sevinc adlı qadın başqa işə keçmək üçün ona pul verib.
Gözəl Mustafayeva əlavə edib ki, pul verənlər sonradan pullarını geri istəyəndə Rahil Nəcəfovdan alıb, onlara qaytarırdı.

Rahil Nəcəfov isə təqsirləndirilən şəxsin yalan danışdığını, heç vaxt Gözəl Mustafayevadan pul almadığını və ya pul qaytarmadığını bildirib. O vurğulayıb ki, ona qədər Gözəl Mustafayevanın özü bu işlərlə məşğul idi.

Məhkəmədə dindirilən zərərçəkmişlərdən Akif Vəliyev bildirib ki, elmlər doktorudur, məqaləsinin dərc olunması üçün 850 manat pul verib. Onun sözlərinə görə, pulu Qalib Hacıyev adlı tanışı vasitəsilə verib, lakin məqalə dərc olunmayıb.

Qalib Hacıyev də məhkəmədə dindirilib. Zərərçəkmiş qismində tanınan Qalib Hacıyevin sözlərinə görə, həm Akif Vəliyevin, həm də özünün məqaləsinin çapı üçün Zaur adlı şəxslə görüşüb, ona pul verib:

“Mən bu işdə ancaq Zauru tanımışam. Zaur da pulu məqalənin çapı üçün kiməsə verəcəyini dedi”.

Sabiq baş redaktor və digər iki nəfərin məhkəməsi davam edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button