Alışanov əmlakı bazar dəyərindən dəfələrlə ucuz rəsmiləşdirib

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Alışanovun işinin araşdırılması üçün hakim mühüm qərar verib:

Sadıqovanın şikayəti təmin edilsin, Şamaxı Prokurorluğunun ərizənin qəbulundan imtinası qanunsuz sayılsın, ona hüquqi qiymət verilsin.

Məhkəmə qərarında iddiaçı Səlimə Sadıqovanın söylədiklərinə istinadən o da göstərilir ki, Camal Nəbiyevlə Nilufər Cəfərova arasında alqı-satqı müqavilələri bağlanarkən alqı-satqıdan pul əldə edildiyi göstərilir və qanunvericiliyə uyğun olaraq pulun Camal tərəfindən alındığı barədə qəbz də var. Lakin, bu pullar ona verilməyib və pulun ona verilməsini təsdiqləyən başqa sənəd də mövcud deyil. Buradan da tam sübuta yetir ki, Sadıqovanın əmlakı həmin şəxslər tərəfindən əvəzsiz olaraq ələ keçirilib. Buna baxmayaraq, alqı-satqı sənədlərində göstərilir ki, guya alıcı əldə etdiyi daşınmaz əmlakların müqabilində satıcıya müəyyən məbləğdə pul ödəyib. Bu, ağ yalandır. Başlıcası isə əgər Sadıqova və yaxınlarına əmlak satmaq lazım idisə, bunu Şamaxıda yaşayan və brokerlik fəaliyyəti ilə məşğul olan qohumları Məhəmməd Əkbərova həvalə edərdilər, tanımadıqları şəxsə olan-qalan əmlaklarını etibar etməzdilər. Fərz edək ki, əmlakı Nəbiyevə etibar ediblər. Onda ortaya sual çıxır: onların təxminən 7-8 yüz manat dəyərində olan əmlaklarını Nəbiyev niyə 50-60 min manata satır və bu pulu da özlərinə vermir?

Alışanov əmlakı bazar dəyərindən dəfələrlə ucuz rəsmiləşdirib

Ya da Samux şəhərində 200.6 kv/m. sahəsi olan ən az 200 min manat dəyərində təzə villa hansı səbəbdən cəmi 10 min manat qiymətəndirilir? Və ya həmin şəhərdə fərdi ev təyinatlı 1,2 ha torpaq sahəsi 2 min manat dəyərləndirilərək satılır, əldə edilən bu pul da mənimsənilir. Bu halda həmin şəxslərin əməllərində cinayət tərkibi mövcuddur. Eyni zamanda, işin faktiki halları təsdiq edir ki, əmlaklar sahiblərindən zorakılıq, hədə-qorxu ilə alınıb. Cinayət Məcəlləsinin (CM) 179.3.2., 180.3.3., 309.2. və 322.2. maddələrinin despozisiyası deməyə əsas verir ki, həmin maddələrlə Sadıqovanın özünə və yaxınlarına qarşı aşkar cinayət törədilib. Bununla belə, Şamaxı rayon prokuroru qanunvericiliyin və vəzifə səlahiyyətlərinin tələblərinə tam zidd olaraq cinayət haqqında Sadıqovanın verdiyi ərizənin qəbulundan imtina edib.

Prokuror özünə əziyyət verməyib, məsuliyyəti hakimin üzərinə qoydu

Iş materiallarında olan S.Sadıqovaya ünvanlanmış Şamaxı rayon Prokurorluğunun 14 avqust 2017-ci il tarixli 205M-17 saylı məktubunda göstərilir: “Sizin Camal Nəbiyevə verdiyiniz etibarnamə və və həmin etibarnamədən irəli gələn alqı-satqı müqavilələri barədə rayon prokurorluğuna daxil olmuş 3 avqust 2017-ci il tarxli müraciətinizə baxılıb. Sizə izah edilir ki, Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən mülki mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr baxır. Eyni zamanda, sizə izah edilir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar edərsə, bu barədə xüsusi qərardad çıxarmaqla prokuroru məlumatlandırmalıdır. Qanunvericiliyin tələblərini sizə izah edərək bildirirəm ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar mülki xarakterli olduğundan hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət hüququnuz var”.

Məhkəmə baxışında iştirak etmiş Şamaxı rayon Prokurorluğunun müstəntiqi Anar Nağıyev izahat verib yuxarıda qeyd olunanları eynilə təkrarlayıb və şikayəti əssassız hesab edib.

Cinayətin cinayət sayılmaması əsaslandırılmalıdır

Daha sonra Sadıqovanın məhkəmə qərarında əksini tapan iddia ərizəsinə istinadən qeyd olunur: “Göründüyü kimi, onlara qanunvericiliyin tələbləri izah olunmaqla hesab edilir ki, “əmlaklarının hədə-qorxu, aldatmaq və zorakılıqla ələ keçirilməsi, açıq şəkildə talan edilməsi mülki mübahisədir”. Bununla rayon prokuroru Konstitusiya, Cinayət Prosessual Məcəlləsi (CPM) və “Prokurorluq haqqında” Qanunla ona verilmiş cinayət işi qaldırmaq vəzifəsindən imina edərək, bu səlahiyyəti məhkəmənin üzərinə qoyur. Belə çıxır ki, əmlakı talan olunmuş hər bir şəxsə əvvəl mülki mübahisə açılmalıdır və məhkəmə bu əməldə cinayət tərkibi olduğu barədə prokuroru məlumatlandırandan sonra prokuror cinayət işi başlaya bilər. Prokuror hesab edir ki, cinayət haqqında vətəndaşın ərizəsindən imtinanı o, qərar şəklində deyil, məktub kimi tərtib edə bilər. Bu halda o, nə maddi, nə də prosessual qanunların tələbini pozur. Lakin, ərizəsi üzrə qərarın qəbul edilməməsi ilə şikayətçiləri həmin qərardan şikayət vermək hüququndan məhrum etdiyini nəzərə almır. Qərar qəbul olunduğu halda prokuror aşkar törədilmiş cinayət faktının cinayət sayılmamasını əsaslandırmalıdır.

Müstəntiqin vəzifəsi: araşdırmaq, ifşa etmək, məsuliyyətə cəlb etmək

CPM-nin 85-ci maddəsində deyilir ki, mustəntiq törədilmiş cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək səlahiyyətinə malikdir. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Məcəllənin 8-ci maddəsinə görə isə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət muhakimə icraatının vəzifəsidir.

Hakim: “prokurorun hərəkəti qanunsuzdur”

Məhkəmə qərarından: Məhkəmə Şamaxı rayon Prokurorluğunun müstəntiqi A.Nağıyevin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edib ki, Sadıqovanın şikayəti əsaslı olduğundan təmin edilməlidir. Hakim bunu belə əsaslandırıb: “Məhkəmə iclasında müəyyən olundu ki, S.Sadıqova ərizə ilə Şamaxı rayon Prokurorluğuna müraciət edib, bir qrup şəxsin onlara məxsus əmlakı ələ keçirmələrinə dair məlumat verərək barələrində CM-nin 182.2.1. və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbulunu xahiş edib. Həmin ərizə üzrə qanunverircilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir qərar (cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd olunmasına dair) qəbul edilməyib. Əksinə, Şamaxı rayon Prokurorluğundan ərizəçiyə müraciətində göstərdiyi xüsusuatların mülki xarakterli olduğu səbəbindən məhkəməyə müraciət etməsi tövsiyyə olunub”.
Daha sonra qeyd olunur ki, daxil olmuş ərizə təhqiqatçı və ya müstəntiq tərəfindən araşdırılmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qərar qəbul edilməyib və ərizə ilə əlaqədar yekun olaraq arayış tərtib edilib. Belə hal isə CPM-nin tələblərinə ziddir və hərəkət qanunsuzdur.

Hakim qərarda CPM-nin 449.3.1. maddəsinə istinad edərək vurğulayır ki, əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət haqqında ərizənin qəbulundan imtina edilməsilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

KİV-də yazılanlar araşdırılmalıdır

CPM-nin 207-ci maddəsində törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası müəyyən olunub. Belə ki, CPM-nin 207.1. maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 gün müddətində, bu mümkün olmadıqda 10 gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3. maddəsində nəzərdə tutulmuş hallarda isə 30 gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.

Məhkəmə güc strukturunu ifşa etdi

Həmin Məcəllənin 207.5. maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək.

CPM-nin 451.1.2.-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır.

Beləliklə də, məhkəmə hesab edib ki, şikayət əsaslı olduğundan təmin edilməli və Şamaxı rayon Prokurorluğunun 14 avqust 2017-ci il tarixli 205M-17 nömrəli cavab məktubu ərizənin qəbulundan imtina kimi qiymətləndirilərək, bu hərəkətlər qanunsuz hesab edilməli, S.Sadıqovanın ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməlidir.

Yuxarıda göstərilənləri və CPM-nin 442, 449-451 maddələrini rəhbər tutaraq məhkəmə qərara alıb ki, S.Sadıqova tərfindən verilmiş şikayət təmin edilsin. Şamaxı rayon Prokurorluğunun cavab məktubu ərizənin qəbulundan imtina kimi qiymətləndirilərək, bu hərəkətlər qanunsuz hesab edilsin, S.Sadıqovanın ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilsin.

Konstitusiyadan: Alışanov qanun və məhkəmə qarşısında bizimlə bərabərdir

Qeyd edək ki, sahibkar xanım şikayətinə baxmaqdan imtina edən Respublika Prokurorluğunu da məhkəməyə verib. S.Sadıqova Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş “hamı qanun və məhkəmə qarşısında bərabərdir” prinsipinə əsaslanaraq insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmağa çağırıb. Xahiş edib ki, AzTv sədri Arif Alışanov əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilsin, bu iş üzrə özü zərərçəkmiş şəxs kimi tanınsın və talan edilən əmlaklarının ona və yaxınlarına qaytarılması təmin edilsin.

Həbsindən 10-12 gün sonra bütün əmlakı onu tutduran adama necə keçib?

Bütün bunları bir kənara qoyaq. Təsəvvür edək ki, biz nə Cinayət Məcəlləsini bilirik, nə də Cinayət Prosessual Məcəlləsini. Düşünün, Şücayət Əkbərov adında bir nəfər Arif Alışanov adlı başqa birinin şikayəti əsasında həbs olunur. Həbsdən düz 10-12 gün sonra bu Əkbərovun özünün, qızının, keçmiş həyat yoldaşının, onun qohum-əqrəbasının olan-qalan əmlakı keçir bu Alışanovun qızları və bacısı qızının adına. Istər buna alqı-satqı deyin, istər bağışlama, hər iki hal da qanunsuzdur. Çünki, adam həbsdədir, barəsində istintaq gedir. Kimsə kiminsə əmlakına toxuna bilməz, o, cinayətkar olsa belə. Əmlakın müsadirəsi haqqında qərarı yalnız məhkəmələr verə bilər. Həm də həmin əmlakın oğurluq olduğu sübut edilərsə. Adam “içəri”də ola-ola əmlakının satılmasına dair etibarnaməni necə verib? Ya polis idarəsində saxlandığı vaxt, ya da prokurorluqda istintaq getdiyi zaman onların iştirakı ilə bu işi “həll ediblər”. Belə olan halda həmin məmurların da mütləq bir məsuliyyəti var. Əkbərov, Sadıqova və onların yaxınlarının əmlaklarının bu şəkildə Alışanov ailəsinin nəzarətinə keçməsi istintaq orqanının diqqətini cəlb etməyə bilməzdi. Bu, şifahi iddia deyil, ortada bir talan, yağmalama olduğunu alqı-satqı sənədləri, onların tarixi sübut edir. O əmlaklar hətta Alışanova məxsus olmuş olsa, pulunu vaxtilə ödəmiş olsa belə, onları ailəsinin mülkiyyətinə bu şəkildə alması mümkünsüzdür. İlk növbədə həmin əmlakın özünə məxsus olduğunu istintaq və məhkəmə orqanlarına sübut etməlidir. Hələ Sadıqovanın “Aqrolizinq”dən lizinqə götürdüyü kənd təsərrüfatı texnikalarını demirik, onlar dövlət qurumunun qeydiyyatında mütləq var. Kimin təsərrüfatında çıxsa, barələrində cinayət işinin açılacağı istisnasızdır. Ancaq prokurorluğun bu olanlara indiyə qədər göz yumması hələlik bizim üçün müəmmalıdır. Bütün hallarda ortada bir məhkəmə qərarı var və icra edilməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button