“Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”

Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumat açıqlamasından sonra deputatlar çıxış ediblər. Bizimyol.info-nun xəbərinə görə,
çıxış edən deputat Fazil Mustafa məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atmağa çağırıb. O bildirib ki, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Məsələn, AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Bu, doğrudur, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

Deputat Zahid Oruc bildirib ki, xaricdən Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir. O bildirib ki, Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir: “Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insanlar alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz, bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz”.

Deputat Siyavuş Novruzov da xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənlərin ekstradisiya olunması ilə bağlı addım atmağa çağırdı. O bildirib ki, Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. “Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”.
İnsdan alveri ilə bağlı deputat bildirib ki, Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqyisədə qat-qat üstədir. “Əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir. “Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub”.
S. Novruzov qeyd edib ki, Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır.

“Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər”.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button