Alla Puqaçovanın qızı Rusiyada konsert fəaliyyətini dayandırdı
Yayımlandı: 11 Sentyabr 2024 17:05
Kristina Orbakayte artıq Rusiyanı rahat gəzə bilmədiyini deyib
Rusiyanın Əməkdar artisti, estrada müğənnisi Kristina Orbakayte Rusiyada konsert fəaliyyətini dayandırdığını bildirib.
Müğənni deyib ki, 2024-cü ilin martında Sankt-Peterburqdakı konsertindən sonra artıq Rusiyanı rahat gəzə bilmir.
“Konsertlərim canlı olduğu üçün orada nə desən, baş verir. Məsələn, Sankt-Peterburqda konsert mart ayında, yazın ilk bazar günü oldu. Rusiyada son konsertim idi. Mən daha Rusiyanı rahat gəzə bilmədim. Sonra da qərar verdim ki, fanatlarımla daha yaxşı həyatda nə vaxtsa görüşəcəyik”, – Orbakayte deyib.
2024-cü ilin əvvəlində Rusiyanın Krasnoyarsk, Bratsk, İrkutsk, Ulan-Ude, Vladivostok, Blaqoveşensk, Xabarovsk vilayətlərində Kristina Orbakaytenin konsertləri ləğv edilmişdi.
Təşkilatçı Sergey Zaytsev konsertlərin ləğvini maddi-texniki təchizatla bağlı problemlərlə əlaqələndirmişdi.
Rusiya mətbuatı isə yazmışdı ki, Orbakaytenin konsertləri anası Alla Puqaçova və onun əri, aktyor Maksim Qalkinin Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxdıqlarına görə təxirə salınıb.
Kristina Orbakayte Rusiyanın Xalq artisti, estrada müğənnisi Alla Puqaçovanın qızıdır.
Alla Puqaçova Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanı tərk edib.
Puqaçovanın əri, müharibəyə qarşı çıxan aktyor Maksim Qalkin Rusiyada “xarici agent” elan edilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir çox rus sənətçiləri-müğənni, aktyor və digərləri buna etirazlarını bildiriblər.
Hətta müharibənin əleyhdarlarının əksəriyyəti Rusiyanı tərk edib.
Ukraynanın maraqlarından çıxış etməkdə ittiham edilən bəzi tanınmışlar isə “xarici agentlər” siyahısına salınıblar.