Allah, özün görürsən daa….

Mirzə Sakit

Şeyxülislam gürzələrdən sətir düzür – Aman Allah,
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

Din dəllalı bir “möminin” çiyni üstə boş qafası,
Bir əlində təsbeh sıxıb, bir əlində aftafası,
Başındakı pırıl-pırıl əmmaməsi şər yuvası,
Məscidlərdə çal saqqallı şeytan gəzir – Aman Allah,
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

Zalımlarla vəhdət qurub, başımıza od tökdülər,
Həcdən gəlib zülümkarın qarşısında diz çökdülər,
Zaman-zaman Allah evin gah tikdilər, gah sökdülər,
Tikilməkdən, sökülməkdən kərpic bezir – Aman Allah!
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

Cəllad oğlu cəlladlara bir ömürluk tac diləyən,
Saqqalını yırğalayır minarədən şər çiləyən,
Çox qəzəblə gələcəkdir, Qiyamətdə Sur piləyən,
Xərqarından soruşacaq – Hanı nəzir – Aman Allah,
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

Sifəti boz, caynağı küt, qəlbi qara, beyni qotur,
Kor Şeytanın mayasından şeytanlaşan odur, odur,
Duran xalqa göz bərəldib, diş qıcayıb deyir… otur,
Ayaq altda ədaləti, haqqı əzir – Aman Allah,
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

Əyləşiblər: – İbni-Ziyad, Əbu- Süfyan, Səhli-Sumbat,
Lənətullah Müaviyə öyüd verir – Vətən bərbad,
Əshabələr marığdadır… arxada ər, öndə arvad…
Sağda fərraş, ortada Şeyx, solda vəzir – Aman Allah,
Nəmrudlara, Fironlara millət dözür – Aman Allah!

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button