Allahın eşitdiyi səs

Hacı Cəfər Cəfərli

Şair-publisist, Salyan şəhəri, Yolüstü kəndi

Elmi müşahidələrdə də bu qənaətə gəliblər ki, bizi əhatə edən mühit gözəgörünməz canlılar və sirli qüvvələrlə doludur. Yəni bizim görmə və eşitmə qabiliyyətimiz onları görməyə və eşitməyə imkan vermir. Bəlkə maraq da orasındadır ki, varlığın çox sirlərinə vaqif olub anlaya bilmirik. Amma gəlin fikirləşək və qəbul edək ki, o sirli duyğulara çox bağlıyıq. Bəzi anlarımızda o aləmi daha çox və yaxından duyuruq. Qəribçilik çəkəndə, tənha vaxtlarımızda nagahani səsləri azmı eşitmişik?

Musiqi incəsənət faktı olduğundan zamansızdır. Sənətkar isə həm də zaman, epoxa, cəmiyyət faktıdır. Ona görə də musiqinin üç əbədi mövzusu var – həyat, eşq və ölüm. Təpədən-dırnaga, büsbütün musiqiyə bələnmiş, nəsil-şəcərəsi belə bu ecazla nəfəs alan Həsənağa aşıq Bilal oğlu özünü dərk etdiyi andan həyat, təbiət onun qarşısında saysız-hesabsız suallar qoysa da, o, yüksək qabiliyyət çərçivəsində həmin sualların cavabını musiqi ilə tapıb.

Sənət, o cümlədən musiqi daha çox həyatın insan qarşısında qoyduğu suallara cavab aramaqdan ibarətdir. Həsənağa nadir, fenomenal, Allahın yaratdığı ən qəribə möcüzədir. O, özünü və Tanrısını tanıyandan bəri gözü göylərdə, əli sazın sarı simində, fikri-zikri musiqidədir. Həsənağa üçün musiqi ona Allah qədər – öz içindən, əməllərindən, fikirlərindən, onun “Şah damarından da yaxındı”. Elə buna görə də o, gecə-gündüz musiqi ilədir. Həsənağa musiqi ovsunu ilə duasını, arzusunu, yerini-yurdunu bilmədiyi məkana – göylərə üz tutur. Özünü unutsa da duyur, hiss edir ki, orada nəsə var. Bu “nəsə” onu çəkir və ünsiyyət qurmaga sövq edir. İnsanın da ruhu pərvazlananda ozünü xoşbəxt sanır, göylərdə “gəzib gələndən” sonra bir təskinlik tapır, bir az aram olub dincəlir. Yer qanunları ilə yaşaya bilməyənlərə ”hava”lı, “göylərdə uçan” deyirlər.

Mən musiqişünas deyiləm, not bilmirəm, onu bilirəm ki, söz, musiqi insan nəfəsi ilə cilalananda qana, cana dolanda səni də, məni də ovsunlayır. Hər şeyi büsbütün unutdurur, tənhalığını əlindən alır. Dünyanın ən rəngsiz, boz bir otağında insan ömrünü yarımçıq qoyan, dünyanı yalnız qan, intiqam rəngində görən insanların musiqinin ahəngindən əridiyini görmüsünüzmü? “Yandı canım hicran ilə” deyən müğənninin, eləcə də ona huş-guşla qulaq kəsilənlərin hıçqırıqları ilə baş-başa qalıb ürəyinizi boşaltmısınızmı?

Böyük Yaradan ona bir dünya istedad verib. Elə bir istedad ki, hər yerdən əli üzülmüş halda üzü üstə çarpayıya uzanıb, qara nisgillə dolu göz yaşlarımıza səhər mehi qataraq bizə qaytarır. Həsənağanın ifalarındakı bu boyda yanğının, həsrətin haradan gəldiyini hər kəs anlaya bilməz. Onun musiqisinin səsindəki rəngi də, hıçqırıqlarına insan qəlbinə yol tapmaq bacarığını da Tanrının özü verib.

“Anadangəlmə korlar üçün rəng varmı” sualı, mübahisəli anlamdır. Kor üçün əvvəl söz, sonra rəng çalarıdır. Həsənağanın musiqiyə və ürəyinin qanına qatdığı musiqinin rəngini onunla birlikdə bütün bunları yaşayanlar görə bilər. Təbii ki, bu rəng hamıya görünmür. Həsənağa tarda oxuyur, sazda dərdini dilə gətirir, neydə sevincini, balabanda sevgisini, həsrətini dilə gətirir, hərəsini də öz çalarında.

Hərdən onun musiqisi altında dünyadan baş götürüb qaçmaq istəyirsən. Qayıdıb yerində oturub dərdini, nisgilini əlindən alıb, ürəyində çalxalayıb ona musiqinin rəngini verib özünə qaytaran Həsənağa ilə təkbətək qalırsan. Bir anlıq açılmayan qapılar taybatay açılır, bir udum su dalınca qaçan kimi Həsənağanın hıçqırıqlarının ağuşuna atılırsan. Boyu, uzunluğu, yaşı və çəkisi bir Həsənağa boyda olan musiqi səni sənə qaytarır, amma beş dəqiqə əvvəlki insan deyilsən, içində haray dolu rəngli bir səs keçib qəlbini alovlandırıb, amma kül olmamısan. Ancaq içində ərimisən gilə-gilə. O, həm də dərdini əlindən alıb, acılığını şirinləşdirib, sıxıntıları içimizdən qovub. İllərlə ayrılıqdan, dərddən tənha daldığımız daş divarların arasında ürəyimizdən axan göz yaşalarımızı yaşa çevirən, bizə qaytaran dərdqıran bir sənətkarı – Həsənağanı dərk edə bilirikmi?

Həsənağa Mahirin musiqisinin yaşı, elə sənin, mənim, onu duyanların ömründən bir qədər çoxdur. Onun musiqisinin ömrü onu sevənlərin ömrünün səsi qədərdir.

Həsənağanın çaldığı musiqilər büsbütün hisslərimin tərcümanıdır. O çalır, elə bil ki, onun vurduğu xallar mənim içimdəkilərdir, ah-naləmdir. O, hər hansı musiqini ifa edəndə elə gümanım yaranır ki, o gözyaşlarını efir xatirinə saxlayır, həmin an onun gözləri ilə mən ağlayıram. Həsənağa özü ilə təkbətək qalanda elə bilirəm ki, mənim əvəzimə göz yaşları axıdır.

 

“Eşqə çün dərman bulunmaz,

Əbsəm ol, dərman budur.”

 

Bilmirəm, bu nədir, nisgilmi deyim, həsrətmi? Bu həsrətlə, nisgillə onun nəğmələrinə qulaq asıram. Əslində nisgillə ayrılıq bir araya sığmır. Onun ifa etdiyi musiqilərdəki səs mənə əzizlərim qədər əzizdir, eyni zamanda əzizlərimdən də əzizdir. Və əvəzi istənilməyən əvəzsiz əzizlikdir.

Hərdən mənə elə gəlir ki, bu qüdrətli sənətkarı yaxından tanıyıram, hətta ona ərkim də çatır, bu vaxt ona ürək qızdırıram, dərdlərimi deyirəm, hətta ondan hayalanıran. Onun musiqisi mənim əzmim, vüqarım, ümidim, həyamdır. Onun ahənginin səsi İlahi səsdir. Bu əfsun adamı təmizləyir, mənəvi cəhətdən kamilləşdirir, fövqəl güc sahibinə çevriləcəyinə inam yaradır.

Sovetlər dönəmində xalq musiqisinə xor baxılanda, yasaqlar qoyulanda Həsənağa heç nəyə məhəl qoymadan sinəsini sipər edərək xalq sənətinə böyük meydan verdi, dünya xalqlarına Azərbaycan musiqisinin nəyə qadir olduğunu sübut etdi. Bu gün Həsənağa ifanın bütün komponentlərində bir məqsədə xidmət edir – dünyanın bütün insanları üçün əbədi əlçatmaz bir arzuya çevrilmiş mütləq həqiqətə yaxınlaşmaq!

Həsənağa “Segah” çalır. İllərdir torpaq itkisi ilə yarası köz-köz olmuş atanın naləsi oğluna borcunu qaytara bilməmək çarəsizliyindən ərşi dəlik-dəlik edir. O nalə göylərə yüksəlir ki, bəlkə Allahın rəhmət qapısı açıla. Rəhmət dənizi coşa ki, neçə-neçə atanın oğlu, övladı qarşısında xəcalətdən qurtara. O yükü oğulların çiyinlərinə yük eləmək qorxusundan böyük dərd ola bilməz bizlər üçün…

Həsənağa “Zabul” çalır. Uşaqlığımıza qayıdırıq. Yuxumuz qaçanda böyüklər bizə belə deyərdilər, “fikrinizdə uzun, lap uzun yol getdiyinizi fikirləşin, yuxunuz gələcək.” Həsənağa çalır, uşaqlıq illərinin şirin xatirəsini yaşadan, məktəb yollarını, yaylağa getdiyimiz dağ-meşə yollarını xatırlayıram… Xatirələr o yolların kənarındakı daşlara qədər göz önündə canlandırılır. Həsənağa çalır. Xəyallarım məndən öndədir. Onlar Qarabağı yağı caynağından alıblar. Həsənağa çalır. Bu gün Cıdır düzündə ayrı aləm var, şənlik-şənliyə, bayram-bayrama qarışıb, səf-səf düzülmüş bayramlibaslılar Koroğlu, Cavanşir, Babək qarşısında qələbə raportu verirlər.

Həsənağa çalır. Öz yaradıcılığında mütəmadi olaraq müraciət etdiyi aşıq musiqisinin göylərdə cövlan edən ucalığından, yerlərə – insanların arasına, onların gündəlik həyatlarının reallığına enmiş bu böyük sənətkar aşıq yaradıcılığının daim aktual səslənən havacatına müraciət edir. “Bayatı-Şiraz”ın bir muğam dəstgahı kimi bir qədər qəmli ovqatının ictimai-fəlsəfi məzmunla zənginləşdirərək ona mübariz və daha nikbin xarakter verməyə çalışır. Bu muğamsevərlərin həmişə dinləyib adət etdikləri “Bayatı-Şiraz” deyil, bu “Bayatı-Şiraz” dastanının dramaturji mahiyyətinin tam açılmasına xidmət edən yeni janrdır. Adam musiqiyə qulaq asdıqca “Bizim səsimizi, istək və duyğularımızı Allaha çatdırır” deyə düşünür.

Həsənağa öz sənətində təsəvvürəgəlməz dərəcədə zəhmətkeşdir. Onun aylarla işləyib ortaya çıxardığı hər bir layihə sadəcə konsert deyil, tamaşadır. Və bu tamaşanın quruluşçu rejissoru, baş rolunun ifaçısı, konsertmeysteri Həsənağa özüdür. Mən onun məşqlərində heç vaxt olmamışam. Ancaq onun bir çox konsertlərində olduğum üçün bu qənaətə gəlmişəm. Hətta toy şənliklərində belə ciddi rejimi, səliqə-sahmanı, nizam-intizamı sevir.

Həsənağa həm də yüksək bədii zövq sahibidir. Musiqiçilər arasında xeyli kəm olan bu mühüm amil onun böyük uğurlarında xüsusi rol oynayır. Bədii zövqün yüksəkliyi onu daim axtarışlara sövq edir. Onun nəlbəkilər vasitəsilə göstərdiyi melodik rəngarəngliyin zənğinliyi daha qabarıqdır.

Möhtəşəm sənət əsəri yaratmaq üçün ifaçı həm də İlahi eşqə sahib olmalıdır. Ruh bədəndə aramsız cövlan etmirsə mükəmməl sənət yaranmır. Bu gün beyinlərini şou-konsertlər yeyən; körpəsin, məktəblisin feriollar bəsləyən; o eqoist, unutqan, namus-qeyrət bilməyib xalqına lağ edən, muğamı bəyənməyən, yarıçılpaq modabazlar yığnağı beş-on il çəkməyəcək unudacaqlar Qarabağı. Biz hələ sazı atıb rok-ulduza gedirik, bu toy-konsert içində “Eurovision” içində, bər-bəzəyin içində, bilmirik nə biçimdə, bilmirik nə edirik. Hələ duza gedirik…

Mən ustad sənətkar Həsənağa Sadıqovun həyat yoluna nəzər saldıqda bir həqiqəti dərk etdim ki, o, heç bir şəxsi mənafe güdmədən canla-başla millətə xidmət edir.

Həsənağanın çox ciddi və sərt görkəmi var. Həm də sakitcə dünyaya baxan ağıllı gözləri, üz cizgiləri bu sərtliyi daha çox nəzərə çarpdırır. Amma qəribədir ki, bu sərtliyin özündə bir istilik, bir aydınlıq duyulur.

Onu tanıyan da, tanımayan da gözlərinə baxanda hər şeyi asanlıqla hiss edir, oxuya bilir: kimi onun sərt sifətində narahat sənətkarın göynəklərini, kimi də daxildən süzülüb üz cizgilərinə hopmuş özündən giley narazılıq ifadələrini. Nədir bu narahatlıq, narazılıq? Sənət zirvəsini fəth etməyə can atan bütün istedadlı adamların hamısı min bir çətinliklə üzləşməli olur. Bunun bircə səbəbi var: o da bütün böyük sənətkarlar kimi yüksəldikcə zirvələr arxasınma fəth edilməmiş yeni-yeni zirvələr görmək…

Özündən narazılıq da elə buradan başlanır.

Hər bir həqiqi sənətkar sənət aləmində parlaq dan ulduzuna bənzəyir. Belə sənətkarlar sənət kəhkəşanında tez parlayıb tez də ömürlərini başa vurmurlar. Virtioz sənətkar Həsənağa Bilal oğlu sənət kəhkəşanında parlayan belə nurlu dan ulduzlarından biridir.

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button