Allahın olsun, Qaragilə!

Əvəz Zeynallı

Mətbuatın 136 illiyində də yalan üstünə yalan danışdılar!..

Heç nə yazmamaq da olardı. Amma yox, bu qədər yalanın, bunca yalanın içində yazmamaq diqqətli Oxucunun axtardığı həqiqətin itirilməsinə səbəb ola bilər. Bu hakimiyyətin həyasız ideoloqları və kütbeyin qulbeçələri yalanı artıq Hitlerin Göbbelsi kimi danışırlar. «O qədər yalan danışmaq lazımdır ki, hamı onun gerçək olduğuna inansın»…

Bunlar hamının inandırılması üçün durmadan, usanmadan, bezmədən yalan danışırlar.

Hər yerdə Əli Həsənov var. Yanıqlı-yanıqlı danışır. İki kəlməsinin bir başı qəzetlərin və jurnalistlərin necə yazması, nə yazmasıdır.

Bəri başdan qeyd edim ki, Azərbaycan mətbuatının bu ağlar günə salınmasında birbaşa günahkar Əli Həsənovdur. Mətbuat Şurası da, KİVDF (əslində KİVKF) də onun başının məhsuludur. Bu qurumlar necə işləyirsə, bu qurumların başında duran adamlar necə işləyirsə, Əli Həsənovun bu qurumları meydana çıxaran başı da elə işləyir. İnanın, mübaliğə etmirəm. Qoy tərəqqipərvər Azərbaycan mətbuatının dəyərli qələmləri öz vicdanlarının qarşısında götür-qoy etsinlər – yaşxı işləyirsə, deməli, yaxşı işləyir. Pis işləyirsə, deməli, pis işləyir…

Vüqar Səfərli və Əflatun Amaşov da birbaşa və bilavasitə Əli Həsənovun layihəsidir. Dəyərli qələm əhlindən bəlkə də üzr istəmək lazımdır ki, Vüqar Səfərli ilə Əflatun Amaşovun adlarını yan-yana yazıram. Gör bizi nə günlərə gətirdilər, Əflatun Amaşova şükür edəsi olduq. Əflatun Amaşov adam kimi adam imiş. «Gələn gedəni aratır» deyir atalar, Vüqar Səfərli o həddə qəssablıq anlayışı gətirdi və o həddə ədalətsizlik etdi ki, Əflatun Amaşova hörmət edər duruma gəldik. Ziyalıdır Əflatun heç olmasa…

İndi Əli Həsənov bağça müəllimi kimi harada aş, orada başdır. İTV-nin və AzTV-nin vicdansızlıq püskürən ekranları qalıb bir neçə nəfər mətbuatla əlaqəsi olmayan adamın ümidinə. Tək qol futbol oynayırlar. Yorulmurlar təhqirdən, təkəbbürlü danışıqdan, prezidentlərini aldatmaqdan. Utanmırlar… Başlarında Əli Həsənov… Hara gedirlər, bu da önlərində…

Azərbaycan mətbuatının ölüm gününə gətirilməsində birbaşa Əli Həsənov günahkardır. O, hər kəsdən yazılmasına normal yanaşır, bir özündən başqa. Özündən yuxarılar və aşağılar umurunda deyil – bircə Əli Həsənovdan və onun imperiyasından yazmasınlar. Bu mənada, Vüqar Səfərlini tam özünə oxşada bilib. Vüqardan da yazmırlar. 40.000 manat «Yeni Müsavat»a, 30.000 manat da «Azadlıq» qardaşımıza bəs edir ki, müstəqil və azad mətbuat uğrunda dava sönsün. Hazırda o proses gedir. Heydər Əliyevin bacara bilmədiyini Əli Həsənov və onun artıq «mətbu qəssab» olduğu təsdiqlənən Vüqar Səfərlisi edib…

Vüqar Səfərlinin saxtakarlıq etdiyini sübut edirik, xeyri yoxdur. Yüzlərlə faktlar ortada durur, reaksiya yoxdur. Əyalətdən gələn həyəcanlı xəbərlər bu adamın mətbuatın qara yarası olduğunu gözlər önünə sərir, kimsənin umurunda deyil. Nə edək bəs? Hə?!

Hanı sizin hüquq-mühafizə orqanlarınız? Bu adamlar – Əli Həsənov və Vüqar Səfərli dərhal həbs olunacaq qədər qanunsuzluğa, saxtakarlığa, korrupsiyaya yol veriblər. Bu harayları kim eşidəcək, kim görəcək, əncamını kim çəkəcək?! Hanı bu ölkənin prezidenti, hanı bu ölkənin Prezident Administrasiyasının rəhbəri, hanı bu ölkənin MTN-i, DİN-i, hə?! Harada batıb qalıblar? Bu boyda rüşvət, korrupsiya gözlərimizin qarşısında dayanıb, yazırıq, faktları bir-bir ortaya qoyuruq, müraciətlər edirik, nə nəticəsi var?!

Nəticə almaqdan, istefa verib iş-güclərinin dalınca getməkdən başımıza corab hörmək üçün girəvə axtarırlar. Başda Əli Həsənov olmaqla bu mətbu kadro azad və müstəqil mətbuatın qarşısında əngəldir, ona dəstək ola bilməzlər, ona qarşı düşmənçilik edirlər…

Əli Həsənov mətbuatla bağlı kuratordur. Mətbuatla bağlı kurator isə mətbuata açıq və şəffaf olmalıdır. İndi mən təxminən 7-8 cümlə yazacağam. Bu cümlələri eşidəndə Əli Həsənovun hirsindən gözləri kəlləsinə çıxır və başlayır bizə qəbir qazmağa. Bu tip bir adam, mənalı keçmişi bir dostumuzun qapançılığı ilə keçən bir məmur necə mətbuatın dostu ola bilər? (Bu günlərdə mənə o günlərin şahidi olan hörmətli bir professor danışdı ki, Əli Həsənov Hüseyn Abdullayevdən maaşını gec alanda necə həyəcan keçirirmiş)… Amma o, bu gün azad və müstəqil mətbuatın amansız düşmənlərindən birinə çevrilib. İnzibati metodlarla onu susdurmaq istəyir.

Buyurun Əli Həsənov haqqında bir neçə cümlə:

1. Əli Həsənovun kürəkəni bir nazirin oğlunun çənəsini qırdığına görə, hüquq-mühafizə orqanlarından qovuldu. Kürəkən taxtına oturandan sonra isə Bakı şəhərinin əzəmətli bir polis bölməsinə rəis təyin olundu. Yazmayaq?!

2. Əli Həsənovun qardaşı İsa Həsənov Sabunçu rayonunda Allaha bəndəlik eləmir və hər ev tikəndən 3.000-5.000 manat arası rüşvət alır. Verməyənin evini başına uçurur. Fağır-fuğurun evini başına yıxır. İsa Həsənovun pulyığanı isə boğmaca bacısı oğlu Fərid adlı bir gəncdir. Yazmayaq?!

3. Əli Həsənov bütün «Azərbaycan» nəşriyyatını satın alır. Hissə-hissə nəşriyyat sökülür və Əli Həsənovun şirkətlərinin, media qurumlarının cənginə keçir. 21 hektarlıq nəşriyyatdan 2 hektar qalıb. Dövlətin milyon manatlıq dəzgahları silinir, keçir Əli Həsənovun əllərinə. Yazmayaq?!

4. Əli Həsənov yaratdığı və heç bir tirajı olmayan qəzetlər ordusunu öz həyat yoldaşı – Sona Vəliyevanın adı ilə idarə edir. Hər müsabiqədə Vüqar Səfərlidən 100 min manata qədər pul alır və heç bir tirajı olmayan bu qəzetlərin hesabına silir. Yazmayaq?!

5. Əli Həsənov yaratdığı və həyat yoldaşının əli ilə idarə etdiyi «Kaspi» mediaholdinqlə Azərbaycan mətbuatının şah damarlarını kəsir. Bütün qəzetsatış bazarını ələ keçirib. Qəzetlərimizi ölkənin hər tərəfinə daşıyan və satdıran firmalar birbaşa onun nəzarətindədir. Bir azdan qəzetlərimizi də satmayacaqlar. Zatən tirajımızın gözlədiyimiz şəkildə artmamasının bir səbəbi də qəzetsatış bazarının Əli Həsənovun adamlarının əlində olmasıdır. Yaxınlaşan və Azərbaycan mətbuatını öldürəcək bu təhlükədən yazmayaq?!

6. Əli Həsənov artıq özünü çox sərbəst aparmağa başlayıb. Həyat yoldaşı Sona Vəliyevanın sözlərinə yazılmış mahnıya görə, özünü türk milliyyətçisi kimi təqdim edən (əslində isə belə milliyyətçi olmaz) Əhməd Şəfəqə «Tərəqqi» medalı verdirir. Əli Həsənov həm də prezidenti aldadıb. Özünə Heydər Əliyev sarayında konsert keçirən, həmin «Qaragilə» mahnısının Azərbaycanda təqdimatını edən, həyat yoldaşı Sona xanımla sarayın ortasında prezidentlə xanımının yerində oturan Əli Həsənovun bu etdiklərini heç İlham Əliyev etməyib. Yazmayaq?!

Bunlar hələ nədir ki? İnsanın damarlarında qanı donur. İlahi, kirayə üzü görən, qapançı işləyən, maaş sıxıntısı çəkən, ilk avtomobilə minəndə kövrələrək «biz də avtomobil görərmişik» deyən bir insan azad və müstəqil sözə bu qədər qəddar və zalım ola bilərmi? Niyə?! Nədən?!

Mən televiziyadan üzümə püskürən bu yalan fırtınasına dözə bilmədim. Evdə bütün ovqatım təlx oldu. Bir insan öz millətinə bu qədər yalan söyləyərmi? Özümü saxlaya bilmədim. Hayqırdım, «Allahın olsun, Qaragilə!» deyə. Bu gün – mətbuatın qara bayramlarından birini də arxada qoyarkən, bu yalanları bizə yedirdən şöbə müdirinə bir də səslənirəm:

 

ALLAHIN OLSUN, QARAGİLƏ!!!

 

Bu qədər yalan danışma!!!

 

Xural” zeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Bu yazilanlarin həqiqət oldugunda heçdə sübhələnmirəm. Əli Həsənovun qardasi İsa Həsənovu mən 1999-cu ildən bu tərəfə Sabunçu RİH-DƏ işlədiyini deyə bilərəm. Onun dediyinə görə Sabuncu RİH-ndə odur, Bagdadda isə kor xəlifə. O hətta 2001-ci ildə mərhum prezidentimiz H. Ə. Əliyevin imzaladigi ermənistandan olan məcburi köçkünlərin evlərinin sənədləşdirilməsinə əmma tapirdi. İndidə hal hazirda Zəngilan qaçqini, 2-ci qrup Qarabag əlili olan Salmanov Güloglan Salman oglunu qapilarda süründürür. Nə isə allah bəlalarini versin, hərcənd orqan tədbir görmürş

  2. Hörmətli Əvəz Zeynallı. Sizin qəzetinizin kifayət qədər oxucusu var. Məsələn, mən Şəkidə və Bakıda Sizin qəzeti bəzi hallarda tapa bilmirəm. Yaxşı olar ki, tirajınızı bir az da artırasınız. O ki qaldı Vüqar Səfərliyə, Əflatun Amaşova, Əli Həsənova, bu adamların adları “Xural” kimi qəzetdə çəkilməyə layiq deyil. Onlar Azərbaycan mətbuatı üçün yaxşı heç nə etməyiblər, edə də bilməzlər, çünki mütərəqqi bir iş görmək üçün adamda bir balaca istedat, savad və qabiliyyət olmalıdır və onlarda da belə bir xüsusiyyətlər yoxdur. Ona görə də Azərbaycan mətbuat tarixində onların yeri yoxdur. Məsələn, ya Vüqar Səfərlidən yazdınız, ya da bazarda ömrü boyu kartof-soğan satandan. Buna görə yaxşı olar ki, qəzetinizin o gözəl səhifələri kartof-soğan satanlara həsr etməklə korlamayasınız…
    Milli mətbuatın 136-cı ildönümü münasibəti ilə Şəki şəhər icra hakimiyyətində keçirilən tədbirdə mən də iştirak etmişdim. Bizim yeni başçı mətbuata dövlət qayğısından danışandan sonra mən söz alıb etirazımı bildirdim. Dedim hansı qayğıdan, hansı yardımdan danışırsınız?! Dövlətin məqsədi mətbuatı məhv etməkdir! O yardımlar da qohum-qardaşlar arasında bölüşdürülür. Dövlət yardımı alan qəzetlərin 1-2-si istisna olmaqla, əksəriyyəti heç bir oxucu auditoriyasına malik deyil. Məsələn, Vüqar Səfərlinin “Mövqe” qəzeti daim dövlət yardımı alır, müsabiqələri də “udur”, yenə pul alır, üstəlik, bu qəzetə məcburi abunə də yazdırırlar! Dedim, “Cənab başçı, bu qəzet YAP-ın qəzetidirmi, yaxud rəsmi dövlət qəzetidirmi ki ona məcburi abunə yazdırılır?!
    Çıxışımda Şəki mətbəəsinin dağıdılmasına da toxundun, göstərdim ki, 1911-ci ildə Şəkidə mətbəə olduğu halda indi yoxdur. 2003 gü ildə Şəki mətbəəsini 4 min manata satdılar, amma oradakı 1 “stanok”un qiyməti bundan yüksək idi?! O, mətbəədə 37 nəfər işçi vardı. Həmçinin, “Şəki fəhləsi” qəzetinin 17 nəfər əməkdaşının 16-da işsiz qaldı. Budurmu dövlətin mətbuata qayğısı? Müqaisə üçün onu da əlavə etdim ki, Rusiyada rayon qəzetləri indi də həftədə azı 3 dəfə nəşr olunur və azı 15 min tirajla! Azərbaycanda isə heç bircə rəsmi dövlət qəzeti də yoxdur ki tirajı 15 minə çatsın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button