Alleqorik yazar

Rövşən Danyeri

 İşləmək ayıb deyil. Hətta azərbaycanlı düşüncəsinin əsasını “kişi hansı yolla olur olsun, işləyib ailəsinə baxmalıdır” məntiqi təşkil edir.

Ancaq Aqşin Yenisey kimi Əsəd Cahangiri, Ədalət Əsgəroğlunu Azərbaycan Yazıçılar Birliyində işlədiyi üçün cəsarətsiz adlandırandan sonra gedib Kamal Abdullanın yanında işləmək ayıbdır. Axı, indi sənin etdiyin kimi, Əsəd Cahangir də Anarı heç cür tənqid edə bilmir. Çünki onun yanında işləyir, buna cəsarəti çatmır. Əgər 6 il əvvəl tənqid etdiyin adamın vəziyyətindəsənsə, deməli, sən bu 6 ili sadəcə olaraq yelə vermisən.

Bu cür kiminsə yanında işləmək, öz zəhməti ilə pul qazanmaq yazıçıda zaman-zaman cəsarətsizlik yaradır. Bu cəsarətsizlik insana elə sirayət edir ki, başlayırlar demək istədiklərini heyvanların, quşların dili ilə deməyə. Bu tipli, öz zəhməti ilə pul qazanan, cəsarətsiz insanlar bir müddət sonra dəyişib olurlar alleqorik yazarlar. Alleqorik yazar olmağın bir üstünlüyü var: heç kimsə səni heç nədə ittiham edə bilməz! Hətta sən onların özlərini heyvana, quşa bənzətdikləri üçün üstlərinə hücum çəkə bilərsən.

 Beş dəqiqəyə dəyişən idealist

 Qan Turalını bütün qələm dostları “satqın” adlandırmışdı. Buna görə də Qan Turalının özünə zəng edib, münasibət öyrənmək istədim. “Sənə hansı mövzuda istəyirsənsə, münasibət açıqlayım, ancaq “Xural” qəzetinə heç bir açıqlama verməyəcəm” – dedi. Üstündən beş dəqiqə keçməmişdi ki, Qan Turalı “feyzbuk”da yazdı ki, “bir müxbir mənə zəng etmişdi, ona “sənin müxbir, yoxsa köşə yazarı olduğunu bilmədiyim üçün cavab verməyəcəm” – dedim. Hər yerdə özünü idealist kimi göstərən igidin idealistliyi arasında beşcə dəqiqə dururmuş.

Elə bilməyin ki, bu, onda birinci və sonuncu dəfədir. Bu statusdan bir gün keçəndən sonra yeni bir status yazıb bildirir ki, “Elmin Həsənli məndən müsahibə aldı”. Necə olur ki, müxbirlik edib, köşə yazan adamı qeyri-peşəkarlıqda suçlayan idealist gənc, bir gün sonra müsahibə alan və köşə yazan birisinə müsahibə verir. Elnur Astanbəylinin deməyinə görə, bu cür fikir dəyişkənliyi Qan Turalıda tez-tez olurmuş. Belə ki, Vüsalə Mahirqızına qarşı ən kəskin tənqidi məqalələr yazan idealist gənc üzərindən bir neçə ay keçəndən sonra həmin xanımın yanında işləməyə başlayır. Bundan başqa, dostlar oturub öz aralarında müzakirə edirlərmiş ki, görəsən, aramızdan kim satqın ola bilər, hakimiyyətin təklifi ilə kim razılaşa bilər.

Bu müzakirədən bir ay sonra Qan Turalı “Kulis” saytında işləməyə başlayır. Sonra da gözlərini yumub, qulaqlarını tutur ki, kimsə onu nədəsə ittiham edəndə eşitməsin, görməsin! Tənqid edən də cavab gəlmədiyini görüb sakitləşsin.

Tez-tez rəngini dəyişən canlıya el arasında buqələmun deyirlər. Bəs, görəsən, tez-tez düşüncəsini, ideyasını dəyişən adama nə deyirlər?

Bu sözü bilən varsa, xahiş edirəm, elektron ünvanıma yazsınlar. Çünki gedişat onu göstərir ki, biz bu sözü hələ çox işlədəcəyik.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button