Almaniya vətəndaşı olan iranlı qadın həbsxanaya qaytarılıb
Almaniya vətəndaşı iranlı qadın bir neçə həftəlik tibbi ezamiyyətdən sonra Tehranda həbsxanaya qaytarılıb. Qızı fevralın 29-da bildirib ki, anasının səhhəti sarıdan narahatlıq artır.
69 yaşlı Nahid Taqavi fevralın 28-də “qanunsuz şəkildə və aydın səbəb göstərilmədən” Evin həbsxanasına göndərilib, – Mariam Klaren X platformasında yazıb.
Taqavinin tərəfdarları öncə demişdilər ki, o, onurğaarası yırtıqdan, diabetdən, yüksək qan təzyiqindən əziyyət çəkir. Klarenin sözlərinə görə, anasında son həftələrdə ağrılı göz xəstəliyi yaranıb, “sərt həkim nəzarətində olmalıdır”.
Taqavi 2020-ci ildə İranda milli təhlükəsizlik ittihamları ilə saxlanılıb. Yanvarın 9-da o, sərt şərtlərlə tibbi ezamiyyətə buraxılıb. Belə ki, elektron izləmə cihazı taxmalı, Tehrandakı evinin 1 kilometrliyindən uzaqlaşmamalı idi.
Qızı anasının belə şərtlərlə gərəkən tibbi müalicəni ala bilmədiyini söyləyib.
İxtisasca memar olan Taqavi 2021-ci ildə “qanunsuz qrupa başçılıq etməkdə” təqsirli bilinib. Vəkili onun 10 il həbsə məhkum edildiyini açıqlayıb. Qadın uzunmüddətli təkadamlıq kamerada saxlanılıb.
Almaniyanın Xarici İşlər Nazirliyi Taqavinin həbsə göndərilməsi qərarını pisləyib, onun səhhətinin qətiyyən nəzərə alınmadığını bildirib.
Nazirlik qeyd edib ki, Taqavi ağır xəstədir, tibbi müalicə almalıdır. Qurum Almaniyanın onun buraxılması üçün “yorulmadan” çalışacağını əlavə edib.
İnsan haqları qrupları, Qərb hökumətləri İranı başqa ölkələrdə həbsdə olan iranlılarla dəyişdirmək üçün xariciləri və ikili vətəndaşları saxlamaqda ittiham edirlər. Tehran isə dəfələrlə bildirib ki, ikili vətəndaşlığı tanımır, üstəlik, xariciləri siyasi səbəblərlə saxladığını da təkzib edir.