Almaniyadan deportasiya olunmuş siyasi fəalların

Ailə üzvlərinin etiraz aksiyası...

Övladları Almaniyadan deportasiya edildikdən sonra həbs edilən bir qrup şəxs mayın 31-də bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar AFR hökumətini bu ölkənin həbs təhlükəsinə baxmayaraq, deportasiya etdiyi insanların taleyinə biganə qalmamağa çağırıblar. Amma səfirlikdən etirazçıların qarşısına heç kim çıxmayıb, polis isə aksiyanın başlamasından 10 dəqiqə sonra etirazçıları diplomatik missiyanın binasından uzaqlaşdırıb.

Aksiyada Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimlinin və siyasi fəal Samir Aşurovun ailə üzvləri iştirak ediblər. Onları həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova və keçmiş siyasi məhbus Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova dəstəkləyib.

Onlar AFR-dən sürgün edildikdən sonra həbs edilmiş 6 nəfərin portretlərini və onların azad edilməsi tələbi yer alan plakatlar qaldırıblar. Aksiya iştirakçıları səfirliyin nümayəndələri ilə görüş tələb ediblər. Amma polis əməkdaşları aksiya iştirakçılarının əlindən plakatları alaraq, onları uzaqlaşdırıb.

“Oğlumu vergi departamentindən çıxarkən küçədə saxlayıblar. Əvvəlcə polis oğlumun qanunsuz silah daşımaqda şübhəli bilinərək saxlanıldığını deyib. Sonra bu “silah narkotikə çevrilib. Oğlumu uydurma ittihamla həbs etdikləri azmış kimi, onun işi üzrə məhkəmə də faktiki olaraq qapalı rejimdə keçirilir”, deyə Pünhan Kərimlinin atası jurnalistlərə bildirib.

Atanın sözlərinə görə, o, Məhkəmə-Hüquq Şurasına şikayətlə müraciət edib, amma bu müraciət nəticəsiz qalıb. AFR səfirliyinin nümayəndələri də müraciətə baxmayaraq, məhkəməyə gəlməyiblər, deyə ata bildirib.

Digər məhbus Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova da səfirlikdə onun müraciətinə baxılmamasından gileylənib. “Mən dəfələrlə onlara yazmışam, məni qəbul etmələrini xahiş etmişəm, amma cavab yoxdur. Bizi Almaniyadan göndərərkən Samirin təqib olunmayacağını deyiblər, amma onu, demək olar ki, dərhal həbs etdilər”, deyə o bildirib.

Almaniya səfirliyindən aksiya ilə bağlı şərh vermək xahişinə cavabda diplomatik missiyanın nümayəndəsinin bir KİV-ə müsahibə verdiyini, müsahibənin dərc ediləcəyini və bu məsələ ilə bağlı mövqeyin orada ifadə olunduğunu bildiriblər.

Xatırladaq ki, ötən ilin oktyabrından etibarən Almaniyadan Azərbaycana deportasiya beş fəal: Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov cinayət ittihamı ilə həbs edilib.

Daha bir fəal, Ziya İbrahimli mayın 19-da Almaniyadan gəldikdən dərhal sonra saxlanılıb və inzibati qaydada 30 gün müddətinə həbs edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button