Almaniyaya ötürülən Rusiya neftini Qazaxıstan nefti əvəzləyə bilər
Qazaxıstan prezidenti Tokayev Almaniyaya neft tədarükünü ildə 200 min tondan 1,2 milyon tona çatdırmağı təklif edib.
AzadlıqRadiosunun qazax xidməti yazır ki, Tokayev belə bir təklifi iyunun 2-də Qırğızıstanda keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitində səsləndirib.
Məlumatda qeyd olunur ki, bu ilin beş ayında Qazaxıstan Almaniyanın Şvedt şəhərindəki neft ayırma zavoduna (Ukrayna müharibəsindən əvvəl zavod “Rosneft”ə məxsus olub-AR.) 90 min ton neft göndərib. İlin sonuna qədər Qazaxıstanın Almaniyaya 200 min ton neft verə biləcəyi vurğulanır. Tokayev isə bu həcmin ən azı 6 dəfə artırıla biləcəyini deyib.
“Bu göstəricini ildə 1,2 milyon tona çatdırmaq potensialı var və gələcəkdə artırılması da mümkündür”, – Tokayev bildirib.
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Almaniyadan başqa, Qazaxıstan neftinin İtaliya, Fransa və Rumıniyaya ixracı da yüksəlib.
Hələ “Vedomosti”nin bu ilin yanvarında yazdığına görə, 2022-ci ildə Almaniya Rusiyadan 1 milyon ton neft alıb. Tokayevin dediyi kimi əgər Qazaxıstan Almaniyaya göndərilən neft həcmimi 1, 2 milyon tona çatdıra bilərsə bu zaman Qazaxıstan Rusiyanı tamamilə əvəz edə bilər.
Amma o da var ki, Qazaxıstan nefti Almaniyaya Rusiya ərazisindən – “Drujba” kəməri ilə ötürülür. Həcmi artırmaq üçünsə Rusiya Energetika Nazirliyinin razılığı olmalıdır. Bildirildiyinə görə, belə bir razılıq yalnız şifahi şəkildə alınıb.
Avropa İttifaqı ölkələrinin Ukraynanın işğalı ilə əlaqədar Rusiya neftinə qiymət tavanı tətbiq etməsi, dəniz yolu ilə daşınmaya qoyulan qadağa səbəbindən Rusiyanın neft gəlirləri xeyli azalıb.
Bundan əlavə, Yamal-Avropa və Şimal axını-1 layihələrinin dayandırılması səbəbindən Rusiya Avropadakı qaz bazarının da bir hissəsini itirib.