Alqış Həsənoğlu qəzet açır?!

“Yeni Azərbaycan” qəzetinin baş redaktoruna bu işdə əngəl törədənlər kimlərdir?

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu qəzet açmaq üçün müəyyən çalışmalar aparıb. XuralTAC-a daxil olan məlumata görə, keçmiş baş redaktor bunun üçün hətta Ədliyyə Nazirliyinə müraciət edərək, “28 May” adlanan bir qəzeti də qeydiyyatdan keçirib. Amma bütün hazırlıqları aparan və özünə komanda toplayan sabiq “Yeni Azərbaycan”çının bu arzusunu gözündə qoyublar. Belə ki, yuxarı dairələr Alqış Həsənoğlunun bu planından xəbər tutublar və dərhal onun qəzet çıxarmasının qarşısını alıblar. Yuxarıların bu reaksiyasından sonra A.Həsənoğlu qəzet çıxarmaq fikrindən vaz keçib. Beləliklə, Azərbaycan mətbuatı daha bir qəzetdən məhrum qalıb.

Xatırlatmaqda fayda var ki, indiki baş redaktordan fərqli olaraq Alqış Həsənoğlunun rəhbərlik etdiyi müddətdə “Yeni Azərbaycan” qəzeti iqtidar qəzetlərinin arasında kifayət qədər dözümlü olması və demokratikliyi ilə fəqrlənib. Onun bəzi mövzularda göstərdiyi həssasiyyət, xüsusilə yeni ədəbiyyatın nümayəndələrinə yaratdığı imkanlar indi də kuluarlarda danışılır. Sadəcə, Alqış Həsənoğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt formada tənqid etdikdən sonra vəzifəsi ilə vidalaşmalı olmuşdu. Onun ardınca deputat olan əmisi oğlu Musa Musayev də yuxarıların qəzəbinə tuş gəlmişdi.

Amma qəzet yaratmaqda Alqış Həsənoğluna konkret kimlərin əngəl olduğu haqqında məlumat əldə edə bilmədik. Məlumatı verən mənbə bildirdi ki, ilkin kəskin reaksiyadan sonra A.Həsənoğlu fikrindən daşınsa da, qəzet çıxarmaqda iddialıdır. “Sadəcə aranın yatışmasını gözləyir. Prezidentin məsələyə münasibət bildirməsinə çalışır və ondan sonra qəzeti buraxmaq və hakimiyyətin bəzi qollarına qarşı sərt münasibət sərgiləmək istəyir. Hətta A.Həsənoğlu müxalifət mətbuatının bəzi tanınmış yazarları ilə də anlaşıb.”

Alqış Həsənoğlu ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

 XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button