Alternativ Nobel mükafatın alan Xədicə İsmayıl: “Düz söz deməyin bədəli yalnız ağır nəticələr deyil”
Araşdırmaçı jurnalist Xədicə İsmayıl alternativ Nobel mükafatı sayılan Right-Livelihood-Award “Dürüst Həyat Mükafatı”na layiq görülüb.
Jürinin açıqladığı kimi, X.İsmayıl “araşdırmaçı jurnalistika vasitəsi ilə ən yüksək səviyyədə korrupsiyanı aşkar etmək üçün cəsarət və sədaqət” mükafatını alıb.
Mükafatda vurğulanıb ki, o, TeliaSonera kimi çoxmillətli şirkətləri də əhatə edən Azərbaycan hökumətinin ən yüksək səviyyədə korrupsiyaya dair təkzibedilməz sübutlarını aşkar edib.
“Alternativ Nobel mükafatı” adı ilə tanınan builki Livelihood mükafatının laureatlarının adları 26 sentyabrda elan edilib.
Təqdimat İcraçı Direktor Ole von Uexkull və münsiflər heyətinin üzvü və BMT-nin dinc toplaşmaq azadlığı və assosiasiya hüququ üzrə keçmiş xüsusi məruzəçisi Maina Kiai tərəfindən veriləcək.
Bu mükafat 1980-ci ildə təsis edilib. Əsasən qlobal problemlərin həllinə kömək edən cəsarətli insanlar və təşkilatlara hörmət və dəstək əlaməti olaraq verir.
Əvvəlki mükafatçılar arasında ABŞ kəşfiyyat məlumatlarını sızdıran Edward Snowden, İngilis jurnalist Alan Rusbridger, Cumhuriyyət qəzeti (Türkiyə), həmçinin İsveçli uşaq kitablarının müəllifi Astrid Lindgren və başqalarının adları var.
X.İsmayıl yüksək beynəlxalq mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını BBC Azərbaycanca ilə bölüşüb.
– Bu, indiyə kimi aldığım mükafatlar sırasında ən mötəbəridir. Düzdür, digər aldığım mükafatlar da nüfuz sarıdan bundan geri qalmaz. Belə bir nüfuzlu mükafata layiq görülmək mənim üçün şərəflidir.
Eyni zamanda, bu mükafat təkcə mənə verilməyib, hesab edirəm ki, bu mükafatı həm də çətin şəraitə baxmayaraq, işini davam etdirən bütün jurnalist və hüquq müdafiəçiləri adından qəbul edirəm.
Bu mükafat onu göstərir ki, peşəkar jurnalistlər üçün təkcə həbs, cəza təqibləri olmur, həm də belə nüfuzlu mükafatlarla onların işinə qiymət verilir. Bu, Azərbaycandakı xüsusilə, gənc jurnalistlər üçün yaxşı mesajdır.
Bu onu göstərir ki, peşəkar jurnalistika işinə görə təkcə qurban tələb olunmur, bu iş həm də yüksək səviyyədə qiymətləndirilə bilir. Mükafatı alandan sonra çalışacam ki, onun faydasını başqa, xüsusilə, gənc həmkarlarım da görsün.
– Hansı formada görəcəklər? Facebook hesabınızda da deyilir ki, mükafatı “yemək-içməyə yox, xeyirli işlərə” sərf edəcəksən. Bu yöndə hansı planlar var?
– Ölkədə vəziyyət elədir ki, planları açıqlamaq olmur. Ancaq artıq bu barədə düşünürəm, planlar qururam ki, necə edim, mükafatımın başqalarına faydasına dəysin.
– Mükafat məbləğinin əlinə çatmayacağı ehtimalımı var?
– Azərbaycanda hər cür ehtimallar var.
– Bəs indiyə kimi digər maddi mükafatların sizə çatmasında hər hansı maneə olubmu?
– UNESCO-nun mükafatını almaq xeyli əziyyətli oldu. Həbsdən çıxandan sonra bir neçə banka getmişdim, amma hesab aça bilmirdim. Ancaq indi iki bank hesabım var.
Biri Avropa Məhkəməsində udduğum işlərdən mənə ödənilən kompensasiyalar üçündür. Digərinə isə UNESCO-nun mükafatını köçürdülər.
Düzdür, birdən köçürmədilər, xahiş etmişdim ki, hissə-hissə köçürsünlər ki, hökumət həbs qoymasın. Sağ olsunlar, onlar da anlayışla qarşıladılar.
– Bu mükafat üçün də belə bir xahiş olacaqmı?
– Yəqin ki… Başa düşürəm, indiyə kimi mən hakimiyyətin pulunu saymışam, indi hamı mənimkini saymaq istəyir… Bəzi təhlükəsizlik məsələləri var, onu həll etmək lazımdır.
– Xədicə xanım, ölkədən çıxışınıza qadağa qoyulduğu üçün mükafatın təqdimolunma mərasiminə qatıla bilmirsiz. Qatılsaydınız, “Dürüst həyat” nitqinizin ana xətti nə olardı?
– Təşəkkür edərdim ki, çox sag olsunlar, dünyaya göstərirlər ki, düz söz deməyin bədəli yalnız ağır nəticələr deyil, həm də mükafatlandırmadır. Və onu da əlavə edərdim ki, demokratiya olmayan ölkələrdə jurnalistlərin üzərinə ikiqat məsuliyyət düşür ki, ölkələrində xalqın hesabına ailəsinin sərvətini artıran hakimiyyətləri ifşa etsinlər. Bu ayrı-ayrı fərdlərdən daha artıq əmək tələb edir və şadam ki, mənim ölkəmdə belə fərdlərin sayı çoxdur. Bu mükafatı da bu riskləri göz altına alıb irəliləyən həmkarlarımın adına qəbul edirəm.