Alya Yaqublu polisdə ifadə verib

Jurnalist Alya Yaqublu iyunun 6-da Bakı Şəhər Baş Polis İdarəsində “ToplumTV işi” üzrə şahid qismində ifadə verib.

Bu barədə onun özü jurnalistlərə danışıb.

O qeyd edib ki, suallar barədə istintaq sirri olduğu üçün ətraflı məlumat verə bilmir: “Amma sualların çoxu absurd və işə heç bir aidiyyəti olmayan idi”.

A.Yaqublunun fikrincə, bu, işin qurama və saxta olduğunu göstərir.

“Ölkədə bu qədər qanunsuzluqlar var ikən, ölkə korrupsiya bataqlığında ikən hüquq-mühafizə orqanları bir ovuc jurnalistin və bir neçə siyasi fəalın, guya ki, cinayət törətməsi ilə bağlı yekə bir proses başladıb saatları bunlara sərf edirlər…”, – o vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button