AMAY Abdulla: “Burada nəyi sübut etmək istəyirsiniz?

abdulla 2“Kredit götürmüşük, dövlətə də əvəzini vermişik.” Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xural.com xəbər verir ki, prosesdə bir şahid dindirilib. Şahid Tahir Mehdiyev AMAY-da işlədiyini, Elşən Novruzovun (təqsirləndirilən şəxslərdən biri) təklifi ilə firma yaradaraq, “Birlikbank”dan 80 min manat kredit götürüldüyünü və pulun ticarət mərkəzinin tikintisinə sərf edildiyini bildirib. Hakim Əfqan Hacıyev şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıldığını elan edib. A.Abdullayev isə bildirdi ki, iş üzrə olan 144 şahiddən 43 nəfəri ümumiyyətlə istintaqda dindirilməyib.

A.Abdullayev: – Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz?

Hakim: – Biz heç nəyi sübut etmək istəmirik.

A.Abdullayev: – Siz olmayın, prokuror olsun.

Hakim: – Prokurorun vəzifəsi dövlət ittihamını sübut etməkdir.

A.Abdullayev: – Nəyi sübut edəcək axı. Kredit məsələsi ilə bağlı dəfələrlə demişəm ki, bəli, götürmüşük, binanın tikintisinə sərf etmişik. Dövlətə də artıqlaması ilə əvəzini vermişik. O cür bina tikmişik. Gələnlərin, görənlərin də hamısının xoşuna gəlir. Cinayət işində 144 şahid var. 43 nəfəri ümumiyyətlə istintaqda dindirilməyib. Onlar Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə “Birlikbank”dan kredit götürmüş şəxslərdir. Onları nə tapmaq mümkün deyil, nə də bu işə aidiyyatları var. 6 nəfəri təqsirləndirilən şəxslərdir ki, əlavə olaraq da şahidlər siyahısına salınıb. Şahidlərdən 6 nəfəri dünyasını dəyişib. 15 nəfəri məhkəməyə gələ bilməyəcəkləri ilə bağlı teleqram vurublar. 54 nəfərini isə məhkəmə dindirib. 15 nəfər hazırda Azərbaycanda deyil. Yerdə qalan 4-5 nəfərdən ötrü məhkəməni uzatmağa dəyməz.

Vəkil Əkbər Bağırov da bildirdi ki, yerdə qalan şəxslərdən bir neçəsinin dindirilməsini vacib hesab edirlər. “Onlardan biri “Birlikbank”ın İdarə Heyətində olmuş Səriyya Səmədovadır. Çünki “Birlikbank” işi ilə bağlı onun barəsində məhkəmə hökmü var. Digəri isə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olmuş şəxsdir” – deyə vəkil bildirib. Hakim Əfqan Hacıyev isə bildirdi ki, qanunvericiliyin tələbinə görə şahid məhkəməyə gələ bilmirsə bununla baqlı sənəd təqdim olunmalıdır. “Əgər cinayət işi materiallarında 144 şahid varsa, bizim vəzifəmizdir ki, onları dindirək. Şəxs dünyasını dəyişibsə bununla bağlı sənəd cinayət işinə əlavə edilməlidir. Ölkədə deyilsə, bu barədə arayış olmalıdır. Bundan sonra onların istintaqa ifadələrini elan etməklə kifayətlənə bilərik” – deyə hakim bildirdi. Proses mayın 25-də davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button