AMAY Abdulla: “Danışsam da əhəmiyyəti yoxdur”

abdulla 103.04.2015

AMAY Abdulla: “Danışsam da əhəmiyyəti yoxdur”

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə iş üzrə zərərcəkmiş qismində tanınan şəxslər ifadə veriblər. Əsli Həsənova bildirib ki, məhkəmədə mühakimə olunan şəxslərdən heç kimi tanımır: “Abdulla müəllimi ilk dəfə burada görürəm. Mənim ona böyük hörmətim var. “Xidəfərin” MMC-dən 2 otaqlı ev almışdım. Pulum çatmırdı, qalan pulu Abdulla müəllim verdi, hətta mənə 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil verdi. Mən heç bir zərər çəkməmişəm. Xahiş edərəm ki, məni zərərçəkənlər siyahısından çıxarın”.

Nüşabə Əzimova bildirib ki, 2004-cü ildə öz evini satıb və “Xudəfərin” MMC-dən ev alıb. Onun sözlərinə görə, 11 ildir kirayədə yaşayır: “Kirayələrdə yaşamaqdan şəkər xəstəliyinə tutulmuşam. Abdulla müəllim mənə pislik etməyib. Amma evimiz hazır olmayıb. Biz evimizi istəyirik. 11 ildir ayaq döymədiyim yer qalmayıb, bu illər ərzində sağlamlığım pozulub. İki oğlum var. Birinin 38, birinin 40 yaşı var. Evisizlikdən evləndirə də bilməmişik” deyən Nüşabə Əzimova qeyd edib ki, şirkətlə ev-alqı satıqısı barədə müqavilə bağlayıblar. Onun sözlərinə görə, evin verilməsindən xəbəri yoxdur: “Həmin inşa olunan binada tez-tez olmuşam. Mənzilimiz 15-ci mərtəbədədir. Mənzilin açarları 2-3 aydır bizə verilib. Amma həmin mənzildə yaşamaq üçün şərait yoxdur. Müqavilə sənədlərində yaşamaq üçün bütün şəraitlər yaradılacağıan göstəriş verilib. Amma şərtə əməl edilməyib”.

Müdafiə tərəfi zərərçəkənin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildiriblər. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsinin açıqlanmasını istəyiblər. Hakim Nüşabə Əzizovanın istintaqa verdiyi ifadəsini açıqlayıb. O, istintaqa verdiyi ifadəsində müqavilənin “Xudəfərin” MMC-inin rəhbəri Anar Məmmədovla bağladığını deyib. O, qeyd edib ki, mənzilin hər kvadratı üçün əlavə olaraq 50 dollar alıblar. Onun sözlərinə görə, həmin ilkin deyilən, həm də əlavə pulu ödəyiblər: “Mən müqaviləni Anar Məmmədovla bağlamışam. Abdulla Abdullayevə qarşı şikayətim yoxdur”.

Digər zərərçəkən Şahin Talıbov bildirib ki, 2003-cü ilin sonunda mənzil alıb. O, qeyd edib ki, mənzilin alınması üçün müqavilədə göstərilən pulları ödəsə də, mənzilin vaxtında verilməsi ilə bağlı şərtlər pozulub: “Mənim Abdulla Abdullayevdən şikayətim yoxdur. Amma “Xudəfərin” MMC-dən şikayətim var. Çünki müqavilənin şərtlərinə uyğun olaraq evin verilməsi təmin edilməyib. Hazırda həmin mənzildə ailə üzvlərimizdən biri yaşayır. Buna baxmayaraq, özümü zərərçəkən hesab edirəm. Çünki həmin mənzildə mülkiyyət hüququmuz yoxdur. Mənzilə qapının qoyulmasını deməklə müqavilənin şərtlərinə əməl etmiş kimi qiymətləndirmək, istismara vermək demək olmaz. Tövlənin də qapısı olur. Həmin mənzildə qəbul edilmiş sənədlərlə yaşamağa uyğun deyil. “Xudəfərin” MMC-də müqavilə bağlayanda lift, işıq, su, kanalizasiya xətlərinin çəkilməsini öhdəlik kimi üzərinə götürüb. Amma bu öhdəliklərin heç birini yerinə yetirməyib. Mənzilin alınması üçün 27 min 571 manat ödəmişəm”.

Daha sonra zərərçəkən qismində Dilarə Abdullayeva, Məlahət Əliyeva, Zahir Qəhrəmanov və Telman Abbasov ifadə veriblər.

Daha sonra Abdulla Abdullayev çıxış etdi. İş adamı “Xudafərin” MMC ilə bağlı ona verilən ittihamları əsassız saydığını bildirdi: “Bu, haradan başlanıb axı? Özümə söz vermişdim ki, bu gündən daha danışmayacam. Mən nə danışım axı? Danışsam da əhəmiyyəti yoxdur. Pul ödənilib, hər şey həll olunub. Mən bu gün 1 ildir burada oturmuşam. Cəzamı versinlər, çıxım gedim. Baş Prokurorluğun üzündən tikintini başa çatdıra bilmirdik. Tikintini başa çatdıranda yenə də bu işi başladılar. Mən neyləyə bilərdim axı? Korrupsiya idarəsi hər 2-3 ildən bir gəlib ilişir, bütün işləri dayandırırdı. Xoşum gəlirdi ki, mənim tikintim yarımcıq qalsın? Mümkündürsə ekspertiza təyin olunsun. “Xudafərin” MMC- yə cəkilən xərclə yığılan vəsait hesablansın. Əgər ora 10 milyondan artıq əlavə vəsait sərf olunmayıbsa bunu sübut edən şəxsə bağışlamaqa hazıram. Mən ora 10 milyon xərc cəkmişəm”.

Daha sonra “Texnikabank”ın nümayəndəsi Ruslan Umudov məhkəmədə çıxış edib. O, bankın 34 firmaya kredit verdiyini, amma kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin monitorinqinə kredit götürən tərəfin şərait yaratmadığını söyləyib. R.Umudov kredit götürən şirkətlər arasında “AMAY” MMC-nin olmadığını nəzərə çatdırıb. Bank nümayəndəsi kredit götürən tərəfin kreditin əsas hissəsini bağladığını, yalnız faizlərdə borclar qaldığını qeyd edib. Bank nümayəndəsi müdafiə tərəfin kreditin verilməsilə bağlı danışıqlarda kimlərin iştirak etməsi, qərarın hansı səviyyədə qəbul edilməsi, danışıqları kimlərin aparması, kreditin limitləri, firmaların kredit üçün nə zaman müraciət etməsi kimi sualları cavablandıra bilməyib. Hakim verilən suallara hazırlaşa bilmək üçün bank nümayəndəsinə bazar ertəsinə kimi vaxt verib.

Abdulla Abdullayev bankın nümayəndəsinə dedi: “Cavan oğlansan, kreditin verilməyində iştirak etmədiyin halda, bu suallara cavab verə bilməzsən. O vaxtı krediti verənlər gəlsin, sualları da o cavablasın”.

Məhkəmə prosesi aprelin 6-sı saat 10:00-a təyin edilib.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttihama əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatıüzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button