AMEA əməkdaşı Akif Əlizadəyə etiraz etdi-VİDEO

Yasəmən Qaraqoyunlu:

“AMEA-nın daxilində bir alimin yetişməsi üçün maneələr daha çoxdur, nəinki dəstəklər”

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu iyunun 8-də AMEA-da keçiriləcək prezident və vitse-prezident seçkilərinə münasibətini bildirib. Onun sözlərinə görə, AMEA-nın bugünkü qeyri-qənaətbəxş fəaliyyəti onun bağlanması ilə deyil, ciddi islahatların aparılması ilə müşahidə olunmalıdır:

“Mətbuatda AMEA-nın bir qurum olaraq bağlanması ilə bağlı məlumatlar yayılır.  Mən hesab edirəm ki, bunun əvəzinə, AMEA-da ciddi islahatlar aparılmalıdır. Mən kəsinliklə AMEA-nın bağlanmasının əleyhinəyəm. Akademiya mənim məbədimdir – mən orada böyüyüb, orada yetişmişəm. Bu gün isə elmdə öz sözümü yeni-yeni deməyə çalışıram. Elm elə bir sahədir ki, illərlə mütaliə edirsən, su damlaları kimi yığırsan. Damlalar toplanır və birdən göl olur. Yəni mən hələ indi öz bəhrəmi vermək istəyirəm. Belə bir dönəmdə kəsinliklə Akademiyanın bağlanmasını istəmirəm. Hə, əgər söhbət ondan gedirsə ki, Akademiya dövlətə və cəmiyyətə nə verir, o zaman məxsusi olaraq onun bağlanmasının deyil, onda islahatlar aparılmasının üzərinə gəlirəm. Akademiya keçmiş SSRİ-dən qalan bir sistemdir. Düşünürəm ki, hələ də keçmiş SSRİ-nin sistemi ilə də işləyir. Cəmiyyətimizdə “islahatlar aparılmalıdır…”,- deyəndə dərhal belə başa düşülür ki, qurumun kadrları dəyişilməli, insanlar ixtisara düşməlidir. Mən Akademiyanın yarı hissə kadrlarının oradan uzaqlaşdırılmasının tərəfdarı deyiləm. “İslahat” dedikdə, mən elmin təşkilatlanmasında necə islahat aparılmalıdır, ondan danışıram. Cəmi 200 manat maaş alan insanları. Vətəndaşlarımızı işdən çıxarmaqla Akademiyada islahat aparmaq olmaz. Bir peşəkar tədqiqatçının yetişməsi üçün 10-20 il zaman sərf edilir. Onların işdən çıxarılmasının qəti əleyhinəyəm. Baxın, cənab prezident hökumətin formalaşmasında kadr dəyişikliyi siyasətini apararkən gənc kadrlara üstünlük verir, yeni düşüncəli kadrlara önəm verir. Mən də çox istərdim ki, AMEA-da da yeni təyinatlarda, yeni seçkilərdə, gənc və enerjili, ideyalı insanlara üstünlük verilsin. Mən əsla demirəm ki, yaşlı nəsli kənara ataq. Amma idarəçilik sisteminə gənc, potensialı olan, enerjili insanlar gətirilməlidir. İkinci bir tərəfdən, AMEA-nın daxilində bir alimin yetişməsi üçün maneələr daha çoxdur, nəinki dəstəklər. Çoxlu maneələr var. Sovet dövründən qalma bürokratik maneələr var. Məsələn, biz bir dissertasiya edəndə onun həcmindən çox, müxtəlif müəssisələrdən yığılan sənədlər toplayırıq. Bu sənədlər kimə və nəyə lazımdır? Bir tədqiqatçı bu sənədlərin toplanmasına 3-5 ay vaxt sərf edir. Bizdə VAK sistemi var. İnanın, insanlar elmi işlərini müdafiə edirlər, işləri VAK-da 5-6 il yatıb qalır və VAK o adamların diplomunu vermir. İşin aktuallığı itir, bu hal tədqiqatçıya mənəvi, psixoloji zərbədir. Axı bütün bunlar nəyə lazımdır? Dünyada müxtəlif səviyyədə beynəlxalq tədbirlər keçirilir və il ərzində bu konfranslarda iştirak etmək üçün dəvət alırıq. Lakin uçaq biletini almağa bizim maaşımız çatmır. Biz dünyada keçirilən elmi konfranslara bu səbəbdən qatıla bilmirik. Diqqət edin, bütün elmi konfranslarda ermənilər, gürcülr, ruslar nə qədər fəaldırlar.Biz öz ölkəmizin maraqlarını həmin elmi konfranslarda qorumalıyıq. Ona görə də daim bu konfranslarda iştirak etməliyik. Biz rus, erməni projelərinə, platformalarına qarşı alternativ Azərbaycan platformaı ilə çıxmalıyıq.  Bu cür sənədlər tək XİN-də hazırlanmır, Müdafiə Nazirliyində hazırlanmır, bu həm də Akademik səviyyədə hazırlanmalıdır. Ona görə də hesab edirəm ki, Akademiya sistemində, elmin təşkilatlanmasında islahatlar aparılmalıdır. Akademiya bir alimin inkişafı üçün ona maneələr yaratmamalı, əksinə, ona dəstək olmalı, dünya səviyyəsinə çıxarmalıdır…

Akademiya, oradakı mühit demokratikləşməlidir. Alternativ və azad düşüncə qoymaq istəyən insanlara qarayaxmalar, şantajlar, işdənçıxarılmalarla təsir etmək yox, onlara dəstək olunmalıdır. Biz alternativ fikir bildirən kimi, bizi “dövlətçiliyin düşməni”, “hakimiyyətin düşməni” kimi qorxulu bir düşmən obrazı yaratmağa çalışırlar.

Akademiyada maaşlar çox azdır. Beynəlxalq elmi dərgilərdə çap olunma imkanı yox səviyyəsindədir. Alimlər fərdi tanışlıq hesabına elmi məqalələrini dərc etdirirlər. O zaman AMEA nəyə lazımdır, bu qurumunun fəaliyyəti Azərbaycan sərhədlərini keçmirsə…”

Yasəmən Qaraqoyunlu hazırda AMEA prezidentliyinə namizəd Akif Əlizadənin fəaliyyətindən də bəhs edib və bunları deyib:

“AMEA prezidentliyinə indiki prezident Akif Əlizadənin namizədliyi var. Mən mətbuatdakı çıxışlarımda bildirmişəm ki, A.Əlizadənin yenidən bu vəzifəyə namizədliyini dəstəkləmirəm. Birinci, yuxarıda sadaladığım bütün bu məsələləri həll etmədiyinə görə… İkincisi, mən də bir çoxları kimi gözləyirdim ki, AMEA rəhbərliyi, o cümlədən də A.Əlizadə Akademiya əməkdaşlarının sosial problemlərinin həll olunması haqqında Azərbaycan prezidentinə təkliflər paketi təqdim edəcək. İllərdir, bu təkliflər paketi hələ də ortada yoxdur. Məlumatlar yayılır ki, Saray qəsəbəsində AMEA əməkdaşları üçün ev tikilir. İlkin şərtlərə görə, əvvəlcədən mənzilin dəyərinin 30-50 faizini ödəməliyik. Əgər AMEA-dan 200 manat məvacib alıramsa, o zaman mənim o qədər vəsaitim haradan olmalıdır? O zaman ilkin ödəniş edə bilmiriksə, hər ay 1000 AZN pul ödəməliyik. Əməkdaş kimi cəmi 200 manat alıramsa, o zaman o 1000 AZN-ni hansı pullarla ödəməliyəm? O baxımdan bildirirəm ki, o evi, mənzili almaq şansımız belə yoxdur. O mənzilləri də AMEA-nın üst səviyyələrində yer alan çox varlı insanlar ələ keçirəcəklər. Biz yenə də əliboş qalacağıq. Bəs, Akademiyanın prezidenti mənim kimi statuslu insanların yaşayıb, elmi fəaliyyət göstərməsi üçün nə edib? Mən bu sualı onlara verirəm. Əgər bütün bunları edə bilmirsə, o zaman nədən yenidən prezident olmaq istəyir? Bu sualı da verirəm və bu məsələni həm AMEA rəhbərliyi, həm də Azərbaycan prezidenti qarşısında qaldırıram. Qoy sualıma cavabı onlar versinlər.”

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button