AMEA-nın I vitse-prezidentləri məlum oldu-Adlar

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı başlanıb. Ümumi yığıncaqda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak edirlər.

Axar.az xəbər verir ki, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.

Gündəliyə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.

***

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırki şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var.

Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan strateji inkişaf istiqamətindən irəli gəlir: “Bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. Bu mənada akademiya bütün başlanğıcların lideri olmalıdır. Akademiya dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir”.

Akademik R.Mehdiyev hesab edir ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır.

O vurğulayıb ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir:

“Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir”.

***

AMEA-nın illik ümumi yığıncağında Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Təklif qəbul edilərək namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün akademiyanın üzvləri fasiləyə çıxıb.

***

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib.

Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik Ümumi yığıncağında məlumat verib.

O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir. Həmin şəxslər bunlardır:

– Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev

– Birinci vitse-prezident akademik İsa Həbibbəyli

– Birinci vitse-prezident akademik İbrahim Quliyev

– Vitse-prezident akademik Tofiq Nağıyev

– Vitse-prezident akademik Dilqəm Tağıyev

– Vitse-prezident akademik Nərgiz Paşayeva

– Vitse-prezident akademik İradə Hüseynova

– Vitse-prezident akademik Rasim Əliquliyev

– Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov

– Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev

– Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button