AMEA-nın xanım alimindən İlham Əliyevə ürəkparçalayan məktub-FOTO

Yasəmən Qaraqoyunlu

AMEA Fəlsəfə İnstitutunun elmi işçisi, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin rəhbəri

 

Cənab Prezident, bizi vətəndaşlıqdan azad edin!

 

Azərbaycanda hamı bilir ki, mən 2017-ci ildə Azərbaycan prezidentinə, Sizə məktub yazıb ölkədəki ictimai-siyasi durumun gərginliyini, social-iqtisadi vəziyyətin ağırlığını, alimlərin acınacaqlı həyat tərzinin mənzərəsini işıqlandırmağa çalışmışdım. Bu məktubda elm yolu seçmiş  ailəmizin  20 illik kirayə həyatını, macəralarını işıqlandırmağa çalışmışdım. Aldığım məlumatlara görə, məktubumdan dərhal sonra AMEA vitse-prezidenti İsa Həbibbəyli, çalışdığım Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, direktor müavini Eynulla Mədətli, şöbə müdirim Sakit Hüseynov dəfələrlə müxtəlif strukturlarda haqqımda izahat vermişlər və hər dəfə də daim məni qorumağa çalışmışlar. Onu da eşitmişəm ki, mənim vəziyyətim dəfələrlə AMEA Rəyasət Heyətinin əlaqədar iclaslarında müzakirə olunmuşdur. Dəqiq bilirəm, həm AMEA rəhbərliyi, həm öz İnstitutumun rəhbərliyi və kollektivi mənim haqlı olduğumu bildikləri üçün hər zaman  məni qorumağa çalışmışlar, hər zaman mənə dəstəklərini əsirgəməmişlər. Hər zaman demişəm ki, AMEA mənim məbədimdir və fəlsəfə institutunda çalışmaq, filosof kimi yetişməkdən böyük arzum, idealım yoxdur. Fəlsəfə tədqiqatçısı olmaq, ölkəmin gələcəyinə öz düşüncələrimlə bəhrə vermək arzularımla bərabər, içində çırpındığımız sosial problemlərin yaratdığı maneələr və bunu dəyişmək əzmi ilə apardığımız mübarizələr ölkədə hər şeyi tək əldə və tək iradədə birləşdirən Siz cənablarına gəlib çatdıqda şüşə kimi yerlərə çırpılır, bütün arzularımız çilik-çilik olur.  

Dəqiq bilirəm ki, bir düşüncə adamı, yazar və filosof üçün iki keyfiyyət önəmlidir. Dərin elmi bilik və azad düşüncə, azad şəxsiyyət.  Mənim subyektiv mülahizələrimə görə, fəlsəfə özü elə Azadlıq deməkdir. Həm də filosof o kəsdir ki, O, nəinki yerdəki bütləri, fironları, hətta göydəki Allahı belə sorğulaya bilir.

Dəqiq bilirəm ki, filosof heç vaxt diktatorlara tabe olmaz, boyun əyməz. Despotik rejimlərin əsdirdiyi qorxulara gülər, keçər…

Bəlkə mən araştırmalarımla, yazılarımla, filosof, yaxşı fəlsəfə tədqiqatçısı ola bilmədim, lakin mən duruşumla, mövqeyimlə, xarakterimlə, mübarizəmlə, ən əsası bu 25 ildə sizin yeritdiyiniz “analoqu olmayan” uğurlu siyasətinizə, siyasi kursunuza gülməyimlə və əsla sizin təmsil etdiyiniz dəyərlərinizə bulaşmamağımla, sizin siyasətinizlə barışmamağımla bir filosofam, bir vətəndaşam, Cənab Prezident. 

Bütün bunları əlbəttə ki, Fəlsəfə institutunda bütün iş yoldaşlarım bilir, direktorum İlham Məmmədzadə bilir… Həmişə İlham Məmmədzadə, Əli Abbasov, Əbülhəsən Abbasov, Zümrüd Quluzadə, Səlahəddin Xəillə qarşılaşarkən onların gözlərinin düz içinə baxmaq istəyirəm. İstəyirəm ki, despotik rejimin qorxusunun əksini onların gözünün içində görəm və soruşam ki, bu əzaba necə dözürsünüz, susmaq əzabını necə daşıyırsınız? Susmağı necə bacarırsınız? Susmağı mənə də öyrədin, ustadlarım…

Sizə məlum məktubumdan sonra İlham Məmmədzadə ilə görüşdük, danışdıq. Ayrılarkən dönüb onun gözünə baxdım. Gözündə yaş gilələnmişdi.

 

Axxx Fəlsəfə! Axxx Filosof! Axxx Yaşamaq Əzabı, Düşünmək əzabı, Susmaq Əzabı! Axxx Acizlik!..

 

Baxmayaraq ki, İlham Məmmədzadə ilə Azərbaycanın keçmişi, bu günü, gələcəyi ilə bağlı ciddi ideoloji-siyasi fikir ayrılıqlarım var, baxmayaraq ki, əksər hallarda mübahisə edirik, əksər hallarda onu tənqid edirəm, lakin həmişə onu bu ağır illərdə direktor kimi də, insan kimi də yanımda gördüm. Dəstəklərini daim hiss etdim.  Baxmayaraq ki, onu ən çox mən tənqid edirəm, amma O, fəlsəfə alimi, professoru kimi bilir ki, həqiqətlər çoxdur, hər fəlsəfə tədqiqatçısının öz həqiqəti var və fikir müxtəlifliyi zənginlikdir, azadlıqdır. Bilir ki, Fəlsəfi düşüncələr Azadlıqda cücərir. Fəlsəfi düşüncəni Azad insan, şəxsiyyət ürətir.

 

Kölə insanları, qulları yönətməyə nə var ki, Cənab Prezident!

 

Ən böyük iş, azad insanları idarə etməkdir. Siz bax bunu bacarmadınız. Siz köləlik gətirdiniz, qorxu gətirdiniz. Siz Qul yetişdirdiniz…

Yeri gəlmişkən, onu da deyim ki, Qullara başçılıq edən quldarlara həmişə acımışam. Bir personaj kimi Quldarların, Diktatorların mənəviyyatı, düşüncə səviyyəsi, psixologiyası müşahidə obyekti kimi mənim üçün həmişə çox maraqlı olub. İnsanın iç dünyasında Sadizmi doğuran sosial-psixoloji problemlər nələrdir bax bunlar çox maraqlı mövzulardır.

Diktatorların ölkəsində, despotik rejimlərdə ürətilən fəlsəfi düşüncələrdə bir Azadlıq yanğısı olur. Mənim içimdə gəzdirdiyim böyük bir yanğı… O Azadlıq yanğısını sizin despotik rejiminizin qarşısında həmişə içimdə gəzdirmişəm, sizin insan ləyaqətini alçaldan rejiminizin qarşısında həmişə səbrimlə, duruşumla onu sönməməyə, daim alovlandırmağa çalışmışam. Nə isə…

 

Qayıdaq Sizə ünvanladığım məktub olaylarına…

 

Məktubumdan sonra 3 ay bizim ailəmizə növbədənkənar ev verilməsi ilə bağlı AMEA-da rəhbərlik strukturlarına ərizə paylamaqla məşğul oldum. Daşdan səs çıxdı, AMEA rəhbərliyindən yox. Üstündən bir il keçdi və bu bir ildə dəfələrlə İlham Məmmədzadə mənim yanımda AMEA Rəyasət Heyətinə, Fətəli Abdullayevə zənğlər vurdu, xahişlər etdi ki, bu ailəyə ev verməsəniz də, heç olmasa yataqxana verin… Beləcə, uzun bir zaman keçdi. AMEA Qadın Komitəsinin rəhbəri e.d.Rəna Mirzəzadə, Fəlsəfə institutunun Qadın Komitəsi üzvləri, e.d.Lalə Mövsümova, prof.Rəfiqə Əzimova, e.d.Ziba Ağayeva,  dr.İradə Zərqanayeva və bir çox adını çəkmədiyim iş yoldaşlarım, əməkdaşlar da bu prosesə qoşuldular və İlham Məmmədzadə ilə birlikdə mübarizə aparmağa başladılar. Sonucda AMEA prezidenti Akif Əlizadənin əmri ilə mənə 20 ildən sonra AMEA aspirantlar yataqxanasında bir otaq verdilər. İnstitutumuzda dostlar bunu bayram kimi qeyd etdilər. Yadımdadır, təxminən 17 il əvvəl o zaman AMEA Fəlsəfə İnstitutunun aspirantı olmuş həyat yoldaşım bu otağı almaq üçün nə qədər mübarizə aparmışdı, AMEA-nın ozamankı prezidenti Mahmud Kərimovun qəbuluna düşmüşdü və o zaman vitse-prezident olan Toğrul Şahtaxtlı bu otağın müqabilində düz 2500 manat pul rüşvət istəmişdi. Elm haqqında Qanuna görə, o zamanlar aspirantın hər hansı bir yerdə işləməsi qəti qadağan idi və təbii ki, heç yerdə işləməyən aspirantda da 2500 manat pul yox idi. O aspirant ki, aspiranturanı bitirdikdən dərhal sonra elmi işi, dissertasiyası birinci müzakirədən keçdikdən sonra bizi, ailəsini iki körpə uşaqla kirayədə qoyub hərbi xidmətə getdi. O zamanlar sizin məmurlarınızın övladları hərbi xidmətə getməmək üçün AMEA-da doktorluq müdafiə edib saxta diplomlar alırdılar, o aspirant ki, hərbi xidməti uğurla başa vurub geri qayıdarkən işə bərpa olunmadı, uzun müddət işsiz qaldı, kirayə pulları üst-üstə yığıldıqca intihar etmək dərəcəsinə gəldi.

 

Bu, sizin Azərbaycanınızdır, bu, sizin ölkənizdir, bu mənzərəni siz çəkmisiniz, cənab Prezident!

 

Bu sosial “macəraları” sizin vətəndaşlarınız, alimləriniz  sizin “analoqu olmayan” siyasətiniz nəticəsində yaşayır…

Beləliklə biz, düz 17 il bax bu yataqxanada bu otağı almaq üçün gözlədik…

Yataqxanadakı otağın komendantı Azər müvəqqəti yaşayış üçün bizə verilmiş 84 nömrəli otağın qapısını açıb mənə göstərəndə dəhşətə gəldim. Sarsıldım. Yanımdakı dostum “Özünü ələ al, övladlarına yazığın gəlsin” pıçıldadı. Komendant üzümə baxıb dedi: “Heç olmasa kirayədən canın qurtardı”.

Qonşuluqda 85 nömrəli otağın sakini, qonşu qadınla tanış olduq. “Yoldaşım elmlər doktorudur, özüm kimya elmləri namizədi. Neçə illərdir burada yaşayırıq. Bizə ev vermədilər” dedi: “Bəs niyə dözürsünüz?” soruşdum. “Onsuz da mənası yoxdur, kimə şikayət edəsən?” dedi. Bax bu sözlər ümidsizliyin ifadəsi idi. Bütün vətəndaşlara bəxş etdiyiniz ümidsizliyin. Budur sizin “analoqu olmayan” uğurlu siyasətiniz?

 

Bu miskin yataqxanaya nifrət edirəm, bütün Azərbaycan yataqxanaya bənzəyir!

 

Mən heç vaxt bu yataqxanaya köçməyəcəm, bu rəzil həyatı qəbul etməyəcəm, min bir əziyyətlə böyütdüyüm övladlarımın bu yataqxananın bu rəzil otağında, belə təhqir olunmasına izin verməyəcəm. Mən heç vaxt övladlarımın belə rəzil şəraitlərdə, belə rəzil otaqlarda yaşamağına razı ola bilmərəm. Mən mübarizə aparacağam. Sonunadək…

Daha mən sizin rəhbərlik etdiyiniz ölkədə yazar, alim, vətəndaş olmaq istəmirəm. Siz bizim bütün ümidlərimizi öldürmüsünüz, haqqımızı tapdalamısınız. Daha sizi ölkəmin başında görmək istəmirəm.

Nə yazmaq istəmirəm, nə düşünmək… Bu ölkədən qaçmaq istəyirəm.

Bu dövlətin qurulması üçün mən bütün gəncliyimi fəda etmişəm. Meydanda Rus İmperiya ordularının qarşısına çıxanlardan biri də mən olmuşam. Güllələr hər zaman yanımdan uçub keçib. 20 yanvarda da təsadüfən sağ qalmışam… Hər zaman da millətim və dövlətim üçün çalışacam. Lakin sizin hakimiyyət bu dövlət, bu ölkə üçün çalışanlara yox, hər zaman alıb-satanlara, xəyanət edənlərə sahib çıxıb.

 

Mən sizin vətəndaşınız olmaq istəmirəm

 

Mən bu illərdə deyəsən  Fəlsəfənin nə olduğunu dərk etmişəm… Mənim Fəlsəfəm Azadlıqdır, Köləlikdən qaçışdır.

 

Mənə verdiyiniz bu yataqxananın misgin otağının durumunu, şəkillərini sizə təqdim edirəm.

Bu şəkillər, bu miskin durum sizin mənəviyyatınızı və Azərbaycan vətəndaşına olan münasibətinizi əks etdirir.

 

Xural.com

 

P.S. Xural.com bu dəhşətli çağırışdan sarsılaraq bütün ölkə ziyallarını Yasəmən Qaraqoyunlunun və onun timsalında yaşayış məskəni tapmaq üçün çırpınan alimlərimizin yardımına səsləyir!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button