Amerika təyyarədaşıyan qruplaşması Suriyaya doğru istiqamət aldı, Tramp səfərini təxirə saldı

ABŞ hərbi dəniz qüvvələrinin “Harry Truman” təyyarədaşıyanının başçılıq etdiyi zərbə qruplaşması Suriya istiqamətində hərəkətə başlayıb. virtualaz.org Stars&Stripes nəşrinə istinadən xəbər verir ki, bu Suriya rejiminin Dəməşq ətrafında kimyəvi silah tətbiq etməsindən sonra Yaxın Şərqdə dərinləşən böhranlı vəziyyətlə bağlıdır.

Təyyarədaşıyan zərbə qruplaşması Virciniyadakı Norfolk bazasından yola çıxıb və yaxın günlərdə Yaxın Şərq regionuna-Aralıq dənizinə çatmalıdır. Gəmi qruplaşmasının tərkibinə “Normandiya” raket kreyseri, “Arli Bek”, “Balkeley”, “Forest Şerman”, “Farraqut” esminetsləri, digər hərbi gəmilər daxildir. Yolüstü qruplaşmaya Almaniya hərbi donanmasının “Hessen” freqatı da qoşulacaq.

Bundan əvvəl ABŞ donanmasının “USS Porter” və “USS Donald Cook” esminetslərinin Suriya sahillərinə göndərildiyi xəbər verilmişdi.

Xatırladaq ki, ABŞ kimyəvi silah tətbiqinə cavab olaraq Suriya rejiminə qarşı cavab tədbirlərini nəzərdən keçirir. Suriya ətrafında yaranmış vəziyyətlə bağlı olaraq prezident Donald Tramp Latın Amerikası ölkələrinə ilk xarici səfərini təxirə salıb.

“Reuters” bildirir ki, Trampın aprelin 13-də Peruya səfəri nəzərdə tutulmuşdu və o, ənənəvi Amerika Sammitinə qatılmalıydı. Daha sonra ABŞ prezidentinin Kolumbiyaya səfəri nəzərdə tutulurdu. Lakin Suriyaya qarşı cavab tədbirləri üzərində işlədiyi üçün Tramp səfəri təxirə salıb, onu sammitdə vitse-prezident Maykl Pens əvəz edəcək. Tramp Suriyaya dair tədbirlər barədə Fransa prezidenti Emmanuel Makronla məsləhətləşmələr aparır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button