Amerikanın Suriya kürdlərini dəstəkləməsinin arxasında dayanan səbəblər

İkinci dünya müharibəsindən sonra keçən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Türkiyə çox yaxın dostluq münasibətlərində olmuş və demək olar ki, bütün sahələr üzrə səciyyəvi əməkdaşlıq  nümunəsi göstərmişlər. Amerika ilə münasibətlər Türkiyənin xarici siyasətində mühüm yer tutmuş, iqtisadi, hərbi, təhlükəsizlik və hümanitar shələri əhatə etmişdir.

Coğrafi baxımdan Sovet İttifaqı ilə sərhəddə yerləşməsi Türkiyəni kommunizmin yayılmasının qarşısını alan maneəyə çevirmişdi və bu xüsusiyyətləri onu Amerikanın regiondakı digər müttəfiqlərindən fərqləndirmişdi. O, Amerika Birləşmiş Ştatları ilə eyni cərgədə qırmızı təhlükəyə – kommunizmə qarşı mübarizə aparır və bununla Amerika və NATO-nun raketləri və hərbi qüvvələrinə ev sahibliyi edirdi. Eyni zamanda ABŞ-ın Orta Şərq və ona bitişik regionlardakı strateji maraqları Türkiyə vasitəsilə ciddi-cəhdlə qorunurdu.

Sovet İttifaqının dağılması, kommunizm təhlükəsinin aradan çıxması bütün dövlətləri yeni reallıqlar qarşısına çıxardı. Prioritetlər dəyişdi. Amerikada hesab etməyə başladılar ki, onların Orta Şərq siyasəti üçün Türkiyə əvvəlki qədər əhəmiyyətli deyil. Ona görə də Türkiyəyə ayrılan rol qısaldılmağa başladı. Amerikanın region siyasətində İsrail və Səudiyyə Ərəbistanı daha irəli çəkildi.

“Ərəb baharı” adı verilmiş fəlakət uçurumu daha da dərinləşdirdi. İŞİD-in meydana gətirilməsi və bunun nəticəsində regionda məskunlaşan kürdlərə terror qrupları ilə mübarizədə xüsusi rol verilməsi isə ABŞ ilə Türkiyə arasındakı ziddiyyətləri kulminasiyaya çatdırdı.

Amerikanın Şimali Suriyada Kürdlərlə apardığı eksperimenti Türkiyə öz təhlükəsizliyi üçün ciddi hədə kimi görür. Onlar Kürdlərin Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadı olan Xalq Müdafiə Birliyini (YPG) PKK ilə birlikdə olan və İŞİD-ə bərabər terror qrupu hesab edirlər.

ABŞ-ın kürdlərdən təşkil olunmuş Suriya Demokratik Qüvvələrinə (SDF) silah, sursat, hərbi təlim və digər shələrdə yardımı Türkiyədə bu yardımım arxasında gizlənən səbəblər haqqında suallar yaradır. ABŞ-ın Kürdlərə yaxınlaşmasının əsas səbəbinin İŞİD-ə qarşı müharibə olması haqqında təqdim etrdiyi uzahat Türkiyə tərəfindən yetərsiz hesab olunur.

Elə isə Amerikanın kürdlərə yardım etməsinin arxasında hansı səbəblər dayanır? Nəyə görə Amerika Türkiyə kimi dövlətlə olan maraqlarını kürd qruplaşması ilə münasibətlərə qurban verir?

Amerikanın kürdlərə yardımı və SDF ilə ittifaqının bir neçə səbəbini nəzərdən keçirək:

Birinci, rəsmi olaraq Amerika 2014-cü ildən başlayaraq Azad Suriya Ordusu da daxil olmaqla mötədil hesab etdiyi Suriya müxalifətçilərini silahlandırmağa və onlara təlim verməyə başladı. Verilən məlumatlara görə, ABŞ elə bu dövrdə rejimə müxalif qüvvələri maliyyələşdirmək üçün 500 milyon dollar vəsait ayırır. Çox keçmir ki, ABŞ Suriyada onun tərəfindən müvafiq vuruşan qüvvələrin olmadığına görə işlərin yaxşı getmədiyini bəyan edir.

Ozamankı müdafiə Naziri Aşton Karter elan edir ki, Amerika İŞİD-ə qarşı döyüşə biləcək və torpaqları azad edəcək motivasiyalı qüvvə axtarışındadır. Bu zaman ABŞ-ın irəli sürdüyü kriteriyalara YPG-nin cavab verdiyi məlum oldu.

İkinci, Kobaninin müdafiəsi zamanı YPG qüvvələrinin öndə getməsi Amerikaya onlarla əməkdaşlıqda ruhlandırdı. Amerikanın bölgədəki hərbi müşavirləri ilə YPG arasında İŞİD-ə qarşı işgüzar münasibətlər yarandı. İlk kontaktlar beynəlxalq koalisiyanın hərbi yardımları əhatə edirdi.

Sonralar Pentaqon rəsmiləri YPG və SDF hərbi birləşmələri haqqında Suriya uğrunda qurban getməyə hazır olan etibarlı və baçarıqlı qüvvə kimi danışmağa başladılar.

Üçüncü, İŞİD-ə qarşı müharibənin gedişində məlum oldu ki, Türkiyə zaman-zaman Amerikanın deyil, öz maraqlarının təmin olunmasının ardınca gedir və bu maraqlar heç də hər zaman Amerika maraqları ilə üst-üstə düşmür. Al-Qaidənin bir qolu olan Cəbhət əl-Nusrə ilə iddia olunan münasibətləri Amerika və onunla birlikdə olan qüvvələr tərəfindən yaxşı qarşılanmırdı. Eyni zamanda Türkiyənin sərhədləri lazım olan səviyyədə qapatmaması və terroristlərin regiona axışının qarşısının tam ala bilməməsi ABŞ-da və onun müttəfiqlərində belə rəy formalaşdırdı ki, vəziyyəti ancaq YPG və SDF-ni gücləndirməklə nəzarət altına almaq olar.

Dördüncü, Amerikaya ona ehtiyacı olan və ehtiyaclarının təmin edilməsi müqabilində Suriyada aktiv döyüş apara bilən qrup lazım idi. Suriya kürdləri şimal və qərbdən Türkiyə, şərqdən KDP-KRG və Suriya hökuməti, cənubdan İŞİD kimi düşmən güclərlə əhatə olunmuşdular. Suriya kürdləri Amerika və onun koalisiya üzrə müttəfiqlərinin yardımlarına cüddi ehtiyacları var idi və koalisiya qüvvələrinə effektiv döyüş aparmaq bacarıqlarını sübut edə bilmişdilər.

Beşinci, Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə Türkiyədə hakimiyyətə gəldi. 2003-2009-cu illər Ərdoğanın baş müşaviri, 2009-2014-cü illər Xarici İşlər Naziri olmuş Əhməd Davutoğlu Türkiyənin xarici siyasətində dramatik yerdəyişməni həyata keçirən “strateji dərinlik” anlamına böyük önəm verirdi. Bu strategiya Türkiyənin şərqə istiqamət götürməsinə səbəb oldu. Bu dəyişiklik Amerika siyasətçiləri arasında panikaya səbəb oldu. “Ərəb Baharı” zamanı Türkiyənin özünü Orta Şərqin himayədarı kimi aparması narahatçılığın daha da artmasına səbəb oldu. Region üzrə “Müsəlman qardaşlığı” hərəkatını müdafiə etməsi Amerikada Türkiyənin yeni prioritetləri baxımından haqlı narahatçılıq formalaşdırdı. Türkiyənin diqqətinin şərqə yönəlməsi Amerikanın Suriya kürdlərini və SDF-ni dəstəkləməsində həlledici rol oynadı.

Altıncı, 2015-ci ilin martında Amerikanın keçmiş Dövlət Katibi Con Kerry bəyan etdi ki, “Suriya münaqişəsini hərbi həll yolu yoxdur; həll yolu yalnız siyasi yoldur.” Kerrinin bəyanatı Rusiyanı Bəşər Əsədi daha da intensiv şəkildə hərbi sahədə gücləndirməyə ruhlandırdı.

Rusiyanın fəal müdaxiləsi İranın da Suriyada və Orta şərqdə əl-qolunu açdı və Amerikanın manevr imkanlarını zəiflətdi. Suriyada qüvvələr balansının Rusiya, İran və Hizbullahın xeyrinə dəyişməsi regionda yeni reallıqlar yaratdı. Amerika Rusiya və İranı zəiflətmək məqsədi ilə SDF-ni gücləndirməyə məcbur oldu.

Yeddinci, Amerikanın İraqı işğal etməsi və “Ərəb Baharı” Orta Şərq və Şimali Afrikada sabitliyi pozdu. Regionda sabitliyi bərpa etmək, xüsusilə, İslam dövləti peyda olduqdan sonra, Amerikanın əsas məqsədinə çevrildi. Bu məqsədə çatmaq üçün ona yardım edə biləcək aktorların tapılması Amerika üçün ciddi əhəmiyyət kəsb etməyə başladı. Beləliklə, SDF-ni gücləndirməklə Amerika və Qərb regionda sabitlik yaratmaq və ekstrmizmə qarşı mübarizə apatmaq istəyirlər.

Səkkizinci, Amerikanın Orta Şərqdə mövcudluğunun əsas məqsədlərindən biri İsrailin təhlükəsizliyini təmin etməkdir. İsrail dövləti mövcudluğunun ilk illərindən bu məsələ Qərb dairələri üçün prioritet məsələdir. Kürdlərin gücləndirilməsi İsrailin təhıükəsizliyi baxımdan əhəmiyyət kəsb edir. Region tərəfindən qəbul edilə bilməyən ikinci dövlətin yaradılması diqqəti İsraildən yayındırma funksiyası daşıya bilərdi.

Əlimusa İbrahimov

Politoloq

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button