'Amnesty': COP29-a ev sahibliyi sazişi insan haqlarına təminat verməlidir

Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinin təşkilatçısı olan BMT Azərbaycanla Ev sahibi ölkə Sazişinə (HCA) insan haqlarına təminat məsələlərini salmalıdır. “Amnesty International” insan haqları təşkilatı iyulun 4-də belə bir çağırışla çıxış edib. Qurumun mövqeyinə görə, saziş imzalanandan sonra ictimaiyyətə açıqlanmalıdır ki, potensial iştirakçılar tədbirdə üzləşə biləcəkləri riskləri dəyərləndirə bilsinlər.

“Amnesty International” bildirir ki, davamlı səylərinə baxmayaraq, ötənilki iqlim sammitinin Ev sahibi ölkə Sazişini yalnız bu yaxınlarda əldə edə bilib. Saziş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmışdı. “Amnesty” sözügedən sənəddə Dubaydakı tədbirin iştirakçılarının haqlarının təminatı baxımından ciddi nöqsanların olduğunu bildirir. Bu isə “Azərbaycan hökuməti ilə sazişin də COP29-da insan haqları və vətəndaş cəmiyyəti fəallığının qorunması baxımından qüsurlu olacağı, samit öncəsi ictimaiyyətə açıqlanmayacağı sarıdan narahatlığı artırır”, – bəyanatda deyilir.

“Amnesty International”ın İqlim Siyasəti üzrə müşaviri Enn Harrison deyib ki, BMT ilə Azərbaycan arasında HCA həm tədbirin keçirildiyi məkanda, həm də xaricində bütün insan haqlarının qorunmasını və sayqı göstərilməsini təmin etməlidir: “Buraya ifadə və sərbəst toplaşma azadlıqları daxildir. Bu, özəlliklə vacibdir, çünki Azərbaycan hakimiyyəti tənqidə ardıcıl divan tutur, bu yaxınlarda təzyiqləri gücləndirib, jurnalistləri, insan haqları müdafiəçiləri və iqlim fəallarını, o cümlədən (hüquq müdafiəçisi) Anar Məmmədlini saxlayıb. Həm onun, həm də hakimiyyətin ədalətsiz saxladığı digərlərinin azadlığa buraxılmasına çağırırıq”.

Harrison əlavə edib ki, Azərbaycan hökumətinin törətdiyi kobud insan haqları pozuntularını nəzərə alaraq, BMT-nin Azərbaycanla HCA razılaşması imzalanandan dərhal sonra ictimaiyyətə açıqlanmalıdır. Bu COP29-da vətəndaş fəallığının necə qorunduğunu dəyərləndirmək üçün vacibdir. Harrison BMT-nin müvafiq katibliyini bütün keçmiş və gələcək HCA sənədlərini də şəffaflıq naminə öz vebsaytında yerləşdirməyə çağırır. Azərbaycanın da bu sənədi dərc etməli olduğu vurğulanır.

“Amnesty International” əvvəlki COP iqlim sammitlərinin, o cümlədən Polşa, İspaniya, Böyük Britaniya, Misir və BƏƏ-də keçirilmiş tədbirlərin ifadə və sərbəst toplaşma azadlıqlarını necə məhdudlaşdırdığını sənədləşdirib. Qurum Azərbaycanda bu hüquqların kobud şəkildə pozulmasını qeydə aldığını, bu məsələnin builki COP sammiti iştirakçılarının təhlükəsizliyi sarıdan narahatlıq yaratdığını vurğulayır.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

AzadlıqRadiosu “Amnesty International”ın bu çağırışına BMT və Azərbaycan hökumətinin münasibət almağa çalışır.

Azərbaycan hakimiyyəti indiyədək ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etməyib. Ölkədə heç kimin peşə fəaliyyətinə görə siyasi basqı görmədiyi bildirilib.

Ancaq ötən ilin noyabrından Azərbaycanda aralarında “ToplumTV”, “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Saxlanan jurnalistlər, əsasən, hakimiyyətin yuxarı təbəqələrində korrupsiyanı ifşa edən araşdırmalar aparıblar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button