Amnesty International Eynulla Fətullayevi «hökumətyönlü» adlandırdı

22.01.2013
«Fətullayevin Almaniya haqqında layihəsi Azərbaycan höküməti tərəfindən istifadə edilir»

Amnesty International insan haqları təşkilatı azərbaycanlı jurnalist Eynulla Fətullayevlə əməkdaşlığa son qoyması barədə bəyanat dərc edib. 

Təşkilat hesab edir ki, Fətullayevin Almaniya haqqında layihəsi “Azərbaycanın insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün Azərbaycan höküməti tərəfindən istifadə edilir.

Bəyanatda deyilir ki, bir zaman vicdan məhbusu olmuş və Amnesty-nin 4 il kampaniya apardığı Fətullayev bir müddət əvvəl təşkilatın Almaniya ofisi ilə əlaqə saxlayıb və onlardan Brüsseldə, Almaniyada insan haqlarının pozulması barədə təşkil etdiyi tədbirə qatılacaq bir spiker ayırmalarını xahiş edib.

“O iddia etdi ki, bu tədbir Alman Marşal Fondunun (German Marshall Fund) Qara Dəniz Fondu (Black Sea Trust) tərəfindən maliyyələşdirilir. Amnesty Internationalın Beynəlxalq Katibliyi (International Secretariat), Amnesty İnternational Almaniyadan xahiş etdi ki, bu tədbirə spiker göndərməkdən imtina etsin”.

Amnesty deyir ki, Qara Dəniz Fondu Qara Dəniz ətrafındaki ölkələr üçün təsis edilib və bu ölkələr əvəzinə Almaniya üzrə bir layihə üçün onlarla min avro xərcləməsi “bizə şübhəli göründü və biz onlarla əlaqə saxlamaq qərarına gəldik”.

Təşkilatın bəyanatında iddia olunur ki, tədbirdə iştirakdan imtina etməsinə baxmayaraq, Eynulla Fətullayev Amnesty Internationalın spikerinin adı olan tədbirin gündəliyini yaymağa başlayıb.

BBC Azərbaycanca Eynulla Fətullayevlə əlaqə saxlamağa çalışsa da, hələ ki, buna müvəffəq olmayıb.

“Hökumətyönlü”

“O, həmçinin Amnesty Internationalın iştirakını iddia edərək, tədbirə dəstək qazanmağa çalışıb. Daha sonra, Qara Dəniz Fondunun bu tədbiri maliyyələşdirmədiyini müəyyənləşdirdik”, bəyanatda deyilir.

Bunun səbəb göstərərək Amnesty Eynulla Fətullayev və onun təşkilatı “İnsan Hüquqları Uğrunda” Azərbaycan İctimai Birliyilə hər hansı əməkdaşlığı dayandırmaq qərarına gəldiyini bəyan edib.

“Eynulla Fətullayev tərəfindən, bizi dəstəkçi və ya tərəfdaş təşkilat kimi təqdim edən hər hansı iddialara əhəmiyyət verilməməlidir”, təşkilat bəyan edir.

Amnesty onun saytı və videosunun artıq “hökümətyönlü xəbər agentlikləri tərəfindən” təşviq edildiyi qənaətindədir.

“Bu sayt, adətən Azərbaycanda baş verən insan haqları pozuntularının Almaniyada da eyni dərəcədə baş verdiyini yanlış olaraq təşviq edir və bu iddianı dəstəkləmək üçün Amnesty Internationalın Almaniyadaki insan haqları pozuntularına qarşı tənqidlərindən istifadə edir”, Amnesty deyir.

“Bu çox təəssüfləndirici haldır, lakin görünür ki, bu layihə, Azərbaycanın insan haqqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün Azərbaycan höküməti tərəfindən istifadə edilir”, Amnesty International iddia edir.

Eynulla Fətullayevin haqqin.az saytında yazılıb ki, bzar ertəsi Brüsseldəki Avropa klubunda “İnsan haqları uğrunda” beynəlxalq layihənin təqdimat mərasimi keçirilir.

“Prezentasiyada demokratiya, insan haqları və Almaniyada çoxmədəniyyətlik siyasəti haqqında siyasi məruzə təqdim olunacaq”, saytda Fətullayevə istinadla deyilir.

Eynulla Fətullayev 2009-cu ildə Amnesty tərəfindən “təhlükədə olan jurnalistə” mükafatı ilə təltif olunmuşdu. (BBC Azərbaycanca)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button