Amşenlər, Qarabağa gəlməyin!

Azərbaycan Ordusu üzdəniraq atəşkəs rejiminə son qoymalıdır!

 

Qarabağ Azadlıq Təşkilatı “amşen” adlanan müsəlmanlaşmış ermənilərin Qırğızıstan və digər ərazilərdən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi ilə bağlı planları qətiyyətlə pisləyir. Üzdəniraq atəşkəs rejiminin növbəti ildönümündə bu məlumatın ortaya çıxması bir daha atəşkəs deyilən bu biabırçı vəziyyətin aradan qaldırılmasını zəruri edir. Bu, işğalçı Ermənistanın terrorçu rəhbərlərinin öz niyyətlərindən geri çəkilmək istəmədiklərini, beynəlxalq hüquq normalarına məhəl qoymadıqlarını bir daha nümayiş etdirir. Ermənistan işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılmasını davam etdirir və hər dəfə daha eybəcər formalara əl atır. Ermənistanın bu cür cəzasız şəkildə qanunsuz məskunlaşdırma siyasətini davam etdirməsinin məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür. Mənasız “Faktaraşdırıcı”, “Qiymətləndirmə” missiyalarının təşkili, ciddi sənədlərin ortaya qoyulmaması, obyektiv qiymətin verilməməsi, beynəlxalq hüquq normalarına meydan oxuyan işğalçılara qarşı sanksiyaların tətbiq olunmaması Ermənistanın bu cür qanunsuz hərəkətlərinə şərait yaradır. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar bu və digər qanunsuz köçlərin qarşısını qətiyyətlə almalı, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaya imkan verməməlidir. BMT Təhlükəsizlik Şurasında, Avropa Şurası Parlament Assambleyasında və digər qurumlarda Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı təcili müzakirələr aparmalı, Ermənistana qarşı sanksiyalarla bağlı qərar qəbul olunmalıdır.

Digər tərəfdən, Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə köç edənlərin nəzərinə çatdırırıq ki, əbəs yerə həyatlarını təhlükə qarşısında qoymasınlar. Ermənistan rəhbərliyinin bu köçürmə siyasətinin məqsədi  onları Azərbaycan Ordusunun hədəfinə çevirməkdən başqa bir şey deyildir. Azərbaycan Ordusu tezliklə öz torpaqlarını işğaldan azad edəcəkdir. Ona görə də bu adamlar həyatlarını risqə atmasınlar, oturduqları yerdə də otursunlar, “erməni siyasəti”nə aldanmasınlar. Biz öz torpaqlarımızda kimlərinsə gəlib ağalıq etməsinə imkan verməyəcəyik, Ermənistan çox tezliklə etdiyi cinayətlərin cavabını alacaqdır. Azərbaycan Ordusu çox tezliklə üzdəniraq atəşkəs rejimini aradan qaldıracaq və Zəfər Yürüşünə başlayacaqdır.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button