Anar Əsədli yazır: “Putin susqunluğunu pozdu”

Anar Əsədli
Yüksəliş Partiyasının Qurucusu
Türkiyə Qafqaza gəldi
Putin susqunluğunu pozdu
Dünən Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvə göndərilməsinə dair qəbul etdiyi qərardan dərhal sonra Rusiya Federasiyanın Prezidenti Vladimir Putin 27 sentyabrdan indiyədək ilk dəfə münaqişəylə bağlı geniş müsahibə verdi.
İndiyə kimi elə bir təəssürat var idi ki, Putin susur, işin içində olan Lavrovdur. Lavrovun qeyri-adekvat, bəzən bir-birini təkzib edən bəyanat və mesajlarından sonra Putin göstərdi ki, siyasət liderlərin istəkləri deyil, dövlətlərin maraqları üzərindən aparılır.
Azərbaycan cəmiyyəti üçün Putinin müsahibəsindən sonra hansı məsələlər aydınlaşdı və ya əksinə, qaranlıq olan nələr çaşqınlıq yaratdı?
Öncə qeyd edək ki, sülhməramlıların missiyası üçlü Bəyannamə ilə çərçivəlidir. Hər hansı tərəf – istər münaqişə tərəflərindən biri, istərsə də sülhməramlılar bəyannamənin razılaşmasını pozarsa, digər tərəflər də bəyannamənin maddələrinə bağlı qalmayacaq. Bu xüsusu Azərbaycanın Ali Baş Komandanı çıxışında altını cızaraq vurğuladı.
Putinin dediklərini şərh etmədən bildirim ki, bizim üçün əsas məsələ Azərbaycan Prezidentinin nə dediyidir. Putinin dedikləri Rusiya dövlətinin maraqlarını ifadə edir və bizim üçün keçərli deyil.
Hər iki ölkə başçısının dediklərində tərs düşən məqam isə Qarabağın statusyla bağlıdır. Azərbaycan Prezidenti birmənalı şəkildə heç bir status-kvodan söhbət gedə bilməyəcəyini söyləyir.
İndi keçək, Putinin fikirlərinə. Putin Moskvanın status-kvoyla bağlı fərqli düşündüyünü söyləyir. Onun fikrincə, bütün münaqişə zonası birmənalı şəkildə Azərbaycan ərazisidir, ancaq ermənilər müharibə zamanı qazandıqlarından sülh naminə imtina edirlərsə – söhbət Ağdam, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasından gedir – Azərbaycan tərəfi də üstün hərbi mövqe sərgiləyən tərəf kimi sülh naminə status məsələsində güzəştə getməlidir.
Rusiya Prezidenti daha uzağa getdi, Şuşayla bağlı bəzi nüansları açıqladı. Onun dediyinə görə, ermənilər əvvəlcədən Rusiyanın illərdi təqdim və israr etdiyi kimi, öncə 5 rayonu, – daha sonra 2 rayonu boşaltsaydılar, müharibə olmayacaqdı. Yəni ermənilərə deyir ki, bir də sözümdən çıxmayın, sizə demişdim.
O ki qaldı Şuşaya, oktyabrın 20-si hər iki ölkə başçısıyla danışan Putin yenə də Rusiyanın pilləli planını təklif edir, lakin Azərbaycan 7 rayondan başqa, Şuşa məsələsini qabardır və qətiyyən geri çəkilməyəcəyini bildirir.
Çox yaxın tarixə nəzər saldıqda xatırlayaq ki, Türkiyə Prezidenti Ərdoğan da parlamentdəki çıxışında “Qardaş Azərbaycanın yanındayıq, qırmızı cizgini keçən babamın oğlu olsa belə, gözünün yaşına baxmaram”, – deyib.
Deməli, Şuşa münaqişənin ən kritik nöqtəsiydi. Paşinyan da Putinə “mən erməni xalqının mənafeyinə xələl gətirə, Şuşanı sazişlə verə bilmərəm”, – deyib.
Müzəffər Azərbaycan Ordusunun qanı-canı bahasına, Ali Baş Komandanın siyasi iradəsi və Türkiyə dövlətinin qırmızı cizgi kimi tam dəstək verməsi sayəsində Şuşa azad edildi.
Əslində bizə psixoloji təzyiq xarakteri daşıyan rus mediasının hücumunu kənara qoysaq, və məsələlərə rasional yanaşsaq, ortaya iki əsas məqam çıxır:
1. Rusiya Türkiyəylə Qərbin hücumları qarşısında birləşmək zorundadır. Navalnı məsələsini xatırlatsaq, durumun nə qədər ciddi olduğu ortaya çıxır. Navalnının qurama zəhərlənməsi nəticəsində Rusiyaya qarşı sanksiya tətbiq edilir. Aydındır ki, illərdir, Avropa istənilən anti-humanist məsələyə obyektiv yanaşmayıb və sanksiya sırf siyasi xarakter daşıyır. “S-400” məsələsi də eyniylə fikirlərimizi təsdiqləyir. Türkiyə “istədiyimi alaram, istədiyimi sataram, mənim ağam mənəm” prizmasından yanaşaraq, Rusiyayla bir daha ortaq mövqe sərgilədi.
Əslində Türkiyə-Rusiya münasibətlərində toqquşan məqamlar təkcə Qarabağ deyil, bura Suriya və Liviya kimi strateji nöqtələr də aiddir.
Qeyd edək ki, heç bir nöqtədə Türkiyə Rusiyadan aşağı mövqedə deyil, tam əksinə, üstün hərbi mövqeyə sahibdir. Lakin Türkiyə də Rusiyayla anlaşmaq məcburiyyətindədir, çünki biz Avropalıların əsil “Səlib yürüşünü” müşahidə edirik. Yəni hər iki ölkə regionda bir-birinə güzəştə getməlidir, lakin bu zaman qırmızı cizgilər Türkiyə üçün vaz keçilməzdir.
2. 44 gündə Milli birlik nümayiş etdirən Azərbaycanda rus mediası, Lavrovun mesajları, Putinin çıxışı çaxnaşma yaratmağa yönəlikdir, bu, təxribatdır.
Hazırda əsəblər üzərindən müharibə gedir. Bizə qarşı aparılan psixoloji hücumun əsas məqsədi xalqımızda məyusluq hissi yaratmaq, tərəddüdə və çaşqınlığa salmaqdır. Bu tələyə düşməməliyik. Əks təqdirdə, xalqın dövlətinə güvəni sarsılacaq və dəstəyi laxlayacaq. Arxasında xalqın dəstəyi olmayan siyasi rəhbərliyə xarici qüvvələr daha çox təsir edə bilər.
Ona görə atəşkəs Bəyannaməsi imzalanandan bu yana durmadan, israrlı şəkildə deyirik ki, edə biləcəyimiz tək şey ölkədə Milli birliyi qoruyub saxlamaqdır. Çünki düşmənlərimizin hesablamadığı tək şey müxtəlif siyasi yönümlü şəxslərin, partiyaların bu müharibədə dövlətin yanında yumruq kimi birləşməsiydi. Bir müsahibəylə Azərbaycan cəmiyyəti bu qədər çalxalanırsa, demək ki, doğru qənaətdəyik, məqsəd Azərbaycan cəmiyyətini parçalamaqdır.
Yaxşı, biz bu savaşdan nə qazandıq? – sualına cavab birmənalıdır: Qarabağ!
Azərbaycan işğal altındakı torpaqların əksəriyyətini azad etməklə, ərazilərinin böyük hissəsinə nəzarəti bərpa etdi, bayrağını sancdı, dövlət strukturlarını aktivləşdirib, İranla dövlət sərhədini tam nəzarət altına aldı. Ordusunun gücünü dünyaya nümayiş etdirdi, qalib xalq psixologiyası yaratdı, iti qovub, yiyəsini gətirdi – sülhməramlı adıyla da olsa – real düşməni ilə üz-üzə durdu, rusun Qafqazda cinayət aləti olan ermənini məhv etdi.
Türkiyə Ordusunu buraya dəvət etməklə ümumqafqaz təhlükəsizlik konsepsiyasını inşa etməyə başladı.
İndiyədək Qafqaz beyinlərdə Rusiyanın inhisarı kimi düşünülürdü. İndi bu düşüncə və reallıq dəyişdi, hətta Putin də ürək ağrısyla qeyd etdi ki, Türkiyənin regiona gəlişi SSRİ-nin dağılmasının və Azərbaycanın müstəqil dövlət olmasının nəticəsidir.
Qısacası, Azərbaycan Qafqazın siyasi mənzərəsini dəyişdi, donmuş münaqişəni aktiv fazaya keçirdi, ölkəni ümumən hərbi poliqona çevrilmədən hərbi uğurlar əldə etdi. Bütün bunlar çox irimiqyaslı uğurlardır. Putinin, Lavrovun, Peskovun çıxışlarından və rus sülhməramlılarının ölkəmizə gəlməsindən narahat olan təbəqəyə, bütün uğurlarımızı qalibiyyət kimi görməyənlərə, bir arqumenti əlində əsas gətirənlərə üzümü tutub soruşuram:
Sentyabrın 27-dək erməni adıyla rus deyildimi torpağımızın 20 faizində oturan?
O istehkamları Ağdərədə, Füzulidə, Cəbrayılda quran təkcə erməniydimi?
Rus idi.
İndi öz adı ilə buradadır və çox kiçik bir ərazidə, həm də müddətli.
Bax, qalibiyyət budur.
Və unutmayın, biz rusu böyük silahlı qüvvəsi ilə 1993-cü ildə, hələ dövlət kimi yeni qurulmağa başlayanda çıxartmışıq buradan. O zaman Rusiyanın 4 motoatıcı, bir hava-desant diviziyası və 5 hərbi aerodromuna sahib 4-cü ordusunun çıxarılmasına nail olmuşduq.
İkinci dəfə 2012-ci ildə yerdə qalan Qəbələ RLS-i göndərmiş dövlətik.
Bədbin olmaya heç bir əsas yoxdur. Narahatıq, anladıq amma bu narahatlığı bu zaman kəsimində siyasi hakimiyyətə doğru qərəzli təftişə yönəltmək ən yumşaq ifadə ilə desək, siyasi naşılıqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button