Anar Məmmədovun “Topaz”ı…

anar məmmədovZiya Məmmədovun oğlunun yeni biznesindəki pərdəarxası məqamlar

Hakimiyyət elə siyasət irəli sürür ki, heç bir sahə monopoliyadan kənarda qalmasın. Totalizator nisbətən inhisardan yan ötə bilən sektor sayılırdı, onu da nəqliyyat naziri Ziya Məmmədov ələ keçirdi. Yanvarın 18-dən bukmeyker işi Məmmədovlar ailəsinin şəxsi biznesinə çevrildi. “Azinteltek” şirkəti yaradıldı, onun ticarət nişanı kimi “Topaz” adlı kontorlar işə başladı. Kənardan hər şeyə dövlət nəzarəti olduğu təəssüratı yaranır. Əslində, totalizator nazirin oğlu Anar Məmmədovun yeni biznesidir. Təsadüfi deyil ki, bütün maliyyə əməliyyatlarını onun sahibi olduğu deyilən “Bank of Azerbaijan” həyata keçirir.

“Topaz” necə yarandı?

“Topaz” söhbəti hələ 2009-cu ilin payızında ortaya çıxmışdı. Əvvəlcə, Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev canfəşanlıq edirdi, alovlu açıqlamalar verirdi. Dövlət məmuru deyirdi ki, pul möhtəkirlərin cibinə axır, həmin vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar belə açıqlamalar çox olacaqdı, amma proses xeyli yubanacaqdı. Anar Məmmədov və komandası sahibkarları ilk dəfə keçən ilin aprelində aldatdı. Hamıya dedilər ki, gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı start götürürdü. Xeyli sahibkar icarəyə obyekt götürdü, təmir işlərinə başladı, amma iş iyunun 11-də başlamadı. Bunu sonra da yazmaq olar, sadəcə, indidən biləsiniz ki, bütün işləri idarə heyətində səriştəsiz adamların yer alması korladı. Nazirin biri bacısı oğlunu ora dürtüşdürdü, o birisi qardaşı oğlunu. Idarə heyətində elə adamlar var idi ki, ümumiyyətlə, futbolla maraqlanmırdı. Naşı adamların gördüyü iş isə keyfiyyətli alına bilməzdi. Bilirsiz, “Topaz” nə qədər sahibkarı müflis etdi? Xeyli adamlar bir neçə ay boş-boşuna obyektin icarə haqqını verəndən sonra geri çəkildi. Üstəlik, təmir haqqı. Anar Məmmədov bu məsələdə də xeyrindən qalmırdı. Sahibkarları məcbur edirdilər ki, təmiri onların yaxın adamlarının təşkil etdiyi xüsusi briqadaya gördürsünlər. Bax, beləcə, “Topaz” ilk gündən camaatın cibinə girməyə başladı. Özünüz təsəvvür edin, 2010-cu ilin aprelində hamıya “start” komandası verirlər, amma ilin sonuna qədər işə başlamırlar. Kim müflis olmaz ki! Yanvarın 18-nə qədər “qoşundan ölən ölmüşdü, qırılan qırılmışdı”. Qalanlar isə yavaş-yavaş sıradan çıxmağa başlayır…

Hamıya aydındır ki, bu işdə yalnız bukmeykerlər qazanır. Ziya Məmmədovun oğlunu da bu məqam şirnikləndirdi. Hərçənd, totalizator biznesini ələ keçirmək ona asan başa gəlmədi. Bir ara Paşayevlərin bu biznesə qoşulduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə səslənsə də, son nəticədə Anar Məmmədov daha cəld tərpəndi. Prosesin xeyli yubanmasının da məhz bu mövqe toqquşmaları üzündən baş verdiyi bildirilir.
Bütün bu səbəblərdən “Topaz”ın işə başlaması lazımi ajiotaj yaratmadı. Çoxları hesab elədi ki, yenə hamını aldadırlar. Geridə qalan müddətdə bir növ “Topaz”a inam sarsıldı. Anar Məmmədovun biznesinin fiaskosu da bundan başladı.

Cibgirliyin yeni forması

“Azinteltek” əvvəldən bir prinsipi əsas götürdü: müştərinin cibinə girmək. Elə şərtlər irəli sürdü ki, bu yolla istər-istəməz uduzmasınlar. “Topaz” kontorlarında müştərinin uduzması üçün Amerika kəşf etməyiblər, Sadəcə, tək oyunlardan imtina ediblər və əmsalları aşağı salıblar. Əlbəttə, “Topaz” artıq bəzi oyunlar üçün tək variantlar qəbul edir. Amma baxır hansı oyunlar üçün. Məsələn, siz nəinki “Barselona”nın, hətta “Neftçi”nin qələbəsinə pul qoyub uda bilməzsiniz. Kuponda bu komandaların adını yazırsınızsa, deməli, oyunların sayını artırmalısız. Bu da uduzmaq ehtimalını artırır. Elə “Topaz”a da bu lazımdır. Müştərini daha çox risklə üz-üzə qoyurlar ki, uduzsun. Əksər qarşılaşmalar üçün xüsusi limit qoyulub, kuponda ən azı 3 oyun yazmaq tələb olunur. Müştəriləri də bu məqam narazı salır. Şərtlərdən təkcə müştərilər narazı deyil, sahibkarların da üzü gülmür. Kontorların qapısını gözləniləndən xeyli az adam açır, üstəlik, “Azinteltek”in təklif etdiyi faiz də aşağıdır. Şirkət kontorda yığılan məbləğin yalnız 6 faizini sahibkara verir. Kontorların əksəri aylıq 30 min manat həddini keçə bilmir. Təxminən qazanılan 1500 manat isə yalnız obyektin icarə haqqına çatır. Kim belə şərtlərlə işləyər ki?!

“Qara bazar”ın alverçiləri

Azərbaycanda totalizator biznesi uzun illər “qara bazar”ın alverçilərinin əlində olub. Əlbəttə, onda obyektlər qanunsuz fəaliyyət göstərirdi, amma müştəriyə sərfəli şərtlər təklif edirdilər. İstənilən oyuna pul qoymaq mümkün idi, özü də istənilən məbləğdə. “Topaz”dan fərqli olaraq, limit tətbiq olunmurdu, oyunlar saf-çürük edilmirdi. “Topaz”da kimsə 6 min manat udanda hay-küy salırlar, amma elə yaxın keçmişdə kimsə Bakının qanunsuz işləyən kontorundan evinə 100 min manat aparırdı. Müştərinin seçim imkanı vardı, ən sərfəli şərtlər irəli sürən bukmeykerlər əməkdaşlıq edə bilərdi. Lakin indi müştərinin maraqları heç kimi maraqlandırmır, onun uduzması məntiqəuyğun sayılır. “Qara bazar” yanvarın 18-dən sonra da işləyirdi. Amma xüsusi xidmət orqanlarının, polisin reydləri onları da pərən-pərən salıb. Bakıda az sayda belə kontor qalıb. Çoxlu adam həbs ediblər, türmədən isə ən yaxşı halda, böyük məbləğ sayəsində yaxa qurtarmaq olar. Təsəvvür edin ki, martda ölkənin ən böyük bukmeykeri sayılan Hacı Quliyevi də tutdular. Onu 1 milyon manatdan çox vergidən yayınmaqda ittiham edirlər. Hacı Quliyevi son illər ikinci dəfədir həbs edirlər. Onu hələ keçən il dünya çempionatından sonra tutmuşdular. Onda bu haqda yazmışdıq. Yazmışdıq ki, bukmeykerdən əl çəkmək üçün 1 milyon manat istəyirlər. Sonradan danışırdılar ki, Hacı Quliyev 500 manatla canını qurtarıb.

Perspektivsiz gələcək

“Topaz”ın perspektivi görünmür. Yanvarın ikinci yarısında açılan kontorların bir çoxu bağlanıb. Vəziyyət o qədər ağırdır ki, Ziya Məmmədovun yaxınları da işləyə bilmir. Məsələn, onun sağ əli sayılan Hafiz Məmmədovun yeznəsi bir müddət əvvəl metronun “Memar Əcəmi” stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalıb. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. “Topaz” vəziyyəti xilas etmək üçün uğursuz cəhdlər göstərir: tək oyunların sayını artırırlar, mətbuatı reklam pullarıyla ələ almağa çalışırlar. Heç nə alınmır. Şəhərin istənilən “Topaz” kontoruna yaxınlaşın, görün sahibi nə danışır. İşçilərin məvacibini verə bilmirlər. İndiki halda bu biznesdən zərər görməmək mümkün deyil.

Totalizator biznesini necə xilas etmək olar? Çox sadə! İnzibati qaydaları bir kənara tullamaq lazımdır, mərkəzləşdirilmiş sistemdən imtina edilməlidir. Yəni, “Topaz”ın əmsalları yığışdırılmalıdır. Totalizator sahəsində bir növ demokratik atmosfer yaradılmalıdır. Qoy hər sahibkar kuponları hansı əmsalla istəyir, qəbul etsin. Sadəcə, bukmeykerlərə nəzarət etmək gərəkdir ki, vergidən yayınmasınlar. Belədə müştəri də narazı qalmaz, sahibkar da.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button