Anar Mahmudoğlu ABŞ səfirliyinə dəvət edildi

Kis Bin: «Peşə fəaliyyəti ilə məşğul olan hansısa jurnalistin ailəsi ilə təhdid olunması yolverilməzdir»

Özü və ailəsi ölümlə təhdid edilən «ASİ» qəzetinin baş redaktoru və «Azadlıq» qəzetinin köşə yazarı Anar Mahmudoğlu bu gün ABŞ səfirliyinə dəvət edilib və səfirliyin mətbuat katibi cənab Kis Binlə görüşüb.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat katibi Kis Bin son hədələr və təzyiqlərlə maraqlanıb. A.Mahmudoğlu «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzet kollektivinə qarşı müxtəlif təzyiqlər, son ölüm təhdidləri ilə bağlı ətraflı məlumat verib. Qanunsuz olaraq «Xural» qəzetinin çapına qadağa qoyulduqdan sonra «ASİ» qəzetini nəşr etdiklərini diqqətə çatdıran A.Mahmudoğlu bildirib ki, artıq «ASİ»-nin çapına da imkan verilmir: «Qəzetin nəşr olunduğu E.Q mətbəəsinin rəhbəri bizim kommersiya direktoru ilə əlaqə saxlayaraq, cəmi bir növrəsini dərc etdiyi «ASİ»nin çapından imtina etdiyini söyləyib və bunu Prezident Administrasiyasından verilən tapşırıqla əlaqələndirib».
Cənab Kis Bin jurnalistə və onun ailəsinə qarşı ölüm hədəsi ilə bağlı başlanan təhqiqat işi ilə də maraqlanıb. A.Mahmudoğlu Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində aparılan təhqiqatdan narazı olmadığını, işin aidiyyəti üzrə 17-ci polis bölməsinə göndərildiyini diqqətə çatdırıb və qeyd edib ki, əgər hakimiyyətin yuxarı təbəqəsindən heç bir təzyiq olmasa, cinayətkarın qısa müddətdə tapılacağına ümid edir.
Əvəz Zeynallının həbsi və «Xural» qəzetinin ətrafında baş verən hadisələri diqqətlə izlədiklərini və nəzarətdə saxladıqlarını bildirən K.Bin qeyd edib ki, ABŞ söz və mətbuat azadlığını demokratik cəmiyyətin fundamental əsasları sayır: «Amerika Birləşmiş Ştatları hesab edir ki, peşə fəaliyyəti ilə məşğul olan hansısa jurnalistə ailəsinin və özünün təhdid olunması ilə maneələrin yaradılması yolverilməzdir. Ümid edirik ki, hüquq-mühafizə orqanları qısa müddətdə cinayətkarı tapıb onun layiqli cəzasını verəcək».

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button