Anası: Yunis Səfərova vəkilinin əleyhinə danışması üçün işgəncə verilir

‘Vəkil Elçin Sadıqov ölümlə hədələnir”

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə sui-qəsd etməkdə təqsirləndirilən Yunis Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“3 iyul 2018-ci ildə oğlum Yunis Səfərov icra başçsının xalqına zülm işlətməsinə tab gətirməyərək son çarə kimi ona hücum etdi və ondan sonra oğluma olmazın işgəncələri verilərək, fotoşəkilləri çəkilib bizə gözdağı vermək üçün sosial şəbəkələrdə paylaşıldı. Oğlumun hüquqlarını müdafiə etmək üçün bir neçə vəkilə müraciət etsək də, işin qorxulu olduğunu bildirib müqavilə bağlamaqdan imtina etdilər. Oğlum 25 gündən çox DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı və aldığım dəqiq məlumata görə, hər gün əllərinin baş barmaqlarına elektrik naqillləri bağlanılmaqla elektrik işgəncəsinə məruz qalıb və məcburi istintaq tərəfindən uydurulan bütün ifadələrə imza edib”.

L.İsmayılova deyir ki, iyulun 23-də övladı Yunis Səfərovun hüquqlarının müdafiəsi üçün vəkil Elçin Sadıqovla müqavilə bağlayıblar. 24 iyulda isə vəkil orderini Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərib:

“27 iyul 2018-ci il tarixdə vəkilin orderi istintaq idarəsinə daxil olmasına baxmayaraq, istintaq vəkilə cinayət işinə daxil olmağa icazə vermədi. Əksinə vəkilə təzyiqlər başladı və məcbur etməyə çalışdılar ki, bu işdən imtina etsin. Elçin Sadıqovun Nəsimi Rayon Məhkəməsinə Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürüldü.
Nəhayət, avqustun 13-də, yəni 21 gündən sonra vəkillə oğlumun görüşməsinə şərait yaradıldı. Bundan sonra oğlumun işgəncələrə məruz qalmayacağına dair ümidlər yarandı. 1 sentyabr tarixli ifadəsində oğlum tutulan zaman polis maşınında, Gəncə Polis İdarəsində polis və mülki geyimli şəxslər tərəfindən döyülməsi və BMCMİ-də elektrik işgəncəsinə məruz qalması barədə ifadə verdi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button