Angela Merkel: Türkiyə Avropanı böyük yanlışlıqdan xilas etdi

merkel davud

Özcan Tikit

Habertürk (Tükiyə), 11.03.2016

“Xarici İşlər naziri vəzifəsində olarkən Vaşinqtondan sonra hansı paytaxtla daha tez-tez təmasa girirdim? Deyəcəksiniz, Berlin? Yaxşı gümandır, lakin xeyr. Şübhəsiz, Paris? Demək olar, düzdür, lakin tam yox. Cavab – Ankara. Qismən Ona görə ki, buradakı həmkarım olduqca ağılı və söhbətcil, hər şeyə öz rəyi və təklifi və istənilən suala cavabı olan Əhməd Davudoğlu idi”.

Soruşacaqsınız ki, bu kimin sözləridir? Sizə qəribə görünə bilər, lakin yuxarıda gətirilən qiyməti keçən ilədək Böyük Britaniyanın xarici işlər naziri olmuş Uilyam Heyq verib. Onun bu günlərdə “Daily Telegraph” qəzetində dərc edilmiş məqaləsi bu sözlərlə başlanır. Məqalədə sonradan arabir gözlənilməz dəyərləndirmələrə rast gəlinsə də, nəticədə Heyq qənaətə gəlir ki, AB Türkiyəyə karmik (karma: fəaliyyət-red.) tərəfdaş kimi baxmalıdır. Hətta deyir ki, Türkiyə və AB-nin imtiyazlı əməkdaşlıq formulası onun ölkəsinə – Böyük Britaniyaya da tətbiq edilə bilər.

Həmin məqalənin dərc edildiyi gün Brüsseldə baş tutmuş Türkiyə-AB sammitinin yekunları Heyqin həm Davudoğlu, həm də Türkiyənin AB ilə münasibətləri məsələsində haqlı oldğunu göstərdi.

Hətta Türkiyə ilə sammit ərəfəsində də AB paytaxtlarının üzərinə qara buludlar toplaşırdı. AB liderləri qaçqın böhranından səmərəli çıxış yolu axtarmaqdan əlləri üzülüb bədbinliyə qapılmışdı. Səmərəli həllin olmaması isə Avropa üçün dünyanın sonu demək idi. Ya Türkiyə ilə problemin həll formulu tapılmalıydı, ya da AB onun təməlini təşkil edən Şengen zonasının iflasına məhkum idi. Bu ehtimalın arxsında duran gizli təhlükəni AB-nin bir rəsmisi belə izah etdi: “AB öz üzv ölkələrinin vətəndaşlarına bəyan edə bilməz: “Şengen daha yoxdur”. Bu, tam ona bərabərdir ki, Roma Papası xristianlara desin: “Allah yoxdur!””

Şübhə etməmək olar ki, Avropa üçün bu cür dünyanın sonu Türkiyəni də dərindən sarsıdardı. Türkiyə Suriyadakı humanitar faciənin qarşısında АB-ni məsuliyyəti öz üzərinə götürməyə və əməkdaşlıq etməyə hazır olan yeganə tərəfdaş kimi itirsəydi, bu, ölümdən qaçmış suriyalı əzabkeşlərin sığına biləcəyi bütün təhlükəsiz limanların yox olacağını da bildirirdi.

Xoşbəxtlikdən Davudoğlu bədbinliyin hökm sürdüyü Türkiyə-AB sammitinə yetərincə hazırlıqlı gəlmişdi. O, suriyalıların ümid yolunda həlakının qarşısını almalı olan, qeyri-leqal mühacirətə Şengen zonasını (və nəticədə AB-i) məhv etməyə imkan verməyən, həmçinin Türkiyənin AB tərəfindən srateji tərəfdaş kimi etirafını təmin edən formula ilə Brüsseldə Avropa liderlərini heyrətləndirdi. Almaniya kansleri Angela Merkel sammitdən sonrakı bəyanatında bu formulu dəstəklədi: “Türkiyənin təklifi Avropa Birliyini böyük yanlışlıq dairəsindən xilas edəcək”.

Lakin Merkel hələ bu yaxınlarda, cəmi bir neçə ay əvvəl AB-də Türkiyənin ən sərt əleyhdarı mövqeyini tuturdu. Davudoğlunun savadlı gedişi sayəsində Merkel də müdafiəni zəiflətməyə və AB sabitliyinin birbaşa Türkiyədən asılı olduğu faktını ilk dəfə etiraf etməyə məcbur oldu.

İndi deyə bilərik ki, prezident Ərdoğanın “mütləq” dəstəyi və baş nazir Davudoğlunun müdrik strategiyası nəticəsində AB-Türkiyə münsaibətlərində paradiqmanın əsil dəyişilməsi ərəfəsindəyik.

Məqaləmizi Fransanın siyasət dahisi Rişelyenin sözlərilə bitirək: “Lider – idarə etdiyi dövlətin potensialının köləsidir. Lider üçün qanunlar isə dövlətin maraqlarıdır”.

Biz deyə bilərik ki, Davudoğlu ona xas ağıllı dövlət xadimi keyfiyyətləri ilə Rişelyenin bəhs etdiyi “maraqların potensialı və qanunu” balansını çox gözəl tətbiq etdi və şaybanı AB meydanında qoydu.

Tərcümə strateq.az-ındır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button