Ankarada Antiamerikan zirvəsi-Seymur Həzinin ilk yazısı

Seymur Həzi

 

Suriya böhranı üçün toplaşan “Ankara üçlüyü” dünyanın diqqət mərkəzində oldu. Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində isə Suriyadan çox ABŞ-ın olduğu bariz idi. Bəşər Əsədin siyasi taleyi, Suriyanın gələcəyi ilə demək olar ki, əlaqəli görünməyib. Bütün bunlar həm də hanısısa formada biri digəri ilə savaşmış qüvvələr arasında baş verib. O zaman bu zirvədən nə gözləmək olar və toplanmaqda məqsəd nə idi?

Rusiya müttəfiq tanımır

Zirvə konstitusiya komissiyasının yaradıldığını elan etməklə dolayı yolla Bəşər Əsədin qeyri legitimliyi məsələsində razılığa gəldiklərini elan edib. Bu durumda Putin ona bel bağlayan daha bir diktatoru pis vəziyyətdə qoymuş olmurmu? Əlbəttə, olur. Ancaq bu o deməkdir ki, həm də Türkiyə bu durum haqqında düşünməlidir. Əsədin qeyri-legitimliyi məsələsi Qərb tərəfindən irəli sürülərkən Moskva bu məsələdə ciddi müqavimət göstərirdi. Ancaq yenə də son anda mövqeyini dəyişdi. Türkiyə isə Rusiyanın ipi ilə “alovlu Yaxın Şərq quyusu”na girərkən bir daha düşünməlidir. O, bunu həm bir NATO ölkəsi kimi, həm də Rusiyanın isti dənizlərdə ən ciddi rəqibi kimi etməlidir.

İdlibdə toqquşma

İdlib bölgəsində terrorçular aktivləşdiyi üçün orada hərbi əməliyyatlara ehtiyac olduğu dilə gətirilib. Ancaq maraqlıdır ki, istər Rusiya, istərsə də İran birbaşa və ya dolayı yolla Suriyada Türkiyə ilə toqquşublar. Onlar Əsəd rejiminin müdafiəçisi rolunda ikən Türkiyə Rusiya hərbi təyyarəsini vurmaq məcburiyyıtində qalmışdı. Hizbullahın bir neçə min əsgərinin də bölgədə Əsədi müdafiə etdiyi heç kimə sirr deyil. Elə bu anlamda İdlibdə əsas əməliyyatı kim və necə aparacaq? Ruhani bu mövzuda işlərin danışıldığı kimi getmədiyini deməklə, əslində Suriyada əsas məsələnin həllinin formasında razılığın olmadığını dilə gətirib. Elə isə bu zirvə nəyi və necə razılaşdırıb?

ABŞ bölgədən getsin

Rusiya lideri daha səmimi görünüb və Trampın birləşmiş ştatların Suriyadan çəkiləcəyinə dair qərarının müsbətə meyilli olduğunu deyib. Onun fikrincə, ABŞ bölgədən getməlidir. Ancaq bu qərarın münaqişənin həllinə hansı töhfə verəcəyinə dair heç nə deməyib. Görünür ki, əsas məsələ münaqişənin həlli deyil, ABŞ-ın bölgəyə təsirinin ya olmaması, ya da azalmasıdır. Biz Kremlin bu cür siyasətini “Qarabağ”, “Abxaziya”, “Osetiya” kimi münaqişələrdə aydın görə bilirik. Moskva bir münaqişəni həll etməkdən daha çox onu donmuş və ya zəif aktiv saxlamaqla tərəflər üzərində təsirini gücləndirməyə çalışır. Bu məsələdə isə aktiv birləşmiş ştatlar ciddi maneədir və ona qarşı bölgənin digər iki güclü dövləti ilə bir mövqedən çıxış etmək Putinə əlavə güc verir. Ancaq bu gücün ABŞ-ı neytrallaşdırmaq imkanı varmı? Bu sual yəqin ki, çox tərəddüdlərə səbəb olmayacaq. Dünya və sözgedən bölgənin siyasətində ABŞ reallığı qalmaqdadır. Ərdoğanın bu məsələdə susqun iştirakı Putinlə razılıq mesajıdır. İranlı lider isə Qolan təpələri məsələsinə toxunaraq, ABŞ-ın bir ölkənin ərazilərini digərinə bağışlamağa haqqı olmadığı halda bunu etdiyinə diqqət çəkib. Əlbəttə, bu addımı və Qüdsü İsrailin paytaxtı kimi tanıması Tramp hakimiyyətinin Birləşmiş Ştatların bölgə siyasətinə ciddi zərbəsi saymaq olar. Bu addım Vaşinqtonu beynəlxalq ictimai rəydə obyektiv görünməkdən məhrum edib. Ancaq bu siyasi qərarla Suriyadakı hərbi missiyanın tam uzlaşmadığı da ortadadır. ABŞ hərbi missiyası bölgənin təhlükəsizliyi üçün ciddi faktordur və bunu görməzdən gəlmək də çətin məsələdir. Vaşinqton isə görünür bölgə ilə bağlı yeni strategiya hazırlayacaq. Rusiya və İranla bağlı elə də ciddi sual yoxdur, amma Türkiyənin Rusiyadan S-400 raket kompleksini alması və ABŞ-ın Türkiyəni F-35 proqramından tam çıxarmaq qərarı deməyə əsas verir ki, biz bölgə siyasətində yeniliklərlə tanış olacağıq.

Hərənin öz dərdi

Rusiya və İran ABŞ-ın bölgədəki hərbi varlığına son qoymaq istəyərkən Türkiyə ölkəsindəki milyonlarla qaçqının geri qaytarılmasını qabardıb. O, iki ölkə arasındakı sülh dəhlizinə 3 milyona qədər suriyalının sığışa biləcəyini deyib. Bu məsələdə də hansısa qərar olmayıb. Deməli, hər bir halda bu, ABŞ-a qarşı növbəti “varlıq bəyanı” zirvəsi olub və Suriyanın gələcəyinə dair heç bir ümid vermir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button