ANS AzTV-dən betər olanda!

Aybəniz Qaradəniz

İlqarə İbrahimovanın timsalında «zarafatlaşmağı sevənlərə»…

Hadisələr bir-birinə qarışıb. Bilmirsən, Aygünün qızı İlqarənin dərdini çəkəsən, bilmirsən də həbs olunmamaq üçün həyət-bacaya çıxıb təmiz hava uda bilməyən özünün dərdini çəkəsən. Deyirlər, ərəb tozanağı özü ilə bir yerdə Bakıya inqilab havası da gətirib. Bir balaca təmiz havada dayanan kimi adamın beyni açılır və başlayır hətərən-pətərən danışmağa. Hələ onu da deyirlər ki, nə badə, təsadüfən də olsa dilinə «istefa» sözünü alasan, dərhal, sorğu-sualsız səni maşına oturdub naməlum istiqamətə apararlar. Etiraz etmək istəyirsənsə, «azadlıq» de, o da kifayət edər. Amma ən yaxşısı, nə «istefa» sözünü dilinə al, nə də «azadlıq» sözünü. Danışmaq gümüşdürsə, danışmamaq qızıldır. Əbəs yerə atalarımız «Ac başım, dinc başım» deməyiblər ki… Görünür, yazın gəlişi, torpağın oyanışı bu camaata da siyarət edib. Qanlarında adrenalini artırmaq üçün nə qədər sərgüzəşt, macəra var, onun arxasınca gedirlər. Başa düşmürlər ki, insanın dili nə qədər qısa olsa, başına qap(P)az o qədər az dəyər. Elə götürək ANS-i. Bir vaxtlar dilinin uzunluğu bir yana, dişini qıcayanda, camaatı isti yatağından oyadıb, küçələrə salırdı. İnsanlar da ya ANS dedi, ya da əstəğfürullah Allah, heç fərqi yox idi, düşürdülər bir bayrağın ardına. Bu millət o havada inqilab da elədi, çevriliş də… Bu, o vaxtlar idi ki, Mirşahinin qatığın qara olması haqda hazırladığı 3-5 dəqiqəlik reportaja hamı haqq qazandırıb qatığın yüz faiz qara olması haqqında mülahizələr irəli sürərdilər. İndi ANS nəinki dişini qıcamır, heç danışanda səsinin hansı boşluqdan gəldiyini duymaq olmur.

Bir zamanlar Qarabağın od-alovundan az qala canlı yayına çıxan ANS, indi praktikasını ərəb ölkələrinə ezamiyyətlə davam etdirir. Elə bil, Azərbaycanın dərdi-səri tamamən qurtarıb. Adam öldürən-filan olmasa, elə təsəvvür yaranar ki, ümumiyyətlə, bu millətin qanı oynamır, madurdur. Uman yerdən küsərlər, deyiblər. Təbii ki, bu cür iradları digər kanallara aid etmək niyyətindən uzağıq. Niyə? Ona görə ki, necə törəyiblərsə, elə də qalıblar. İllər də bu kanallara təsir eləmir. Ayaz Mütəllibova mədhiyyə söylədən AzTV reportyorları son 20 ildə bu sahədə o qədər güclü praktika yığıblar ki, sadəcə prezidentlərin adını dəyişməklə hazır mətnləri taksi sürücülərinə, müəllimlərə, səhiyyə işçilərinə və s. oxudurlar. Eyni maaşı onda da alırdılar, indi də… Nə hamam dəyişib, nə də tas. Amma ANS-in AzTV olması bu millət üçün şokdur. Barışmaq olmur, qardaşım…

Aprelin 2-də mitinq dalğası «Torqovı»nı bürüyəndə, istər-istəməz əlimi pultun ANS olan düyməsinə basdım. «Xəbər versə-versə ANS verər» düşüncəsiylə. Aygün Kazımova danışırdı. Alovlu-alovlu. Odlu-odlu. Səhər saatlarının olmasına baxmayaraq – Aygün Kazımovanın gecə proqramlarında çıxmasına artıq vərdiş eləmişik – Aygün Kazımovanın nədən ANS-ə təşrif buyurmasına diqqət kəsildim. Mitinq-filan tamamən yadımdan çıxdı. İlqarədən danışırdı. Sən demə, 4-5 il əvvəl Londonda təhsil alan qızı, dostları ilə bir otaqda «zarafatlaşıb», o buna əl atıb, bu ona… O buna «s…» deyib, bu ona… Hər nəsə, bir neçə dəqiqənin «zarafatı» çıxıb İnternet səhifələrinə və ildırım sürətilə yayılıb. Deyilənə görə, bir neçə saatın içində bu «zarafatlaşma»nı izləyənlərin sayı 50 min nəfərə çıxıb. Bu da qızının gələcək karyerasını qurmaq üçün dəridən-qabıqdan çıxan bir anaya zərbə olub. Gah dedi, bu hadisə səhər olub, gecə yox, gah dedi bunu çəkib yayanları tutduracam, gah dedi, uşaqdılar, dostdular, gəlsinlər bir çayımızı içsinlər barışsınlar, biz də günahlarından keçək, gah bu çəkilişin qəhrəmanlarından birinin atası açıqca dedi ki, Aygün məndən oğlumu tutdurmamaq üçün 150 min manat pul istədi, mən də dedim, haradandı məndə o qədər pul? Xülasə, bu pul söhbəti ortaya gələn kimi yenə yadıma mitinq düşdü. Balam, paytaxtın altı-üstünə çevrilib, tuthatut, qaphaqap ərşə çıxır, ərəb səhralarına prezidenti səviyyəsində məzun olunan ANS nədən qulağının dibindəki «Torqovı»ya bir reportyor göndərmir, efirini Aygünün problemlərilə doldurur? Düşündüm ki, səhərdir, yəqin millətin qanını qaraltmaq istəmir, mitinq söhbətlərilə onsuz da ağır olan havanın qarşısını almaq istəmir, yəqin ana xəbərində verər. Ürəyimdə ona haqq qazandırıb, ANS-in «Xəbərçi»sini gözlədim. Şənbə günü idi, yəni efirdə həftəlik «Hesabat» proqramı deyildi. Və mənim də hələ indiyədək yadıma gəlmir ki, «Xəbərçi»də kimdənsə bu qədər uzun-uzadı müsahibə götürə bilərlər, kiməsə efirdə məhdudiyyətsiz haqq tanıyarlar… Amma Aygün-İlqarə cütlüyündə bu praktikanı ANS çox «uğurla» həyata keçirdi. Əsas xəbərləri bir-iki dəqiqəlik reportajlarla yekunlaşdıran «Xəbərçi» ana xəbər kimi ana-balanı yenidən efirə daşıdı. «Bəlkə adam-filan ölüb, bunları bu basırıqla efirə niyə yenidən çıxarıblar?» düşüncələrilə onsuz da ölkə xəbərlərindən ac olan qafamı efirə köklədim. Danışdılar. Gah mədəni, gah etikadan uzaq, gah hiddətlə, gah şiddətlə, gah təhqirlə, gah ağlamsındılar, gah qarşı tərəfə hədə-qorxu gəldilər. Kifayətlənmədilər. Bircə o qaldı ki, Aygün Kazımova efirdən millətə barmaq silkələsin, «gözümün içinə düz baxın ha, mənə toxunanın soy-kökünü kəsərəm» desin.

Yadıma Faiq Ağayevin həyat yoldaşının keçirdiyi mətbuat konfransından sonra zavallı qızcığazın ailə üzvləri ilə bir yerdə DİN-in ən məsul idarələrindən birinin zirzəmisinə salınması düşdü. Kimdilər bunlar? Kim verib bunlara bu qədər səlahiyyəti ki, hər saniyəsi pulla ölçülən efirləri istədiklər vaxt, istədikləri qədər zəbt edib, milləti istədikləri qədər aşağılaya bilirlər? İstəmədikləri adamları istədikləri qədər hədələyib, şantaj edib, həbs etdirə, zirzəmilərə saldıra bilirlər? Hansı vətəndaşın bu qədər hüququ var? Heç ömrünü elmin inkişafına həsr etmiş akademikin də belə tələblərdə bulunmağa haqqı yoxdur. Onda kimdir bunlara bu cəsarəti verən?

Yenə yuxarılardan narazı qalan kütləni, yenə mitinqi xatırladım. ANS həmin gün demək olar ki, mitinqdən heç nə vermədi, efirə zillənən milyonlarla vətəndaşın gözünü doydurmadı. Bir gün də keçdi, yenə heç nə yox, İki gün də keçdi, yenə məlumatsızlıq… Nəhayət, üçüncü gün Aygün Kazımova yenə ANS-in efirindən boylandı, millətə, millətin xanımlarına həqarət etdi və bu dəfə də hiddət və şiddətlə silkələdiyi barmağı kameranın obyektivinin kənarında qaldı. Özümü «Azərbaycan xanımları»nın timsalında alçalmış hiss etdim. Gör Azərbaycan qadını nə günə qalıb ki, İlqarə İbrahimova onun simvoluna çevrilib. Elədikləri qələt bir yana, hələ bir qıza, xanıma yaraşmayan hərəkətləri zarafat adı ilə, bir vaxtlar güvəndiyimiz ANS-in əli ilə millətə sırıdılır. Düzü, o vaxta qədər mən bu ölkənin bir simvola çevrilən qadınını tanıyırdım, o da birinci xanım Mehriban Əliyeva. O belə indiyədək Aygün Kazımova, qızı İlqarə qədər ölkənin efirindən istifadə etmədi. Amma görünür Aygünün səlahiyyəti daha artığına çatır. Özünü təmizə çıxarmaq üçün hələ bu şounun efirlərdən nə qədər davam edəcəyini bir Allah bilir, bir də ANS rəhbərliyi… Amma əvvəlcədən görürəm ki, ANS-in bütün cəhdləri boşa çıxacaq. Çünki camaat artıq ağıllanıb, şəkər əritməsini bal əvəzinə yemək istəmir. Nə qədər piar, reklam, daha nələrdən istifadə olunmağa çalışılsa da, kimin haqlı, kimin haqsız olduğu göz qabağındadır…

Bu fikrim həm mitinqlərə aiddir, həm də zarafatlaşmağı sevən İlqarəyə…

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button