ANS-dən ayrılmağım emosional qərar deyildi!

Azadə Balayeva: “Yaxşı telejurnalist olmaq üçün mütləq bir müddət qəzet jurnalistikasında çalışmaq lazımdır”

Söhbət Azadə Balayevadan gedir. Qəzet jurnalistikasından televiziya jurnalistikasına gedən, bir müddət ANS-də işləyən və oradan ayrılan həmkarımızla mövzu ətrafında söhbətləşmək istədik. Azadə xanım məmnuniyyətlə suallarımızı cavablandırdı və gələcək arzularından danışdı.

Həmsöhbətimiz Azadə Balayevadır…

 

4 cümləlik bioqrafiya…

Şəkinin Aşağı Göynük kəndində anadan olub. 1995-ci ildə BDU–nun jurnalistika fakültəsini bitirib. “Hürriyət”, “525-ci qəzet”lərdə və ANS telekanalında çalışıb. Hazırda Rusiyadan yayımlanan “İnterAz” telekanalında Xəbərlər Departamentinə rəhbərlik edir.

– ANS-dən niyə getdiniz?
– Mənim üçün çox maraqlıdır, görəsən, həmkarlarım mənim ANS-dən çıxmağımla niyə bu qədər maraqlanırlar?! Məhz həmkarlarım deyirəm ki, bu mövzunun Oxucularınız üçün o qədər də maraqlı olmadığını düşünürəm. Məncə, heç kəs heç yerdə əbədi deyil. Kimsə hansısa obyektiv və ya subyektiv səbəblərdən işini dəyişməli olur. Zərurət və təsadüf deyilən bir qanunauyğunluq var. Mənim ANS–dən ayrılmağım da bir zərurətdir. Yalnız onu deyə bilərəm ki, bu, emosional bir qərar deyildi.
– Bu haqda geniş açıqlama verməməyinizin səbəbi varmı? Bəlkə ANS-dən çəkinirsiniz?
– (Gülür…) ANS–dən çəkinməm üçün bir əsas yoxdur. Mən hər zaman ANS-də özümə qarşı hörmət görmüşəm və rəhbərliyə qarşı da hər zaman hörmətlə yanaşmışam. O adam çəkinər ki, böhtan atsın, yalan danışsın. Məni tanıyanlar da belə halların mənim xarakterimə yad olduğundan xəbərdardırlar. Bunu ANS–də də bilirlər. Sadəcə ANS–dən ayrılma səbəblərimi genış ictimaiyyətə reklam etmək üçün bir lüzum görmürəm. Təbii ki, hər nəticənin arxasında bir səbəb var və mənim ANS–dən ayrılmam da səbəbsiz deyil. Amma bunu hamının qarşısında elan etməyə ehtiyac görmürəm. Bununla bağlı geniş açıqlama mənim aləmimdə qeybətdir. Bu, yalnızca mənə və ANS–in rəhbərliyinə aid bir məsələdir ki, şirkətin hər üç təsisçisi də bundan məlumatlıdır.
– Ümumiyyətlə, televiziyalarda vəziyyət necədir? Sərbəst yaradıcılıq imkanları varmı?
– Bunun üçün gərək bütün televiziyarda azacıq da olsa işləyərək yaradıcılıq mühitini öyrənəsən. Ömrümdə bir reportaj hazırlamadığım televiziya haqqında hər hansı fikir yürütmək düzgün olmazdı məncə. Təbii ki, mənim belə imkanım olmadığından yalnızca bir müddət işlədiyim ANS haqqında hər hansı fikir söyləyə bilərəm. ANS–də olan yaradıcılıq imkanları isə nəinki yerli televiziyalarda, bəlkə də digər kütləvi informasiya vasitələrində yoxdur. Maraqlı ideya ANS–də həmişə yüksək səviyyədə qarşılanıb və onun reallaşması üçün şərait yaradılıb. Ümumilkdə isə bu gün telekanallarda orijinal verilişlər azlıq təşkil edir. Əksər verilişlər Rusiya, Türkiyə və ya başqa bir ölkənin televiziyalarından köçürülərək azərbaycanlılaşdırılmış verilişlərdir. Məncə orijinal, maraqlı ideyalar digər telekanallar üçün də cəlbedici olar. Telekanalların bu gün ən vacib problemlərindən biri də professional kadrların azlığıdır. Şit, bayağı, bütün kanallarda bir–birini təkrarlayan verilişlərin ortaya çıxmasının əsas səbəbi də məhz professional kadrların çatışmamasıdır.
– Bəzi yazarlarımız TV-ləri “telekanalizasiya” adlandırırlar. Sizin bu anlayışa münasibətiniz necədir?
– Əlbəttə, pis. Aydın məsələdir ki, telekanallarda heç də bütün verilişlər hamının ürəyincə ola bilməz və razılaşmadğımız məsələlər var. Bundan da çıxış yolu həmin televizyaya baxmamaqdır. Etirazını da bildirə bilərsən, amma etika çərçivəsində. Hər kəs etirazını öz səviyyəsində bildirir. Bu cür yanaşmalar həmin insanların özləri haqqında mənfi təəssürat yaradır.
Bizim efir məkanında mənim də xüsusi olaraq gözlədiyim bir veriliş yoxdur. Hesab edirəm ki, az–çox xəbərlər baxımlıdır. Amma bu, həm də maraqlar və zövq məsələsidir. Bizim bəyənmədiyimiz elə verilişlər var ki, onun reytinqi normal ciddi verilişlərdən qat–qat yüksəkdir. Demək, tamaşaçının tələbatı belə verilişlərədir. Aydın məsələdir ki, istehlakçi nə istəyirsə istehsalçı da onu verəcək.
– Siz qəzet jurnalistikasından TV-yə getmisiniz. O zaman niyə TV-lərdən yana tərəf tutduğunuz hiss olunur…
– Bu, çox yanlış təsəvvürdür. Mən ədalət və həqiqətdən yana tərəf tuta bilərəm. Televiziyaya “525–ci qəzet”dən getmişəm və həmişə bunu fəxrlə demişəm. Ümumiyyətlə, mənə elə gəlir ki, yaxşı telejurnalist olmaq üçün də mütləq bir müddət qəzet jurnalistikasında çalışmaq lazımdır.
– İndi harada, hansı vəzifədə işləyirsiniz?
– Hazırda Rusiyadan yayımlanan “İnterAz” telekanalında Xəbərlər Departamentinə rəhbərlik edirəm.
– Gələcək planlarınız nələrdir?
– Hələlik planlarım əsasən hazırda çalışdığım televiziyayla bağlıdır. Hesab edirəm ki, 3 milyondan artıq soydaşımızın yaşadığı bir ölkədə ana dilində kütləvi informasiya vasitələrinin olması çox vacibdir. Elə dövlətlər var ki, əhalisi heç 3 milyona çatmır. Bu baxımdan, Rusiyada azərbaycanlılara məxsus xeyli sayda qəzet və jurnal olsa da, televiziya ilə bağlı boşluğu doldurmaq missiyası “İnterAz” telekanalının üzərinə düşür. Hazırda bütün diqqətimizi telekanal vasitəsilə soydaşlarımıza Vətənlə bağlı maksimum çox xəbər çatdırmağa yönəltmişik. Bu televiziyanın yaranmasından 7 ildən artıq vaxt keçsə də, bu məsələyə o qədər də diqqət yetirilməyib. Məncə soydaşlarımız Azərbaycanda nələrin baş verdiyindən xəbərsiz qalmamalıdırlar. Bu, onların Vətənlə bağlarını daha da möhkəmləndirir. Hazırda telekanal Azərbaycanda fəaliyyətini genişləndirir. Yaxın vaxtlarda yəqin ki, xəbərləri öz studiyamızdan yayımlaya biləcəyik.

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button