Antikorrupsiya rüsvayçılığı faş olur

Şamaxı rayonunda rüşvət maddəsilə həbs edilən bələdiyyə sədri demə azadlıqda imiş. Rüşvət almırmış? Bəs, niyə həbs etmişdiniz? Nə deyib azadlığa buraxdınız?

Hələ yanvarın 27-də Korrupsiyaya qarşı Mübarizə Komissiyasının rəhbəri Ramiz Mehdiyevin məşhur iclasından sonra «antikorrupsiya» kampaniyası başlayanda bunun bir şou olduğu təxmin edilirdi. Qısa müddətdə təxminlər özünü doğrultdu.

Az keçmədi ki, Vergilər Nazirliyinin «antikorrupsiyaya» qurban verdiyi «rüşvətxor və yaramaz» müfəttişlərindən bir çoxunun əslində həbs edilmədiyi, nazirlik qarşısında öhdəliyi olan şirkətlərə yüksək əməkhaqqı ilə işə keçirildiyi barədə məlumatlar yayıldı; az keçmədi ki, «antikorrupsiya şousu»nun Dünya Bankının ayırdığı bir milyard dollarlıq qrantı basıb yemək məqsədilə başlandığı haqda informasiyalar sızdırıldı; az keçmədi ki, çox kiçik məmurlara «rüşvət almayın» tapşıran və görüntü yaradan yuxarılar bunun əvəzini çıxmaq üçün növbəti göstəriş verdilər və rüşvətxorluq bir neçə dəfə yüksəldi.

Ayda bir dəfə rüşvətə və korrupsiyaya qarşı tutulanları «şəffaflıq naminə» cəmiyyətə tanıdan Baş Prokurorluq həbs olunanların sonrakı taleyi barədə niyə danışmır? «Şübhəli şəxs qismində» saxlanılan şəxslərdən «rüşvətxor çıxmayanlar»ının adları niyə ictimaiyyətə açıqlanmır?

Şamaxı rayon sakinləri məlumat verirlər ki, bu il martın 3-də dəyəri milyon manatlarla ölçülən dövlət əmlakını mənimsədiyinə görə həbs edilən Şamaxı şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov azadlıqdaymış. Həm də məhkəmənin hökmünə əsasən, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorlarına 1 milyon manat rüşvət verdiyini deyən M.Zeynallı əllərini yanına sallayıb azadlığın dadını çıxarırmış.

Budur, bunların apardığı antikorrupsiya, antirüşvət mübarizəsi, siyasi-iqtisadi islahatları, idarəetmə dəyərləri!

70-ci illərdə də eyni proses baş vermişdi. Heydər Əliyevin SSRİ-də ilk dəfə olaraq rüşvətxorluğa qarşı mübarizəyə cəsarət etməsi nəticəsində Azərbaycan rüşvətxorluqda müttəfiq respublikaları misli görünməmiş səviyyədə qabaqladı. Rəqiblərini sıradan çıxarmaq üçün istifadə edilən «antirüşvət» sayəsində minlərlə adam həbs edildi və sonradan fantastik məbləğlər alınaraq azadlığa çıxdılar.

İndi də anoloji prosesdir. Çünki İlham Əliyev, rəsmən bəyan edildiyi kimi, həmin «siyasi kursu» davam etdirir və komandası da atasının vaxtında formalaşan, o siyasi sistemdə yetişən şəxslərdir. Bunlar rüşvətxorluğa qarşı mübarizəni rüşvətin bir neçə dəfə artırılması metodu kimi dəyərləndirirlər. Şərait yaradılan, cinayətə təhrik edilən və rüşvətlə milyonlar toplayan vəzifə sahiblərini başqa hansı cür soymaq olar? Vaxtlı-vaxtında «ümumi büdcəyə» pul köçürürsə və rüşvət piramidasının başında duranlara haqqını verirsə, nə deyib həmin adamı həbs edəcəksən?  Tutaq ki, Əli İnsanov, Fərhad Əliyev «dövlət çevrilişinə» cəhd etmişdi. Bəs, hansısa rayonun bələdiyyəsi? Ucdantutma hamını «dövlət çevrilişinə» görə həbs etmək və var-yoxunu əlindən almaq olmaz ki! Yaxın-uzaq nə deyər? Deməzlərmi ki, bu ölkədə vəzifədə oturanların hamısı «dövlət çevrilişinə» cəhd edirsə, bəs, dövləti qoruyanlar kimlərdir?

Ən gözəl yollardan biridir «antirüşvət», xırda məmurların əlindəkini basıb almaq üçün düşünülmüş gözəl oyundur. Bir tərəfdən Dünya Bankının 1 milyardlıq qrantını sorursan, digər tərəfdənsə pullanmış və «gözəgörünməz» xırdaların tükünü yolursan.

Fikir vermisinizsə, tutulanlar arasında hətta orta səviyyəli məmur da yoxdur. On minlərlə rüşvət alan çinovnik Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının niyə «diqqətini çəkmir»?

Baş prokuror Zakir Qaralov «rüşvətxorluğa qarşı mübarizə lazımı səviyyədə getmir» dedi bir neçə gün öncə. Əlbəttə, lazımı səviyyədə getmir! Hələ adını yaza bilməyən o qədər bələdiyyə sədrləri var ki, torpaq satışından sözün həqiqi mənasında bir neçə on milyonlar qazanıblar! Hələ 8 il öncə divara suvaq vurmaqla dolanan elə sədrlər var ki, indi İlham Əliyevin iqamətgahında çalışan briqada ilə danışıqlar aparırlar, özlərini eynisini tikdirmək üçün! Bəs, onların cinayətlə qazandıqlarını necə əllərindən alacaqlar?

Əlbəttə, antikorrupsiya yoluyla. Türməyə göndərilənlər 300 manatla ailə saxlaya bilməyən və məcbur olub ayda bir dəfə 500 manatlıq rüşvət alan sıravi müfəttişlərdir. Amma ortada yeyib qıraqda gəzənləri həbs etmək yox, yalnız «şübhəli şəxs kimi» müvəqqəti saxlamaq» olar.

Mürvət Zeynalov kimi…

 

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button