APA-da ev siyahısı: Qan Turalı getdi, onun yerinə Şərif Ağayar təyin olundu, Vüsalə Mahirqızı danışdı

APA Holdinqin ev alan jurnalistlərinin siyahısı xural.com-da…

KİVDF tərəfindən bu ilin yayında, Milli Mətbuat günü münasibətilə veriləcək evlərin uğrunda qovğa artıq başlayıb. Bir neçə gündür bəzi redaksiyalarda olan iclaslarda gərgin durumlar yaşanır. İlk belə narazılıq dalğası “Bizim yol” qəzetində başladı və qəzetin baş redaktor müavini Elçin Rüstəmlinin istefa verərək qəzetdən getdiyi, tanınmış yazar Rəşad Vaqifoğlunun isə ciddi narazı qaldığı xəbərləri yayıldı. Amma az müddət keçmədi ki, qəzet rəhbərliyinin müdaxiləsi ilə adı çəkilən narazı şəxslər də siyahıya əlavə edildi və müvəqqəti olaraq məsələnin üstü bağlandı.

Ancaq mövzu o qədər həssasdır ki, bu narazılıq dalğasının bitib-tükənməsi gözlənilmir. Bu dəfə də bəzi media orqanlarında APA Holdinqdə baş verənlər haqqında yazılmağa başlandı. Verilən məlumatlara görə, APA-da verilən evlərə tənqidi yanaşan tanınmış yazar, kulis.az-ın baş redaktoru Qan Turalı etiraz əlaməti olaraq vəzifəsindən gedib və mübarizəsini davam etdirəcəyini bildirib.

Xural.com məsələyə münasibət öyrənmək üçün APA Holdinqin rəhbəri Vasalə Mahirqızına sorğu göndərdi. Sorğuda APA-da jurnalistlərə ev vermək məqsədilə keçirilən toplantı haqqında yayılan məlumatlara münasibət öyrənmək istədik. Aşağıdakı sualların cavablandırılmasını xahiş etdik:

Keçirilən toplantı və alınan qərarlar haqqında məlumat verə bilərsinizmi?

Neçə jurnalisti ev üçün təqdim etmisiniz?

Qan Turalı həqiqətən iclasa dəvət olunmayıb və küsüb işdən gedib?

APA ev bölüşümünü ədalətlimi edib, məlumatlar var ki, Sizə yaxınlığa görə seçim edibsiniz?

Namizədlər arasında qohumunuz varmı?”

APA Holdinq 12 jurnalisti evə təqdim edib

Qısa zaman sonra xural.com-un sorğusu Vüsalə Mahirqızı tərəfindən cavablandırıldı. APA Holdinqin cavabını təqdim edirik:

“Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) kriteriyaları açıqlamasından sonra “APA Holding”ə daxil olan üç qurumda APA İnformasiya Agentliyi, Lent.az və vesti.az saytlarında redaksiya iclasları keçirilib. Kriteriyalara uyğun olan namizədlər arasından KİVDF-nin müəyyənləşdirdiyi say tərkibinə uyğun olaraq  6 nəfər APA-dan, hər birindən 3 nəfər olmaqla Lent.az və vesti.az saytlarından namizədlər müəyyənləşdirilib.

APA-dan müyyənləşdirilən namizədlər:  

Nurşən Quliyev – APA Agentliyinin baş redaktoru, KİV-də iş stajı 18 il, APA-da 13 il

Gülşən Hacıyeva – APA Agentliyində redaktor, KİV-də iş stajı 16 il, APA-da 13 il

İxtiyar Əsgərov – APAsport Agentliyində baş redaktor, KİV-də iş stajı 13 il, APA-da 13 il

Ülkər Qasımova – APA-da mədəniyyət yazarı, APA TV-də baş prodüsser, KİV-də iş stajı 15 il, APA-da 13 il

İlkin Əhmədov – APA-Ekonomiks-də redaktor, KİV-də iş stajı 10 il, APA-da 3 il

Hafiz Heydərov – APA İnformasiya Agentliyində müxbir, KİV-də iş stajı 12 il, APA-da 12 il

Lent.az-da müəyyənləşdirilən namizədlər:

Qabil Abbasoğlu – Lent.az saytında baş redaktor, KİV-də iş stajı 25 il, lent.az-da 10 il

Kəmalə Quliyeva – Lent.az saytında redaktor, KİV-də iş stajı 22 il, APA-da 4 il, lent.az-da 4 il

Nizam Rza – Lent.az-da müxbir, KİV-də iş stajı 10 il, Lent.az-da 7 il

Vesti.az-da müəyyənləşdirilən namizədlər:

Zaur Nurməmmədov – Vesti.az saytının baş redaktor müavini, KİV-də iş stajı 15 il, 3 il APA-da, 7 il vesti.az-da

Fərid Teymurxanlı – Vesti.az saytının redaktoru, KİV-də iş stajı 14 il, vesti.az-da 7 il

Vüqar Həsənov – Vesti.az saytında müxbir, KİV-də iş stajı 10 il, vesti.az-da 8 il

 

“Ev bölüşümündə “mənə yaxın adamlar” olmayıb”

Siyahı redaksiyaların açıq iclasında formalaşıb. Mən həmin iclaslarda ümumiyyətlə iştirak etməmişəm. Bu siyahıda adı olanlar mediada hər kəsin tanıdığı, bioqrafiyasını bildiyi şəxslərdir. Onların arasında nəinki mənim qohumum, ümumiyyətlə, mənimlə eyni rayondan belə olan şəxs yoxdur. O ki qaldı, “mənə yaxın adamlar” məsələsinə, bu şirkətdə işləyən şəxslərin mənə, deməli, həm də şirkətə yaxın və doğma olmasından təbii məncə, heç nə yoxdur.

“Mən evə iddialı veyiləm”

Mənim özüm isə nə keçən dəfə, nə də bu dəfə namizədlər siyahısında olmuşam.

APA Holdinqdə kifayət qədər çoxlu tanınmış imzalar çalışır. Onlar Azərbaycan mediasının, həm də bu şirkətin inkişafına töhfələr vermiş, haqqı və ehtiyacı olan şəxslərdirlər. Lakin müəyyənləşmiş say həddi və qaydalara ən uyğun olan şəxslər kollektiv tərəfindən seçilərək siyahıya daxil edilib.

Mənim məlumatıma görə Qan Turalı başqa bir layihədə işləmək üçün saytdakı vəzifəsindən ayrılıb. Onun evlə bağlı iddiasının, hətta haqqı və ehtiyacının da olması mümkündür. Təəssüf ki, qan Turalının iş stajı hazırda KİV DF tərəfindən müəyyənləşmiş kriteriyalara uyğun deyil.

Kulis.az saytı bundan sonra yazıçı Şərif Ağayarın baş redaktorluğu ilə fəaliyyətinə davam edəcək.”

Arif Şəmistanlı ev siyahısında varmı?

Mətbuatın kuluarlarında Arıf Şəmistanlı adlı bir texniki işçinin də evə təqdim edildiyi haqqında məlumatlar dolaşır. Bu haqda da xural.com araşdırmalar apardı. Məlum oldu ki, Arif Şəmistanlı APA Holdinqin İT direktoru, eyni zamanda şirkətin vitse prezidentidir. O, şirkətin əsas sütunlarından birinə rəhbərlik edən adamdır və əvvəlcə Arif Şəmistanlının namizədliyi APA tərəfindən irəli sürülüb. Buna baxmayaraq, Arif Şəmistanlı ona veriləcək evdən imtina edib və heç vaxt adı siyahıya salınmayıb.

Qan Turalı ilə nələr baş verib?

Kulis.az saytının baş redaktoru Qan Turalıya gəlincə, onunla baş verən hadisə əsl qalmaqala səbəb olub. Vüsalə Mahirqızının dediyinə görə, onun özü nə ev tələbində olmayıb, nə də şirkət daxilində evlərin müəyyənləşdirilməsində rol almayıb. Hər şeyi əməkdaşların özlərinin öhdəsinə buraxıb və seçimi də onlara həvalə edib. Maraqlıdır ki, xural.com-un araşdırmalarına görə, APA daxilində heç bir problem də çıxmayıb. Siyahı təxminən 10 gün əvvəldən hazır olub və KİVDF-yə göndərilmək üçün vaxtını gözləyib. Qan Turalı isə yalnız 10 gündən sonra xəbər tutub və etiraz da bundan sonra başlayıb. Redaktor adının siyahıya salınmasını Vüsalə Mahirqızından tələb edib. Vüsalə Mahirqızı isə heç bir zaman kiminsə adını birbaşa siyahıya salmadığını, salmayacağını bildirib və bununla da iplər qopub. Qan Turalı vəzifəsindən ayrılıb və incik halda APA Holdinqi tərk edib. Bununla da onun Holdinqlə yolları ayrılıb. Vüsalə Mahirqızının dediklərinə görə, zatən Qan Turalı KİVDF-nin kriteriyalarına görə evə namizədlik irəli sürə bilməzmiş. Bununla da məsələ böyümədən, dərhal Qan Turalının yerinə başqa bir tanınmış yazar – Şərif  Ağayar təyin olunub və məsələ bitib.

Bitibmi?

İndi əsas sual budur. Dünən “Bizim yol” qaynayıb, bu gün APA Holdinqdə narazılıq bir redaktoru kreslosundan aparıb, “Yeni Azərbaycan” qəzetində (məsələni araşdırırıq) Vüqar Səfərli Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov haqqında demədiyini qoymayıb – qarşıda isə hələ uzun sayılacaq bir zaman var. Görünür, bu yay ev gözləyən jurnalistlər üçün isti, hətta çox isti olacaq. Hamını Qaynar Qazan gözləyir…

Xural.com

Xüsusi qeyd: Yazıda adı keçən hər kəsin cavab və söz haqqı var

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button