APA-dakı bu kart oyunundan bezdim!

Elbrus Ərud: «Özümün də nə vaxtsa xəbər qurbanı olacağıma əminəm…»

Zaur istedadlı, amma mütaliəsizdir…

Şəxsiyyətlə istedad bir-birini tamamlamalıdır, yoxsa yox?!

Elbrus Ərud. Bu cavan oğlan mətbuata gəldiyi ilk gündən diqqətimizi çəkənlərdəndir. Əminliklə söyləmək olar ki, bir zamanlar – elə indi də – «Xural» qəzetinin mətbuatda etdiklərini onun simasında internet sahəsində müşahidə edirik. Onun rəhbərlik etdiyi «qafqazinfo» ənənəvi xəbər portallarını küncə sıxışdırıb. Reytinq pillələrində aramla və durmadan irəliyə doğru gedir və bunu biləyinin haqqı, alnının təri ilə edir. Bəlkə elə buna görədir ki, Elbrus Ərudun bu əsərinə indi çoxlarını şərik edir mətbuat və həmkarlarımız. Amma bir şey dəqiqdir ki, onun xəbər portalı – «qafqazinfo» hələlik müstəqildir və onundur – Elbrusundur…

Onunla tanışlığımız çoxdan olsa da, «qafqazinfo»da bir deputatın əleyhimizə yazısını yayınlamaqla professional müstəvidə yenidən tanış olduq. Bizim aramağımızı gözləmədi Ərud. Telefon etdi və «Cavab haqqı»mız olduğunu bildirdi. Zatən düşünürdük və təbii ki, qəzetimizə verdiyimiz yazını həm də ona göndərdik. Yazıda elə məqamlar vardı ki, onu yayınlamaq yalnız və yalnız müstəqil adamların işi ola bilərdi. Elbrus Ərud Əvəz Zeynallının yazısını olduğu kimi yayınladı və «qafqazinfo»nun kimsənin olmadığını bir daha gözlərimizdə sübut etdi. Onu redaksiyamıza dəvət etdik və danışdıq…

Diktafonun nasazlığına baxmayaraq, müsahibənin tam istədiyimiz kimi yazılmamasına baxmayaraq, yenə möhtəşəm bir müsahibə alındı. Azərbaycan mediasının iri quruluşlarının haradan haraya gəldiyini bir daha dartışdıq və ünvanına səslənən fikirlərə cavab haqqı tanımaqla həmkarlarımız haqqında müxtəlif yanaşmaların şahidi olduq. Bir daha yəqin etdik ki, mətbuata – məxsusən internet mətbuatına gələn Elbrus Ərud kimi həmkarlarımızı dəstəkləmək və onların yanında olmaq lazımdır. Onlar – müstəqillər nə qədər çox olarsa, o qədər yaxşı olar və müstəqillər bizim hamımızın ağır günlərimizdə bizə dayaq olacaqlar.

Azərbaycan mətbuatının böyük gələcəkli imzalarından biri Sizin qonağınızdır, Əziz Oxucu!

Müsahibimiz «qafqazinfo»nun gənc sahibi Elbrus Əruddur…

Əvvəli ötən saylarımızda

– Deməli, Zauru xəbərə qurban verdin?
– …Xüsusilə, bu, verilişinin bağlanmasından sonraya təsadüf etdi. İnanın, birbaşa olmasa da, onun haqqında narahat oldum, ortaq dostlara telefon açdım, maraqlandım. Bu gün Azərbaycan efirində onun qədər istedadlı aparıcı tanımıram. Ancaq mütaliəsizliyi səbəbindən bəzi çatışmazlıqları var ki, gərək Zaur bu haqda əməlli-başlı düşünsün. Onun 5 barmağı var, hərəsi bir qızıldır. Adam 5 musiqi alətində ifa etməyi bacarır. Hesab edirəm ki, yaranan bu boşluqdan Zaur istifadə etməli, efirə bambaşqa, həqiqi bir dost və aparıcı kimi çıxmalıdır. Ancaq dostu itirməyin özündə də bir əzəmət var. Mənim elə qurbanlarım çox olub. İnanın, əgər Zaurun yerinə iri çaplı bir məmur olsaydı, onu çox rahatlıqla xəbərə qurban verərdim. Özümün də nə vaxtsa xəbər qurbanı olacağıma əminəm – birmənalı olaraq…
– Fikirlərinizi dinlədikcə, bu cür mətbuat adamlarının yaranmasına sevinirəm. Çünki bizdə tənqidi heç kim qəbul etmir və hamı elə düşünür ki, əgər arada hər hansı bir münasibət yaranıbsa, mətbuat ancaq onun lehinə xəbər yaymalıdır. Ancaq əsl mətbuat bu deyil. Şükür ki, artıq ölkəmizdə belə mətbuatın sayı artır…
– Düşünürəm ki, bizim ən böyük problemlərimizdən biri heç nəyi aidiyyatı üzrə qiymətləndirməməyimizdir. Mən APA-da oturub, ayın axırını gözləyib, məvacibimi alıb, evimə daha rahat gedə bilərdim. Bir vaxtlar APA-da «aylıq mükafatlar» olanda, onu hər zaman mən almışam. Mənim bir jurnalist kimi nə qədər əlim klaviaturada işləyirdisə, APA durduqca mən də orada işləyə bilərdim. Amma mən APA-da bu kart oyunundan bezdim. Gördüm ki, bu redaksiyada demək olar ki, hamı ayın axırını gözləyir. Bu isə çox təhlükəli məsələ idi. Kart əlimdə ayın axırını gözləməkdən yoruldum. Yəni iş, onu görmək üçün potensialım varsa, niyə ayın axırını gözləməliyəm ki? Bunun özü də insanın azadlığını, hərəkətini məhdudlaşdırır. Mən elə bilirəm. Aqşin «Azercell və qarı» adlı bir yazı yazmışdı. «Azercell»dən reklam almaq ərəfəsində olduğumuza baxmayaraq, mən o yazını verdim və mən düşünürəm ki, Aqşin Azərbaycanın ən istedadlı yazarlarından biridir.
– Seymur Baycan isə deyir ki, təcrübəsizdir…
– Seymur Baycan nədən düz deyir? Çünki Seymur Baycanın özü də çox istedadlı adamdır. Amma mən onun fikri ilə razılaşmıram. Bilirsinizmi, biz çox bədbəxt adamlarıq ki, hələ də cəmiyyətdə insanların şəxsiyyəti ilə onların istedadlarını qarışdırırıq. Ona görə də qabağa gedə bilmirik.
– Şəxsiyyəti olmayan istedadlı bir insanın bu millətə nə kimi xeyri dəyə bilər?
– Mən qətiyyən bu fikirlə razılaşmıram.
– Məsələn, Zəlimxan Yaqub şeirlərində rüşvətxorluğun, korrupsiyanın əleyhinə olan mövzulara toxunur, vətənpərvərlikdən yazır. Zəlimxan Yaqubun şeirlərini oxuyanda adamın damarında qanı donur. Amma…
– Əgər Zəlimxan Yaqubun yaradıcılığı insanların qanını dondurmaq qədər böyük gücə malikdirsə, artıq onun şəxsiyyətinin nə cür olması o qədər də vacib deyil.
– Misal üçün Zəlimxan Yaqubun adını çəkdim…
– Əgər istedadlı bildiyimiz adamın yazdığı keyfiyyətli, mahiyyəti dərin, özü gözəldirsə, amma şəxsiyyəti yoxdursa…
– Demək istəyirsiniz ki, məqbuldur?
– Çox böyük məqbuldur. Niyə? Çox istərdim ki, Azərbaycanda bir məmur öz işini çox gözəl bilsin və o işi çox yaxşı aparsın, amma onun şəxsiyyətinin olub-olmaması cəhənnəmə olsun…
– Şəxsiyyəti olmayan adam öz işini necə keyfiyyətli görə bilər? Şəxsiyyətsiz adam millətini necə sevə bilər? Millətini sevməyən adam bu millətin xeyri üçün nə iş görə bilər?..
– Məsələn, Əliağa Vahid… Hesab edirsiniz ki, Əliağa Vahidin özü çox şəxsiyyətli adam olub?
– Mən onun şəxsiyyəti haqqında heç nə bilmirəm…
– Hər bir halda müsbət imicə malik deyil. Ancaq bu gün Azərbaycan muğamı ona borcludur. Bütün muğam ustaları Vahidsiz keçinə bilmir. Tutaq ki, Əliağa Vahid şəxsiyyətli adam olsaydı, içib özünü itirməsəydi, amma şair də olmasaydı, biz nə qazanacaqdıq ki?..
– Amma onun şəxsiyyətinin necə olması yalnız onun özünə ziyan vurub. O, başqalarına ziyan gətirəcək qədər şəxsiyyətsiz adam olmayıb. Cəmiyyətin çirkinliklərindən yazıb və haradasa etirazını bildirib. Dolayısı ilə cəmiyyətin dərdləri ilə həmrəy olduğunu nümayiş etdirib…
– Bəs, Anar necə? Əkrəm Əylisli necə? Bəyəm, onlar elə ideal insanlardır?
– Onların vətəndaş mövqeyi yoxdur…
– Amma mən hesab edirəm ki, Əkrəm Əylisli bu gün Azərbaycan ədəbiyyatının ən böyük adamlarından biridir. Və mən hesab edirəm ki, onun sözünə qiymət vermək lazımdır, şəxsiyyətinə yox. Özünə evində ailəsi qiymət versin, yaradıcılığına da cəmiyyət…
– Bir insan necə şəxsiyyəti, ləyaqəti, ictimaiyyətə, həyata baxışı ilə nataraz olub, böyük və faydalı ola bilər? Məhəmməd peyğəmbər deyir ki, əgər qonşunda bir insan gecəni ac yatırsa, sən toxsansa, rahat yatmamalısan. Mən dindar deyiləm, amma bu fikirlə razılaşıram. Necə cəmiyyətin ac olduğu bir dönəmdə, sənin üçün rahat olan bir sığınacaq tapıb, başını gizlədə bilərsən? Özü də əgər söhbət ictimai xadimlərdən gedirsə… Azərbaycan xalqına məxsus milyardlarla manat səfalət içərisində yaşayan insanların gözləri qarşısında fasadların üzlənməyinə xərclənirsə, mərmərə verilib yollara döşənirsə, bu millətin dövlətdə qalan əmanətləri min bir bəhanə ilə qaytarılmırsa, əvəzində onun ac qalması üçün hər gün ərzağın qiyməti qaldırılırsa, necə rahat-rahat bu mənzərəni seyr edib, xalqın yanında olmamaq olar?! Mən nə konkret olaraq Əkrəm Əylislinin, nə Anarın, nə də digərlərinin adını hallandırmıram. Ümumiyyətlə, bu gün Azərbaycanda belə bir ab-hava var. Yəni insan necə şəxsiyyətsiz olub, istedadlı ola bilər?! Axı cəmiyyətin özü də belə «istedadları» artıq qəbul etmir. Yalanlardan bezib cəmiyyət. Bu adamların yazdıqlarının bu millətə nə kimi xeyri dəyə bilər? Bax bunu anlamaq çətindir…
– Burada bir məqam var. Sizin dediyiniz vətəndaş mövqeyidir. Təbii ki, çox yaxşı olardı Azərbaycanda yaşayan bu cür istedadlı adamlar həm də xalq arasında vətəndaş mövqeləri ilə seçiləydilər. İstedadlı satqın olmayaydılar. Belə olardısa, çox yaxşı olardı. Amma çox təəssüf ki, belə deyil. Mənim sözümün canı odur ki, mənə Əvəz Zeynallının istedadlı olması, onun cəmiyyətdə necə kişi olmasından daha çox lazımdır. Onun nə cür ata, ailə başçısı olmasının mənə aidiyyatı yoxdur. Bunlar məni maraqlandırmır. Mənə Əvəz Zeynallının yazdığı yazıların cəmiyyətə nə kimi xeyir verməsi lazımdır…
– Söhbət də ondan gedir ki, elə adamların cəmiyyətə xeyri varmı? Məncə, şəxsiyyətlə istedad bir-birini tamamlamalıdır. Şəxsiyyəti olmayan adam ali dəyərlərdən nə yaza bilər?
– Bunları bir arada tapmaq çətindir. Bu gün Azərbaycanda saf insan, bütöv şəxsiyyət yoxdur. Hərdən mənə elə gəlir ki, bu, aparılan siyasətin bir nəticəsidir. Təmiz imicli jurnalist, təmiz imicli yazıçı, təmiz imicli millət vəkili, təmiz imicli məmur tapmaq mümkün deyil.
– Təəssüf ki, yoxdur. Bu, hökumətin siyasətidir…
– Adama elə gəlir ki, məhz belə adamlar cəmiyyətdə duruş gətirə bilirlər. Biz hətta qəhrəmanlarımızı belə birmənalı şəkildə qəbul edə bilmirik. Ramil Səfərovun əslində düz hərəkət etmədiyini, ondansa Azərbaycana daha faydalı işlər görə biləcəyini deyirik. Bu mövzunu polemikaya çeviririk. Amma əslində, onun göstərdiyi qəhrəmanlıq da uca zirvədir. Görürsünüzmü nə qədər iyrənc adamlarıq hamımız. Niyə? Mübariz İbrahimov qəhrəmandır, ona da əl uzadanlar var. Onun zirvəsinə qalxmaq istəyib, qalxa bilməyənlər ən iyrənc üsullarla Vətən qarşısındakı xidmətlərini alçaltmağa çalışırlar. Bu gün Azərbaycan cəmiyyətində insanların üz tuta biləcəyi bir kişi – bütöv, tamamlanmış bir şəxsiyyət yoxdur. Bu, mənim birmənalı və qətiyyətlə bildirdiyim fikirdir. Hamının bir problemi var. AYO-nun sədrinin problemi var, ən görkəmli yazıçı olan Əkrəm Əylisli də problemlərdən yaxasını qurtara bilmir. Ən istedadlı jurnalist, millət vəkili Aqil Abbasın, Rəşad Məcidin o qədər problemləri var ki… Düzdürmü, sizin də problemləriniz var?
– Əlbəttə…
– Etibarın da problemləri var – məsələn, deyirlər ki, hakimiyyətə yaltaqlanır. Elbrusun da problemləri var. Hələ araşdırsan, bu problemlərin sayı digərlərininkindən daha çoxdur. Bayaqdan 50 söz deyirik ki, Vüsalə ev tikib, maşın alıb, filankəsin dalında gizlənib… Bu azmış kimi, sanki bir tarix bazarı da açılıb və girişmişik tarixi şəxsiyyətlərə… Şah İsmayılı ləkələyirik, Məhəmməd Əmin Rəsulzadəni ləkələyirik. Niyə? İnsanlar tapınmağa yer axtarırlar…
– Əslində, indiki siyasət də buna yol verir, hamının gözdən düşməsi üçün çalışır…
– Bu gün Azərbaycanda bütöv şəxsiyyət, bütöv istedad tapmaq mümkün deyil. Hesab edirəm ki, bu gün onunla fəxr etməliyik ki, hələ də istedadlı yazarlarımız var. Mən onların qələminin qarşısında baş əyirəm. Elə Seymur Baycanın, Aqşinin də qələminə inanıram, tapınıram. Mənim ən böyük arzum odur ki, Azərbaycanın ən istedadlı adamları ilə birgə portalımda işlərimi qura bilim. Mənim ən böyük arzum budur. Mən inanıram ki, Allah-Təala da mənim bu arzumu nə vaxtsa həyata keçirəcək. Mən istəmirəm ki, Rey Kərimoğluna, Hikmət Sabiroğluna rəhbərlik edim, əksinə, mən istəyirəm ki, onların imkanlarını o səviyyədə genişləndirə bilim ki, onlar nə istəyirlərsə onu da yaza bilsinlər. Biz çox bədbəxt adamlarıq. İnsanlara söz demək azadlığını da çox görürük. Türkiyədə hamı bir-birinin qabırğasına döşəyir, nə olur ki? Bir insan sözünü deyə bilərsə, onun içində də mənfi bir şey qalmaz. Qardaşım, buna imkan yaratmaq lazımdır. Ailədə demokratiya yarat, qoy arvad üzünə söysün, əgər söyülməyə layiqsənsə… Elə adamlar var ki, yazı yazırlar, xoşlarına gəlməyən şərh gələn kimi dərhal zəng vurub xahiş edirlər ki, bəs o şərhi oradan çıxarın. Bəzilərini çıxarıram da. Niyə? Çünki əks təqdirdə işləmək olmur, gərək işləməyəsən. Amma unutmur ki, əgər sənin dediyin söz o yazılan şərhdən zəifdirsə, o şərh sənin yazdığın sözü üstələyəcəksə, elə səni söysələr yaxşıdır. Tutaq ki, Etibar Hüseynovun yazdığı köşələrin altında yüzlərlə şərhlər var ki, bunun da çox hissəsini söyüşlər təşkil edir. Düzdürmü? Mən hələ onu çox dözümlü insan bilirəm. Həqiqətən də dözümlüdür. Bəzən bəzi şeylərə etirazını bildirsə də, bəzi şeyləri də mən qəbul etmirəm. Etibar Hüseynovun yazdığı bir köşəyə yüzlərlə Oxucu səviyyəsində etiraz gəlirsə və Oxucu şərhləri bu yazını üstələyirsə, elə o köşə söyülməyə layiqdir. Bu köşə mənimki də ola bilər, səninki də…
– Təbii ki… Tənqidlərə dözümlü yanaşmaq lazımdır, nəticə çıxarmağı bacarmaq lazımdır. Çörçill deyirdi ki, dünyanın ən iyrənc idarəetmə üsullarından biri demokratiyadır, amma bəşəriyyət hələ bundan yaxşısını kəşf etməyib…
– Bəli… Bəli… Dünyada azadlıqdan, rahatlıqdan, sərbəstlikdən gözəl nə var ki?
– Yəni siz də heç bir yerdə «fövqəladə vəziyyətin yaranmasını» istəmirsiniz?!
– Amin, ya rəbbim…
– «Qafqazinfo» ilə bağlı nə kimi planlarınız var?

Sonu gələn sayımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button