APA’nın ”kitayski” mənbəyə istinadı

həbib müntəzir1Son illər beynəlxalq mətbuatda “informasiya müharibəsi” adı altında bir çox dezinformasiya və saxta məlumatlar yayan orqanlar və saytlar surətlə yayılmaqdadır.

Biz bunun bariz nümunəsinin Rusiya-Ukrayna savaşında daha çox şahidi olduq. Yeni açılan rusiyameyilli saytlar, səhifələr yalan və saxta məlumatlarla, bu işin sözün əsl mənasında peşəkarına çevrildilər.

Azərbaycandakı hakimiyyət də hər zaman olduğu kimi öz şimal qonşusunda olan bu saxtakarlıqla yoğrulmuş dəyərləri bizdə tətbiq etməyə və aşılamağa həvəslidir. İstər troll insanlar vasitəsilə, spamlar yollayaraq hücümlar təşkil etməklə, istərsə də yalan mənbələrə istinad etməklə, yalan xəbər uydurmaqla bunu reallaşdırırlar.

Bunu ən yaxşı və fərasətlə edən isə telekanallarımızdır. Son günlər sosial şəbəkələrdə, Meydan TV olaraq ölkədəki hakimiyyətin ruporu olan kanalların saxtakarlıqlarını üzə çıxarırıq. Bizim məqsədimiz kimisə, nəyisə gözdən salmaq yox, həqiqəti ictimaiyyətlə paylaşmaqdır. Düşünürəm ki, normal media məhz bunu etməldir.

Bu dəfə isə hər zaman peşəkarlıqdan, dürüstlükdən, jurnalistikanın etik qaydalarından danışan APA İnformasiya Agentliyi saxtakarlığa əl atmağa məcbur oldu. Agentliyin rəhbəri Vüsalə Mahirqızı dəfələrlə istər mediada olsun, istər sosial şəbəkələrdə, özünü və agentliyini peşəkarlığa, düzgün informasiya çatdırmağa iddialı olaraq, yerə-göyə sığdırmır.

Amma nə etsinlər, vəziyyət çox ağırdır. İstər ölkədəki 2-3 vicdanlı media, istərsə də beynəlxalq mediadakı dürüst tərəfdaşlar, Əliyevlər hakimiyyətinin Avropa Oyunlarından istifadə edib, xalqımızın sərvətini talayaraq öz imiclərini, ailə üzvlərinin reklamına çevirdiklərini yazmaya, tənqid etməyə bilməzdilər.

Bu ifşaların müqabilində mütləq saxtakarlığa əl atmaq lazım idi. Və budur, APA öz saytında belə bir məqalə dərc edir: “Almaniya qəzeti Qərb mediasında Azərbaycan əleyhinə aparılan kampaniyanı ifşa edib”. Məqaləni bütövlükdə buradan oxuya bilərsiniz.

Məqalədə iddia olunur ki, Almaniyanın “Berlinertageszeitung” qəzetində alman mediasının ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumları tənqid olunub. Sən demə, əslində Almaniyada rəsmi olaraq “Berlinertageszeitung” adlı qəzet, ümumiyyətlə, mövcud deyilmiş. Bu adda qəzet dərc olunmur və soruşduğumuz bir neçə berlinli jurnalist belə bu qəzetdən xəbərsizdirlər.

Əslində isə nə baş verib? Almaniyada “Berliner Zeitung” və ayrıca “Tages Zeitung” adlı iki qəzet var. Bir rusofil, alman olub-olmadığı bilinməyən adam isə bu iki qəzetin başlığını birləşdirərək, “Berlinertageszeitung” adlı saxta online qəzet düzəldib.

Düzü, bu dırnaqarası alman qəzetinin saytına daxil olanda belə, onun hansı keyfiyyətə malik olduğunu görmək olur. Hətta Vüsalə Mahirqızı ilə eyni dəyərləri paylaşan, həmkarı, şəxsən nifrət etdiyi Aynur Camalqızının saytları belə bu saytdan daha səviyyəli və keyfiyyətlidir. Hətta Ruslan Bəşirlinin, Eynulla Fətullayevin saytları belə bu saytdan daha nüfuzlu və keyfiyyətlidir.

“Berlinertageszeitung” saytına daxil olduqda isə orda Putini tərifləyən məqalələrin olduğunu, Çeçenistana, Abxaziyaya səyahətlərin təşkil edildiyi reklamların, Avropada sanksiya tətbiq olunmuş və qadağan edilmiş firmaların elanlarından tutmuş, Şimali Koreyaya səyahət bannerinə qədər yerləşdirilməsinin şahidi olarsınız. Əslində bir-birlərini çox yaxşı tamamlayan, eyni təfəkkürə sahib ölkələrin, belə saxta platformada mədh edilməsi, bu saytın mahiyyətini çox yaxşı ortaya qoyur.

İlhamlandırıcı sevgi – Şimali Koreyaya xoş gəlmisiniz

Fəqət ən maraqlısı saytın “Haqqımızda” bölməsində çox xırda hərflərlə yazılanlardır. Burada saytın nömrəsi, bəlkə də yerləşdiyi ünvan və e-mail adresləri var. Sayt Çində qeydiyyata alınmış şirkətə məxsusdur, telefon nömrəsi çin nömrəsi və əndrəbadi e-mail adresi isə list.ru adlı sayta aiddir:

Bəli, hər zaman yüksək dəyərlərə arxalanan, peşəkarlıqdan dəm vuran Vüsalə xanım Mahirqızı o vəziyyətə düşüb ki, artıq “kitayski” mənbələrin ümidinə qalıb. Vəziyyət bu qədər acınacaqlıdır yəni? Əslində burda təəccüb olunası bir şey də yoxdur. Dəfələrlə saxta araşdırmalarla, bir çox istinadsız xəbərlə özlərini qismən yandırıblar. Sadəcə bunu çox açıb-ağartmamışam, bu dəfə isə ağ oldu.

Doğrusu, bu rejimə muzdlu olan heç bir media orqanının, dürüstlükdən, dəqiqlikdən, qərəzsizlikdən dəm vurmağa haqqı belə yoxdur. Çünki bunların xəmiri yalanlarla, oğurlanmış pullar və saxtakarlıqlarla yoğrulub, sən necə onun ruporu ola-ola təmiz ola bilərsən ki? Səni də nə vaxtsa çirkin əməllərinə alət edəcəklər, necə ki, etdilər. Çox təəssüfləndirici və acınacaqlı durumdur.

Yalan və saxtalıqla qurulan hər bir şey fırıldağa, əyriliyə, saxtakarlığa möhtacdır və daim onunla özünü qorumağa çalışar. Azərbaycan hakimiyyəti də bu dəyərlər üzərində qurulduğundan xalqa yalan sırımaq, uğursuzluqları ört-basdır etmək üçün saxtakarlıq etməyə ehtiyacı var. Bizim də vəzifəmiz xalqı aldadanları, ona yalan danışanları ifşa etmək və düzgünlüyü çatdırmaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button