Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı

27.01.2012

Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı iki məhkəmə prosesi keçirilib. Ə.Zeynallının vəkili Mənsum Bayramovun verdiyi məlumata görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə baş redaktorun istintaq müddətinin aprelin 20-dək daha 2 ay 23 gün uzadılmasından verilən şikayətə baxılıb. Apellyasiya Məhkəməsinin hakimi Nəsimi rayon Məhkəməsinin bununla bağlı çıxardığı qərarı qüvvədə saxlasa da, iddiaçı tərəfə son xəbərdarlığını bildirib və bir daha bu müddətin uzadılmayacağı haqda xəbərdarlıq edərək, işi vaxtında məhkəməyə verməyi tələb edib.

Hakim Mirpaşa Hüseynovun sədrliyilə keçirilən ikinci prosesdə isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsilə bağlı baş redaktorun şikayətinə baxılıb. Vəkilin sözlərinə görə, Ə.Zeynallı əvvəllər də ona qarşı qaldırılan məhkəmə proseslərində haqqında “ədalətsiz” qərar çıxaran hakim Mirpaşa Hüseynovun yenidən onunla bağlı işə baxmasına etiraz edib və bu məsələ ilə bağlı vəsatət qaldırılıb. Ə.Zeynallı bildirib ki,  onun dəfələrlə Apellyasiya Məhkəməsinə şıkayətləri daxıl olub və bu şıkayətlər əksər hallarda məhkəmənin hakimləri tərəfindən təmin olunmayıb.

Zəruri qeyd: Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması ilə bağlı 16-cı maddəsinə əsasən, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.

Lakin Ə.Zeynallı öz qanuni haqlarından belə istifadə edə bilməyib. O, əvvəllər də onun işini aparan hakimin bu dəfə yenidən işə baxmasına etiraz etsə də, hakim vəsatəti qəbul etməyib və bunu da onunla izah etməyə çalışıb ki, Apellyasiya Məhkəməsində hakimlərin sayı məhduddur. Ə.Zeynallı bu məsələnin onun deyil, Ədliyyə Nazirliyinin problemi olduğunu xatırladıb.

Bundan sonra vəkil məhkəmə prosesində hakimə Ə.Zeynallının ictimai təhlükə doğurmadığını və bu səbəbdən də onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac olmadığını bildirsə də, o, birinci instansiya – Nəsimi rayon Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.

Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair “audioyazı” təqdim edərək şikayət etməsi səbəb olub. Halbuki rəsmi ekspert rəyi əvvəldən sonadək bu faktı təsdiqləməsə də son nəticədə “hansısa sövdələşmənin olduğu”nu ehtimal edib, lakin G.Əhmədovanın baş redaktoru rüşvətə təhrik etməsi faktını ört-basdır edib. Qanun ehtimallar üzərində qurulmadığından və G.Əhmədovanın himayədarları tərəfindən “audioyazı”dan çıxarılan təklifləri AR Cinayət Məcəlləsinin  312.2 maddəsilə məsuliyyət daşıdığı üçün vəkillər “audioyazı”nın Azərbaycanın sərhədlərindən kənarda təkrar ekspertizadan keçirilməsini tələb ediblər.

Xatırladaq ki, Ə.Zeynallı dəfələrlə audioyazının ictimaiyyətə açıqlanmasını tələb etsə də, Korrupsiya İdarəsi bu “faktı” sonadək məxfi saxlamağı lazım bilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button