Apellyasiya Məhkəməsi də jurnalistə “stop” qoyulmasını əsaslı saydı

Bakı Apellyasiya Məhkəməsi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.

Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə bu gün, sntyabrın 27-də baxılıb. Bu haqda jurnalist özü məlumat verib.

Prosesdə çıxış edən jurnalistin vəkilləri Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulması üçün qanuni əsasların olmadığını bildiriblər. Onlar məhkəməyə deyiblər ki, jurnalist bir neçə dəfə prokurorluğa çağırılıb, ifadəsi alınıb. Ancaq jurnalist bütün işlərə şahid qismində dəvət edilib. Qanunvericilik isə şahid qismində dəvət edilmiş şəxslərin hərəkət azadlığının məhdudlaşdırılmasını nəzərdə tutmur.

Ancaq hakim Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə kollegiyası jurnalistin vəkillərinin arqumentlərini əsaslı hesab etməyib. Nəsimi Rayon Məhkəməsinin Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan qərarı qüvvədə saxlanılıb.

Jurnalist qərarla razı olmadıqlarını, yuxarı məhkəməyə şikayət edəcəklərini bildirib.

Ş.Çobanoğlu son 2-3 ildə “Azadlıq” qəzetinin, həbsdəki jurnalist Əfqan Muxtarlının işləri və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanılan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin sözlərinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar.

AİHM 2017-ci ilin sonundan etibarən onların şikayətlərini araşdırmağa başlayıb. AİHM bu şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button