Apellyasiya məhkəməsi radionun açılmasından imtina Ilə bağlı iddianı təmin etmədi

Martın 3-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə radio üçün lisenziyanın verilməsindən imtina etmiş Milli Televiziya və Radio Şurasına qarşı iş üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesdə iddiaçılardan Rəsul Cəfərov, o cümlədən Milli Televiziya və Radio Şurasının nümayəndələri iştirak edirdilər.

Cəfərov yeni sübutun təqdim edilməsi ilə bağlı hakimə ərizə təqdim etdi, izahatında isə bildirdi ki, təcrübədə Milli Televiziya və Radio Şurası müsabiqədənkənar, yalnız müraciət əsasında lisenziyanın verilməsini həyata keçirib. Buna misal olaraq Cəfərov Milli Televiziya və Radio Şurasının 2009-cu ilin martında “Azad Azərbaycan” Şirkətinin müraciəti əsasında bu şirkətə “ATV İnternational” telekanalının yayımı üçün 6 illik lisenziya verilməsini göstərmiş və bu qərarı iddiaçıların xeyrinə sübut kimi qiymətləndirilməsini xahiş etmişdir.

Hakim müşavirədən sonra şikayəti təmin etməyib, iddiaçılar RATİ-yə kassasiya şikayəti verəcəklərini bildiriblər. Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”nin sədri Cəfərov Rəsul və müstəqil jurnalist Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə 2010-cu ilin aprelində Milli Televiziya və Radio Şurasına müraciət ediblər. Milli Televiziya və Radio Şurası kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar Milli Televiziya və Radio Şurasının hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər. Səbayel rayon Məhkəməsi 2010-cu ilin avqustunda bu iddianı təmin etmədiyindən iddiaçılar apellyasiya şikayəti vermişdilər.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button